ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Çar İrakli tərəddüd etmədən şahzadələri, əyanları və öndə gedən tatar ağalarını dəvət etdi. Onlar bu sözlərlə başladılar: “Mənim qardaşım gürcülər! Bizim ürəyimizin təpərini, bizim qolumuzun qüvvətini və bizim qılıncımızın kəsərliliyini çoxdandır farslar bir daha görməyiblər. Görünür, bunu onlar yaddan çıxarıblar. Bu səbəbdən, onlar yenə bizim yeni düşmənə, farsları yığıb üzərimizə gətirən xacə Ağa Məhəmməd şah Qacara  kömək əlini uzadıblar. Qoy gətirsin, bir daha görsün və son dəfə buna inansınlar ki, yenə həmin gürcülərik, o qorxmaz, yenilməz gürcülər. Belə ki, bundan sonra bu toplantıda onların puc qüdrətini necə qarşılaycağımızla bağlı kim nə deyəcək, nə tövsiyələr verəcək”.

 

Burada İvane Muxran batono səsləndi: “Önlərinə çıxaq, öz gücümüzü, qüdrətimizi göstərək”.

 

Fədakar olanlar yekdilliklə: “Önlərinə çıxaq! Önlərinə çıxaq!”

 

Çar İrakli: “Elə isə nə məsləhət görürsünüz?”

 

Bu barədə bəzisi elə dedi, bəzisi belə dedi, lakin üçünün dedikləri fikirlər başqalarının tövsiyələrinin üstünü örtdü. Bax, üçü onlardır və onlar fikrini belə ifadə etdi.

 

İlk fikir sərdar tavad David Canbakur Orbelianinindir, lakin bu tövsiyədən sonra o qədər vaxt keçmədi, o iflic oldu və o hadisələrdə ağır xəstəliyə düçar olmuş halda İmeretiyə göndərildi, artıq ağlı başında deyildi.

 

Budur  həmin fikir: “Mənim hökmdarım, məsləhətim belədir: bütün Qazax-Borçalı və Şəmşəddil camaatını  ailəliklə sizin əmriniz ilə Birtvisi qalasına gətirəcəyəm, oradan qoşun çəkərəm və ərazidən Sınıq Körpüyə gələnə kimi, qızılbaşların nə qədər atları olacaq, ya qatırları, başçılarından birini ələ keçirərəm. Bundan əlavə, harada qala qarşıma çıxsa, mən özüm ora hücum edəcəm və sənin xoşbəxtliyinlə tezliklə onu məğlub edib tezcə onu geri qaytaracağam”.

 

Çar İrakli kürəkəni (çarın qızı Tamar onun həyat yoldaşı idi) sərdar Davidin bu son sözlərini məmnuniyyətlə qarşılamışdı, sonra onu öz yanına çağırıb sevgi ilə bağrına basmışdı. Bu fikir hamı tərəfindən bəyənilmişdi, lakin sonra Qazax vəkili Pənah ağa məlumat verdi.

 

İkinci fikir Pənah ağanın oldu: “Sərdar David sizə nə dedisə, bəli, yaxşı fikirdir, amma mən də sizə bir şey deyəcəm və bundan sonra necə istəyirsiniz elə olsun: Ağa Məhəmməd şah Qacar Şəmşəddilə gəlsə orada qərar tutacaq, orada Şəmşəddilin, Qazağın, Borçalının nə ki ilxıları var, madyanları var, mən onları bir yerə yığacağam və sübh çağlarının birində qızılbaş qoşununun içinə buraxacağam. Onda görərsiniz, qızılbaşların minik ulaq və atları hamısı birdən hərəkətə keçərək onlara qarışacaqlar ki, qızılbaş ordusu piyada qalsın. Eyni zamanda siz qoşunla qızılbaşlar üzərinə hücuma keçib, onların ordusunu elə məğlub edəcəksiniz ki, yarısı güc-bəla ilə aradan çıxa bilsin”.

 

Bu sözləri eşidən kimi çar və başqaları bu fikri bəyəndi. Çar ona yaxşı xələt də verdi, lakin sonra çar İrakli dedi: “Bir fikir də mən deyəcəyəm, sonra hansı üstün olacaq ona başlayaq”.

 

Hardasa bu plan Avropanın planına oxşayır, amma o Avropanın yalnız eşitdiyindən başqa heç nədən xəbəri yox idi, hərdənbir patrilər (keşişlər – Tərcüməçi) onun hüzuruna gəlib Avropanın xəbərlərini söyləyidilər. Ya da nə vaxtsa avropalı səyyah gələcəkdi, onlar da xəbər çatdırırdılar. Bəlkə onların xəbərlərindən birtəhər cüzi də olsa halı olsa da, daha diqqətçəkən o idi ki, o, dövrünə uyğun döyüş təcrübəsi olan bir insan idi və bu qədər il müharibə təcrübəsindən sonra qorxmaz idi – bu qədər itaətkar döyüşçünün düşmənə çevrildiyi bütün dəhşətlər qarşısında.

 

Üçüncü fikir çar İraklinindir: “Mən Ağa Məhəmməd şah Qacarın və onun qoşunun başına elə oyun açım ki, Gürcüstandan bir nəfər də olsun əsgər xəbərçi qızılbaş gedə bilməsin. Ondan sonra nə istəyirəm. İranı ona sahmana saldıraram. Mən Ağa Məhəmməd şah Qacara heç yerdə toxunmaram, Soğanlığa gətirərəm, orada çöllükdə, Kürün yaxınlığında qərar tutduraram. Bu zaman mən də Soğanlıqdan kiçik bir qoşunu ona göstərərəm. Guya ondan artıq qoşunum yoxdur. Ağa Məhəmməd şah Qacarın qoşunu daha da sırtıqlaşacaq. Lakin səksən mindən artıq qoşun bu şəhərin yaxınlığında, yaxud onun ətrafında, onların olduğu gizli yerlərdə olacaq. Bəs nə, bir qoşun orada duracaq, bax, indi eşidəcəksiniz: on min bizim döyüşçü Soğanlığın o yanında calada, Qarayazı tərəfdə gizlənmiş olacaqlar. On min döyüşçünü, bəli, Yağlıca dərəsinə göndərəcəyəm ki, orada bir müddət gizlənsinlər. Beş min döyüşçünü Sınıq körpüyə doğru gizlicə göndərəcəyəm ki, bir bölüm qızılbaş döyüşçüsünü onlar buraxmasınlar. On min döyüşçünü qızılbaşla üzbəüz Soğanlıq dərələrinə yerləşdirəcəyəm və mən qalan qoşunu və on səkkis topla Tabaxmela yolunu keçərək Teletə doğru yönələcəyəm. Səhər tezdən qızılbaş qoşununun üstünü aldıracağam və on səkkiz topdan ara vermədən atəş açacaqlar ki, bununla qızılbaşların canına vəlvələ düşəcək. Bizim iyirmi min döyüşçünü də hücuma göndərəcəyəm və mən qalan qoşun ilə geridə duracağam. Orada – Yağlıca qoşunu və burada – Soğanlıq dərəsinin qoşunu, məhz elə bu vaxt çıxacaqlar, biz isə üç tərəfdən qızılbaş ordusunu mühasirəyə alacağıq ki, Kürə doğru getməkdən başqa heç yerə getməyə yolu qalmasın. Qaçan qızılbaş qoşununun arxasınca düşüb onu Kürə dirəyəcəyik. Bu zaman qəfildən on min bizim döyüşçü o taydan qızılbaş ordusuna od vuracaqlar və üç tərəfdən də onlara hücum edəcəyik... Burada, mən əminliklə bilirəm ki, Ağa Məhəmməd şah Qacarı ya əli bağlı bizə təslim edəcəklər, ya öz qoşunu onu öldürəcək, ya da bizim qoşun onu ələ keçirəcək. Onu da deyim ki, qızılbaş qoşunu top-tüfəngini yerə qoyub bütövlükdə bizə tabe olacaqlar (Adribejan (Azərbaycan) xanları Ağa Məhəmməd şah Qacarın həlak olacağına böyük ümid edir və bunun üçün gizli şəkildə çar İraklinin yanına adam göndəriblər. Bundan əlavə, çar İrakli ilə onların arasında çoxlu şərtlər olub. Müəllifin o dövr Azərbaycan kəlməsini işlətməsi maraqlıdır – Tərcüməçi). Ümidim Allahadır, bizə şəksiz, itaət edəcəklər. İndi bu üç tövsiyədən hansının üstün olduğunu siz ayırd edin”.

 

Hamı yekdilliklə çar İraklinin tövsiyəsini bəyəndi və hətta çox təəccübləndilər!

(davamı)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU