HAMAM
Hamam...
Sanki adi bir şeydir...
Hamamda çimirlər, bədənlərini təmizləyirlər. Bu, hər yerdə, həmişə belədir. Lakin Tiflisdə hamam?!.
O həddindən artıq orjinaldır və ələlxüsus, Tiflissayağıdır.
Xan oyunu, Amkroba, Aşuğoba, Yumruq davası, Arifana (Arifana bayramlarında çobanlar mal-qarasını otardıqları ailələrə baş çəkir və azuqələr (əridilmiş yağ, yumurta, çörək) yığırdılar. Topladıqlarını çölə aparırdılar. Orada yemək hazırlayır və yeyib-içirdilər. Buna arifana deyirdilər - M.M.), Riqispuri (Böyük ziyafət. Rusiya üsul idarəsi daxil olana kimi Tiflisdə növbə ilə çörək vermə, daha doğrusu, dost-tanışlar üçün növbə ilə süfrə açmaq bir qayda idi. Birinə üç ayda bir dəfə növbə gələr, ya gəlməzdi. Əyləncənin və bir-birinə yaxınlaşmağın ən yaxşı üsulu idi - M.M), Oba (Xatoba, Cvaroba - M.M.), qəhvəxanalar, şifahi nitq, küçə tamaşaları, şənlik bağları, Kürün sahilləri və sair – dədə-babadan bizə gəlib çatan bütün bu adətlər, əyləncələr, ənənələr öz mahiyyəti ilə özünəməxsus kultu, bir növ tiflislilərin avarqoz (Mövhumatçılığa görə, müalicəvi qüvvənin və ya himayəçinin xüsusiyyətlərinin yazıldığı və sinədən asıldığı əşya - M.M.) kimi bağırlarına basdıqları və göz bəbəyi kimi bu qaraçoxelilərin içki düşkünlüyü ənənəsi özünü fəda etmənin ehtiyatla qoruyan dini meyxoşluğu yaradır.
Onlar üçün nə gecə var, nə gündüz:
“Mən ki, sərxoşluq edirəm, sənə mane olmuram ki, qardaşım,
Cənablar, ya da sən, ey xeyirxah insan!
Əzab-əziyyətlə, halallıqla bir loxma çörək tapıram,
Bütün həftəni bax, beləcə tərimi silirəm,
Bazar günü isə dostlarımın arasına çıxıram.
Göy qaraçoxeli papağını başına yan qoyuram.
Bizim oğullarımız quş kimi doğulur.
Bu gün tapdım, bu gün yeyirəm, xoşbəxtəm!
Oh, nə deyim, o milyonun sahibinə,
Qutuda pulu bağlayır, özü ölür acından!
Mən daim sərxoşluq edirəm, sənə mane olmuram ki, qardaşım?
İçən uşaqlarda, di, pis nə gördün?
Mən də kişiyəm, mənə belə niyə baxırsan?
Mən də başıma örtmüşəm namus papağını!” (Avksenti Saqareli, “İveriya”, 1885-ci il, № 1).
Qaraçoxeli həmişə ilk hisslə və ilk təəssüratla yaşayır.
Çox hallarda o bütün həftənin gəlirini bir gündə havaya sovurur:
“Bütün həftəni tərimi hey belə silirəm,
Bazar günü isə dostlarımın arasına çıxıram.”
Tiflisli yeyib-içməyi sevir, o, öz həyatının ən yaxşı anlarını bu “içki içmələrə” qurban verir.
Serqi Mesxi – bu ilk gürcü publisisti – bir şəhər qaraçoxelisini bu sözlərlə xarakterizə edir: “Qəm-qüssəsizdir, yeyib-içməyi sevəndir, əliaçıq və quş kimi qayğısızdır. Çörək və şərabı varsa xoşbəxtdir və əgər üstündə də motal pendiri və xiyar da varsa, onda bu dünya onun vecinə deyil. Ortacala bağı onun arenasıdır! Yalnız bu gün bir loxma çörək olsun, sabah Allah kərimdir! Tay-tuşları, dostları üçün özünü öldürmək bir quruşa da dəymir. Harda haqsız bir şey görsə bağırar, xeyir iş üçün, kim olur olsun, boynuna sarılar, qucaqlayıb öpər. Ona israrlı kimi görünməyin, yoxsa başına elə cür gülər ki, qəlbimi sındırar. Nəsə ona bir təhqir yetirsən, doqquz kiloluq yumruq hazır varıdır” (Bax: Serqi Mesxinin əsərləri, S. Pirtsxalavanın nəşri).
Qaraçoxelilər özlərinin sağlam təbiətlərində böyük enerji daşıyırdılar və bu dəryaya dönmüş imkanı bilmirdilər hara sərf edələr.
Budur, elə götürək hamamı da!
Birbaş insan dəhşətə gəlir, necə sağ-salamat ürəyi və zədəsiz ciyərləri vardı bu camaatın ki, meyxoş və sərxoş halda hamama gedirdilər və axan kükürdlü suyun atmosferasında, demək olar ki, iyirmidörd saat ərzində kef çəkir, vaxt keçirirdi!
Qədimdə hər qaraçoxeli o qədər sağlam, sifəti qıp-qırmızı və yanaqlarından qan damırdı ki, sanki hər yay yaylağa getmək əvəzinə artıq qanı çıxartmaq üçün hamama gedirdi və qəşəngcə qırxılmış boynuna kotoşi (Öküz buynuzu və ya da “uzun saplaqlı balqabaq, boyuna qoyulan sülüklərin üstünü örtürdülər “xarab qanı” yığmaq üçün - M.M.) qoydururdu.
Hamam qaraçoxeli üçün bohemanın elə bir tərkib hissəsi idi ki, onsuz da kefi kef hesab etmirdi. Buna görə də onların bağlarda başlamış kefi, şəksiz, hamamda başa çatırdı.
Əvvəllər hamam onu arzu edənlər üçün həmişə açıq idi. Camaat səhərdən axşama kimi orada qala bilirdi. Hamam bəzən şəhərə gələn kəndli üçün mehmanxananı da əvəz edirdi: Malı ağıla bağlayır, özü isə iki şaa pula bütün gecəni hamamda rahatca yatırdı. Əlbəttə, qışda bu ucuz sığınacaq daha xoşagəlimli olurdu.
Qadınlar hamama həftədə bir neçə gün ayırmışdılar. Bir gün qadınlar çimirdi, o biri gün isə kişilər. Hovuzlar əvəzinə qayanın oyulduğu və hamamda isə məşəlin yandığı vaxtlar da olub.
Qədimdə qızla oğlan hamama birgə getmirdilər. Əksinə, qadınlar cəhd edirdilər ki, onların hamama getdiyini kişilər görməsinlər. Buna görə də hamama gedəsi olan qadınlar sübh açılanda səhər tezdən gedirdilər, axşam şər qarışanda qayıdırdılar. Qadınlar hamama təkcə çimməyə getmirdilər, özləri ilə yuyulası paltarları da aparmalı idilər. Yuyulası paltarı boxçaya doldururdular, dükan şəyirdlərinin çiynindən asırdılar. Toxmağı da (islanmış paltarı döyəcləmək üçün - M.M.) əlinə verirdilər və odur ki, özlərinin çoluq-cocuqlarını qabaqlarına qatırdılar və bütün karvan hamama yola düşürdü.
Burda isə həmişə bir əndişə baş verirdi: Yerdən ötrü savaş, söz-gap, dava-dalaş başlayırdı. Dolçalarla, toxmaqlarla dalaşırdılar, bir-birlərinin saçlarını yolurdular. Bir-birinə qarğış tökürdülər. Əcdadları da yaddan çıxartmırdılar. Ölüləri qəbirdən çıxardırdılar, dirilərə lateyir tökürdülər. Bir sözlə, onda heç bir əyləncə olmurdu və bu qadınlar da “böyük məmnuniyyətlə” hamamda vaxt keçiridilər!
Qadınların ümumi hamamı olaraq yalnız Qala hamamı adlanan hamam hesab olunurdu və burda olan nizamsızlıq, darısqallıq və çirklik heç yerdə yox idi. Əgər bir yerdə dalaş və çığır-bağır düşürsə deyirlər: “Xocanın hamamıdır?”
Bu Qala hamamını eləcə də xədim Xoca Ağa Məhəmməd şah Qacarın hamamı adlandırırdılar. O, Tiflisi alarkən (1795-ci ildə) bu hamama girərək, “Tiflisin gözəlliyinə heyran olur, bir an belə bulanmayan, müalicəvi müqəddəs su onun xoşuna gəlir”. Lakin düçar olduğu xəstəlikdən müalicə oluna bilmədiyinə görə hirslənmiş və elə bu hamamların da yerlə yeksan edilməsini əmr etmişdir (Teymuraz Batonişvili, “Siskari”, 1862-ci il, sentyabr, səh. 17.)
Yenə bizim çimən qadınlarımıza qayıdaq.
Yarı kölə qadınlar, çadraya bürünmüşlər və ərlərindən qorxanlar nə ilə əylənməli idilər? Hara gedəydilər? Onların əyləncəsi kilsə və hamam idi ki, burada da sərbəst şəkildə bir-birini görə, qeybət qıra, söhbət edə bilərdilər.
Bu qadınlar üçün bu məşhur deyim yad idi:
“Danışmaq gümüşdürsə, susmaq qızıldır”.
Onlar hər yerdə həmişə danışırdılar. Bu hamam da onların lağ-lağı yeri idi. Ərəblərin bir atalar sözü də var: “Əgər söhbət istəyirsən hamama get!”
Hamamda qadınlar bütün günü qalırdılar. Elə orada qəlyanaltı və nahar edirdilər. İmkanlı ər öz arvadına hamama nahar göndərirdi. Ələlxüsus, həmin gün üçün sifariş olunan fırın tavasını və ya qapaqlı gil qab ilə buğlama. Bəzisi isə hamamın pilləkanında boynu bükük halda oturub yavan pendir-çörəyini ləzzətlə yeyirdi.
Sonra çay içmə başlayırdı. Hamamın paltar dəyişdirilən dəhlizində dişi tökülmüş qoca qarı kimi zümzümə edən nəhəng samovar dururdu. Samovarın ətrafında çay stəkanları əsgərlər kimi sıralanmışdılar və yanlarında tüfənglər əvəzinə qaşıqlar düzülmüşdü. Samovarın başında isə ata minmiş baş sərdar kimi çaydan kükrəyir və hirslənmək əlaməti olaraq qapağı qaldırır və taqqıldadırdı (A. Axnazarov: “Şeirlər və səhnələr”, 1912-ci il, səh. 101).
Budur, bu çılpaq arvadlar bu samovarın ətrafında oturub bütün günü çayla məzələnirdilər. Vorontsovun özü bu mənzərəni görsəydi bu sözü deməyə daha məcbur olmazdı: “Dağlara bizim samovar gəlib çatanda Qafqazda onda əmin-amanlıq olacaq” (“Речи, сказанные на Кавказких вечерах в Петербурге 1861-1972”, Петерб., 1873-cü il, səh. 14).
Təsəvvür edin, qadınların da özlərinin aşıqları var idi – Geraqermiaşanların gözdən əngəlli Mayası özünün mahnıları ilə sabunlanmış və xınalanmış qadınların mərəkəsini əyləndirirdi. Bu, onların klubu da idi, teatrı da. (Petre Mirianaşvili məni əmin edir ki, qadınlar hamamda loto da oynayırdılar. Mənim tərəfimdən toplanılan məlumatlara görə, bu, hələlik təsdiqlənmədi).
Bundan başqa, qadınlara hamamda özlərinin hələ yenə də istifadədə qalan çadra altında adi vaxtlarda qapı-bacada itən tualet və bahalı bəzək əşyalarını sərgiləmək imkanı verilirdi.
Qadın özünün təzə aldığı paltarını, şübhəsiz, hamamda geyinməli idi. Mən çadraya bürünmüş daşınan torba kimi yeriyən ağ çadralı qadını görmüşəm. Onun qızıl saplarla tikilmiş başmaqları çadranın uclarından siçanlar kimi gözlərini bərəldirdilər. Azğuda (Beldən yuxarı qolsuz qadın geyimi - M.M.) sıxılmış iki “Qartal yumurtası” kişilərin diqqətini cəlb etmirdi. Onlar yalnız gözlərə baxırdılar! Aha, bu parıldayan gözlər müəyyən edilməyən istəklə işıl-işıl işıldayırdı. Buna görə də türklər söyləyirlər: “Kiməsə qadağanları oxumaq istəyənlər qadınların gözlərinə baxsınlar”.
Xalq şeirində deyilir:
“Qadınların hamamı yer üzünün bədəli,
Yerin dibində inşa olunmuş hovuzlar daşdandır.
Kim girsə, eləcə edəcək, necə dağın qarı kimi,
Qadın və gəlin ordan çıxır, ağacın çiçəyi kimi”.
Əlbəttə, ara düzəldən qadınlar hamamda öz peşələrini də unutmurdular. Bir çox gözəl qadının taleyi hamamda həll olunurdu. Hamamda bir çox etibarlı “qadın və gəlin” xoşbəxt olub və bir çox lüt qadının da çoxlu eyibləri aşkar edilib (Hamamda gələcək gəlinlərin yoxlanılması bir qayda olaraq müəyyən edilmişdi. Qızın hamamda qoltuğunun altındakı vəzi yoxlayırdılar ki, sonra ərinin əlində, onların fikrincə, yeyimcilə çevrilməyə idi. Çox hallarda qızı güldürürdülər ki, dişlərinin düzülüşünü görə bilsinlər. Söhbət zamanı yaxınlaşırdılar, görsünlər ki, gələcək gəlinin ağzından qoxu gəlmir ki. Dodaqların uclarını ölçürdülər. Balaca və qısa boy qız birinci dərəcəli gəlin kimi hesab olunmurdu. “Bala, – ata tez-tez öz oğluna deyirdi, – elə qız almalısan ki, yorğanda itirməyəsən”).
“Qıza papaq at, əgər yıxılmasa, ərə vermək üçün yetkinləşib”. Güman ki, dünyagörüşün təsiri ilə elə olurdu ki, çox hallarda, hələ üyüşməyən, qamətini bərkitməyən tamamilə yeniyetmə qızcığazı qırx yaşındakı çirkinin birisinə ərə verirdilər.
Müəllifi olmayan bir şeir mövcuddur ki, buradan da belə “yeniyetmə qızın taleyinin hamamda həll olunduğu və ara düzəldən qadının yardımı ilə özünə arvad etmək üçün hansısa bir qocaya “hamamdan satıldığı” görünür.
Qəlbi qırılmış qadın ah-nalə edir:
Mənimki kimi acı tale qismət olmayıb heç kimə.
Məni pisləməyin, tay-tuşlarım, özümə nifrət edirəm.
Hamamda satdılar, heç də bunu bilmədim mən.
Sən demə, indi bildim dünyanın qanunlarıdır.
Gəncəm mən, qəlbim cücərir ağcaqayın kimi,
Damarlarımda qaynayır qan, qaynamış su kimi.
Gözlərim moruq kimi, dodaqlarım mərcan kimi.
Yanaqlarım qırmızı-açılmış qızılgül kimi.
İndi cövhərəm mən, yeniyetmə və növcavan,
Ərim vardır nəsə duza, hisə qoyulmuş ətdir, taqətdən-haldan düşüb.
Məni baba kimi sığallayır, qocadır, xəstədir.
Aman Allah, sən öldür onu, kim ki, məni lənətə gəlmişə urcah etdi.
(Sətri tərcümə)
İndi kişilər barədə:
Hər bir qaraçoxeli kefdən sonra ayılmaq üçün hamama getməlidir. Zurna hamamın kandarına kimi yola salırdı. Kisəçilər dost-qardaş kimi qarşılayırdılar. Bərbərləri çağırtdırırdılar və hansısa ayılmış kef əhlinin birisinin əmri ilə saqqalını qəşəngcə təraş edərdilər. İndi burda yeni süfrə açılırdı, yemək-içmək başlayırdı və bu cür sağlıqlar eşidilirdi:
- O insanın sağlığı olsun, götürək, indi bizim önümüzdən keçib, bizim pisimizi görüb, gedib yaxşımızı danışacaq.
- O bağbanın da sağlığı olsun, götürək, üzüm bağından keçəndə yıxılmış tənəyi görüb onu düzəldəcək, ərsəyə çatdıracaq, məhsul yetişdirəcək, onu toplayacaq, sıxıb şirəsindən şərab hazırlayacaq, özü də içəcək və bizə də içdirəcək (Bu sağlıq L.Ardazianinin “Mecğanuaşvili” əsərində belədir: “Bu şərabı bizim üçün əzib süzən o kirli ayaqları Tanrı qorusun” (“Solomon İsakiç Mecğanuaşvili”, 1878-ci il, səh.28)).
- Bu da, çox parıldayıb işıq saçan, bizi kimi sərxoş camaata yol göstərən və ey sarsaq, bu yandan get, o tərəf yarğandır, düşərsən, - deyən ayı Allah var eləsin.
- Bu da, suyun qırağında duran və susuz quruyan ağacı Allah saxlasın.
- Daşan suyun dağılmış halda gətirdiyi, sal ağacını Ortacalada bizim kimi yazıq camaatın üstündən gəlib keçməsi üçün qəsdən durduran sala eşq olsun!
- Ey uşaqlar, şeytanlar, bu isə başqa cür sağlıqdır, haa! Deyək ki, iki göyərçin iki ağacın üstünə qonub. Bir-birlərinin yanına uçub gəlmək, nəvaziş, cikkildəşmə istəyirlər, amma bunu edə bilmirlər. Bu zaman külək əsməyə başlayır, ağacın budaqlarını bir-birinə vurur və bu iki göyərçini bir-birinə qovuşdurur! Bizim qardaşımız Firuzun və onun nişanlısı Salomenin sağlığı olsun!
- Bu da, indi evdə oturub, şamı yandırıb bizi gözləyən insanı Allah qorusun, onun sağlığı olsun.
Bu sonuncu sağlıq kef çəkənlərin ailəsinə məxsusdur.
Onların sağlıqları həmişə qafiyəli deyilib: bədahətən, hazırcavablıqla və zamana uyğun olaraq (Çox vaxtlar kef zamanı sağlıqlar tapmaca xarakterini daşıyırdı. Məsələn:
- İlboyu on iki ay gəzən, sonra bir kəndin sonuna yaxınlaşan və nə zaman qaranlıq düşəcəyini (ölümü) bilməyən insanın sağlığı olsun.
- Nə əkir, nə becərir, yalnız biçir və elə yaşayır (bərbər).
Birbaşa təəccüblüdür ki, kitab əvəzinə əlində islanmış bardaq tutan bu yazı-pozu bilməyən əyyaşlar bu cür poeziya ilə dolu olan sözləri işlədirdilər. Bəzən uşaq sadəlövhlüyü və primitiv müdriklik necə də yaxşıdır. (Tiflislilər eləcə də elə özünəməxsus məişət ifadələrini sevirlər ki, bunlar da paralel olaraq atalar sözü ailəsində məskunlaşırdılar:
- Axşamın xeyirindən səhərin şəri yaxşıdır.
- Birinci loxmaya ikinci loxma çata bilməz.
- Melko deyə çağırırlar, yenə də Merkosan.
- Gözlər barışa bilməzdilər, onların arasında burun olmasaydı.
- Namussuzun üzünə tüpürürlər, deyir, nə yaxşı yağış yağır.
- Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək iki ayıb.
- Bir dəfə Maxat dağının başında yaşayana da Maxat lazım gəldi.
- Küpə qazanı tərifləyirdi və his də ki, ikisindən də əskik deyildi.
- Dəvə hara, qəfəs hara?
- Toyuq yumurtasının tükü qədər namusu var.
- Günortadan sonra harisanı (Harisa - xörəkdir, sıyığa bənzəyir, döyülmüş buğdadan hazırlanır, bunu ətlə yoğururlar, ət dağılana kimi bişirilir, - M.M.) de görüm kim eşidib?
- Qarın qardaşdan irəlidir.
- İki kəndirbaz bir kəndirin üstündən keçə bilməz.
- Üç öpüş və bir yatmaq fatadır.
- Əgər tüstü düz çıxırsa, uçmuş buxarıya heç kim qulp qoymaz.
- İynəni batırdı, saxsı iynəsini axtarır.
- Səhərin loxması arvad cehizindən artıqdır.
- Başım olsun, yoxsa, papağı nə qədər istəyirsən o qədər də tapa bilərəm.
Bəzi Tiflis atalar sözü Lev Metrevelinin özünün diqqətəlayiq “Gürcü atalar sözü” kitabına salınıb. Tiflis, 1926, səh. 42, 43, 94).
Hamamda kef çəkmək ən qədim adət idi. “Şahnamə”nin nəsr versiyasında hamamda toyun davam etdirilməsi belə təsvir olunub: “Toy qırx gün davam etdi və qırxıncı günü bürcün yanında duran faytonların yükünü açdılar ki, buradan da hökmdar qırx litrlik (qədimlərdə litr çəki vahidi idi, burda kiloqram mənasında gedir -M.M.) çəkisi olan bir əklil götürdü və eləcə də yüz qırx litr ağırlığında libas götürdü, Sama göndərdi və həm də onu yanına çağırdı. Sam hökmdar tərəfindən göndərilən dördyüz litr laxt (Laxt - qədimlərdə gürz, toxmaq - M.M.) aldı və salonun qapısına yaxınlaşanda gənclər hamama gedirdilər. Hökmdar bütün əyanları və əyan övladlarını hamama çağırdı ki, onların da hamısı şamlarla və iri mumlarla, qələmlərlə, məşəllərlə birgə getdilər və onlarla birlikdə müğənnilər də getdi”.
Doğrudur, səyyah Turnefor bizim hamamlar barədə yazırdı ki, “Hamamlar Tiflis sakinləri üçün yeganə əyləncəni təşkil edir”. Lakin mənim fikrimcə, hamam təkcə əyləncə və vaxt keçirmək yeri gərək ki, olmamalıdır.
Hamam Şərq xalqlarının məişətində həddindən artıq böyük yer tutub. Köhnə camaat hələ çimməmiş ailə qarşısında dura bilməzdi. Kürəkəni də toy gecəsi afsonları (ən yaxın dostları - M.M.) hamama aparırdılar və çimizdirirdilər. Şərq xalqlarında bu gün də adət qalmışdır: Qonaq gedəndə lüləyin gətirərdilər, əvvəlcə əllərini yuyar və sonra səninlə salamlaşardılar. Saba-Sulxan Orbeliani yazır: Sən demə, belə bir qayda var idi – kimsə qərib bir adamı görsəydi, onu hamama aparardı, paltar verərdi, onun atını alaflayardı və elə yola salardı (“Uydurmanın hikməti”, N.Mtvarelişvilinin redaksiyası ilə, 1903-cu il, səh. 4).
Aydındır ki, bu hamamda kef çəkmənin davam etdirilməsi, hamamda gecələmək və toyun özü də adi əyləncə hesab edilə bilməzdi və məişətin bu orjinal hadisəsini izah etmək üçün başqa, daha dərin səbəblərini axtarmalıyıq.
Onu da qeyd etmək lazımdır ki, hamamda kef çəkənlərin, bu Asiya qastronomlarının xüsusi ağız ləzzəti var idi. Kükürdlü su ilə isladılmış quru, köhnə gürcü çörəyi və Şıxlı pendiri, elə bir spesifik dada malik yemək idi ki, onun ətrini də köhnə qaraçoxeli bu gün də məmnunluqla xatırlayır.
Bu kef çəkənlər arasında yaxşı müğənnilər də var idi. Özləri üçün, öz qəlblərinin buxarısının odunu səngitmək üçün oxuyurdular. Oxuyurdular və onların avazlı səsinə hamamda daha artıq həvəs verilirdi. Müğənni oxuyurdu, hamamın sərinləşdirici tağları xüsusi yoğun kişi səsi verirdi. Süfrə süstləşirdi. Yarıçılpaq sərxoşlar vəcdə gəlirdilər və bütün hamam – bu müqayisəyə görə üzr istəmirəm! – Dionisin məbədinə çevrilmişdi.
Çox olubdur ki, bu kef çəkənlər qışın ortasında mərc gələrək hamamdan lüt çıxıblar və hansısa mikitanın dükanında şərab içməyi davam etdiriblər.
Bu cür qəribə kefin tədricən rəngi soldu. Son vaxtlar çimmiş kişilər hamamın içində nəinki qəlyanaltı etmirdilər, eləcə də aşpazxanaya daxil olur, hansısa Əlinin ünlü plovundan və ya kababından bir az yeyir və bayatılar əvəzinə isə “Yadonun fışqırığına qulaq asırdılar” (Aşpazxanada hər bir restoran sahibinin müştəriləri cəlb etmək üçün “simli orkestr” əvəzinə qəfəsdə bir cüt quşu var idi).
Bu hamamın şənlikləri poeziyada da öz əks-sədasını tapdı.
Əlbəttə, bu sahədə şeirlərinin də Tiflis aşıqlarının başına dolandığı Q.Orbeliani birinci olardı.
Q.Orbeliani, bu daim eşqli, səksən yaşlı cavan oğlan, bu ondörd hecalı şeirin böyük ustası “Salomenin yanına nahar etməyə” gedir və heç nə yadına düşmür, elə “hamam şənliklərinin” özü də və uşaq saflığı ilə oxuyur:
Məgər bu zaman yuxumu olar?
Və yaxud gündüz ruhun dincliyi?
Və ya kimin yadına düşür nahar,
Və yaxud gecə hamamda şənliklər?
(Q.Orbelianinin poeziyasını “Tatkaridzenin bozbaş emosiyaları ilə müqayisə edəndə, botanikanı əgər kulinariya ilə adlandırırsa K.Kapaneli haqlı deyildir. (Bax. “Estetik simalarda gürcü ruhu”, səh. 62). Bu Sandalasayağı (Sandala - Yakob Qoqebaşvilinin qəhrəmanlarından biri - M.M.) tənqid ağıllı yazıçı olaraq Kapaneliyə yaraşmır. Məgər Kapaneli doğrudanmı fikirləşir ki, şairin məhəbbət, əbədilik və vətənpərvərlik barədə ideyaları Tiflis eqzotikasının və içki içməkliyinin poetik əhval-ruhiyyə ilə ifadə olunduğu şeirlər ilə dəyərini itirir? “Estetik simalarda gürcü ruhu”nun müəllifini əmin edirik ki, istedadlı şair bu cür mövzularda da “Gürcü mənəviyyatının əbədiliyini” və “Estetik simaların vətənpərvərliyini”əks etdirə bilər).
Hər bir səyyah, Tiflisin hər bir qonağı, hardan gəlir gəlsin və tələsik işi olsa da öz müqəddəs borcu olaraq hesab edirdi ki, Tiflis hamamlarını da görəydi və onun şəfqətli, duru suyunda çiməydi.
Bizim hamamlar, qeyd etmək lazımdır ki, onunla da diqqətəlayiqdir ki, burada olan kisəçilər başqa yerdə nadir hadisəni təşkil edirlər. Bizim kiçik kisə çox böyük adamı vəcdə gətirirb. Bu belə də olmalı idi. Hamama gedəsən və kisə çəkdirməyəsən, bu ona bənzəyir ki, insan Parisə getsin, Eyfel qülləsini görməsin. Puşkin özünəməxsus ironiya ilə “burnu kəsik Həsəni” məmnunluqla xatırlayır: “Onun burnunun kəsikliyi öz vəzifəsini alnıaçıq yerinə yetirməyə mane olmurdu”.
Puşkin ənənəvi “maçalkanı” inkar etmək üçün bizim kisə barədə özününkülərə işarə edir və söyləyir: “Kisəni rus hamamlarında, şübhəsiz, tədbiq etməliyik, bu, bizim yeni kəşfimiz olacaq”.
“Bizim qadınlar hamamına daxil olmağımız heç bir təəssürat oyatmadı. Onlar sərbəst şəkildə söhbətlərini və gülüşlərini davam etdirirdilər... Onlardan heç biri bürünmək üçün çadrasını çəkməyib, onlardan heç biri soyunmağını dayandırmayıb” (“Путешествие в Арзурум” (Bax. Кавказкая поминка о Пушкине, səh. 16-17, “Kavkaz” qəzetinin nəşri, 1899-cu il).
Maraqlıdır ki, A. Dümanın səyahətində də bu cür sətirləri oxuyuruq: “Mən qeyd etməliyəm ki, hamamda bizim gəzintimiz, qadınlar arasında heç bir narahatçılığa səbəb olmadı, yalnız iki, yoxsa üç qadın, bədbəxtlikdən qocalar, utandılar və mələfələri üzlərinə tutdular” (Ал. Дюма, “Кавказ”, вып. 11, Тифлис, 1861-ci il, səh. 467).
Həddən artıq maraqlıdır ki, bu iki yazıçı məhz elə qadınların günü hesab olunduğu çərşənbə axşamı hamamda olublar (Puşkin 1829-cu ildə, Düma 1858-ci ildə). Qəribədir ki, hamama gedərkən özünü, üzünü göstərməmək üçün min cür üsula əl atan Tiflis qadınları elə cürətləniblər ki, yad kişini görcək mələfəni üzünə tutmadı və heç biri soyunmağını dayandırmadı?” Lakin heç də az qəribə deyildir ki, şairin hamamda gördüyü o “əlli qadın” tam грузинские старух-lar imişlər, sanki Tiflis hamamlarına getmək yalnız gürcü qadınlarının imtiyazını təşkil edirdi!
Daha bir kuryoz, A.Düma yazır: “Həmin il faciəli şəkildə erməni yepiskopu həlak oldu. Utandığından o, proseduranı bilən şəxsləri mələfənin uclarından tutmağa icazə verməmiş, onları 4 nəfər diakon (aşağı dərəcəli keşiş) əvəz etmişdir. Onlardan birinin diqqətsizliyi üzündən mələfənin ucu əlindən çıxmış və yepiskop aşağı yumarlanaraq qaynar suya düşmüşdür. Xidmətçilər bərkdən qışqıraraq onu oradan çıxartmağa cəhd etsələr də öz əllərini yandırmışlar. Onların hay-küyünə hamamçılar gələrək yepiskopu hovuzdan çıxartsalar da artıq gec idi, yepiskopu güclə hövuzdan çıxartdılar” (Bax. Dümanın eyni kitabı, 468-469).
Mən, demək olar ki, Tiflis hamamları barədə hər şeyi sizə nəql etdim. Siz indi bilirsiniz ki, toy da keçirilirdi, sabahı açırdılar, gələcək gəlini yoxlayırdılar və sair. Lakin heç bir zaman eşitməmişəm ki, yepiskoplar mələfədə hava vannası alaydılar və axırda da ki, diakonların səhlənkarlığı üzündən hovuzdan qırqovul kimi bişmiş halda da çıxarılaydılar.
Belə bir hiperbola ilə hansısa Vilems bizim Kaxet şərabı barədə danışır: “Kaxetin bəzi kəndlərində, – yazır Vilems, – sakinlər bulaqdan uzaq olduqları yerdə və ya su dalınca getməyə ərinəndə əl-üzünü şərabla yuyurlar, yeməyi şərabla bişirirlər, süpürmə zamanı toz qalxmasın deyə yeri şərabla çiləyirlər” (“Сборник сведений о Кавказе”, Тифлис, 1847-ci il, ikinci hissə, səh. 74).
Bax, bu cür şayiələrlə əcnəbi səyyahlar öz təəssüratlarını zənginləşdirirdilər.
Emil Leviyenin sözlərini necə də təkrar etmək istəyirəm: “Möhtərəm səyyahlar, Tanrıya inanın və bütün xalqlar barədə bəzən yersiz qərarlar çıxartmağa tələsməyin”.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU