NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
I
Kitabın müəllifi Orta əsrlər Yaxın Şərq İslamının əxlaqi-estetik aləmini tədqiq edir. Qarşıdakı əsərdə türkdilli folklorun əxlaqi-estetik məsələləri öyrənilmişdir ki, bu da bir növ tədqiq olunası problemin əsasının olduğu birinci cilddir. Tədqiqatçı qədim sivilizasiyanın yaradıcısı ən qədim Şərq və Orta əsrlərin Yaxın Şərqinin əxlaqi estetik düşüncəsinin ümumi mənzərəsini göstərməyə cəhd edir. Gülüş fenomeninin (Molla Nəsrəddin) və qədi türk xalq eposunun (Dədə Qorqud, Koroğlu) bədii xüsusiyyətləri müzakirə edilib. Eləcə də ritual daşlarda həkk olunmuş yazıların estetik-rəmzi əhəmiyyəti öyrənilib.
Müdrik Dədə Qorqudun əxlaqi-estetik aləmi
“Oğuz tayfalarının dilində” yaradılan türk xalqının çox qədim nümunəsini təşkil edən, qəhrəmanlıq eposu janrına məxsus olan “Kitabi-Dədə Qorqud” qədim və Orta əsrlərin türkdilli ədəbiyyatının dəyərlərindən biri və çox mühüm abidəsidir.
Əsərin yaradılmasının xronoloji, eləcə də coğrafi məkanı bir növ genişdir. Ona daxil olan hekayətlər, daha doğrusu, əfsanələr nüxtəlif vaxtlarda müxtəlif yerlərdə və müxtəlif ozanlar tərəfindən yaranırdı. Güman edildiyinə görə, onun yaradılması Orta Asiyada, Sırdərya düzənliklərində (IX-X əsrlər) başladı və Oğuzların yeni yaşadığı yerdə (Azərbaycanda) və Kiçik Asiyanın qonşu diyarlarında (XI-XV əsrlərdə) başa çatdı (Жирмунский В.М., Огузкий героический эпос и «Книга Коркуда», Огузкий геройческий эпос, перевод академика В.В.Вартольда. Издательство Академии Наук СССР, М.-Л., 1962, стр. 256.). Bir sözlə, o, tipik xalq yaradıcılığı olaraq, Oğuz tayfalarının iştirak etdiyi, (köçərilik etdiyi) və məskunlaşdığı coğrafi məkanda əmələ gəldi, tədricən üzərində işlənirdi və dolğunlaşdırılırdı. Buna müvafiq olaraq da formasını və istərsə də fikrin dolğunlaşdırmasını, yenidən düzəliş edilməsini müəyyən şəkildə məhdudlaşdıran xronoloji çərçivələr də müəyyən edilirdi.
Böyük diqqət yetirmək lazım gəlmir və bu abidənin dünyagörüşlük səviyyəsində etik-estetik axınının iki qatının özünü büruzə verdiyi adi gözlə də aydın görünür. Biri Oğuz ənənələridir və ikincisi İslamı qəbul edəndən sonra mənimsənilmişlərdir. Qısası, Dədə Qorqud hekayətlərini bir çərçivəyə salan və nəhayət, onu dolğunlaşdıran müəllif qədim ənənəvi görüş dairəsini İslamın bürüncəyinə bürüməyə cəhd göstərir və buna nail olur da. Təbiidir ki, bütün bunlar oğuzların İslamı qəbul etməsindən sonra xalqın düşüncəsinin yenidənqurulmasına uyğun gəlirdi və müvafiq olaraq bu yeni formada əks olunma elə xalq yaradıcılığının özünə də əsas olurdu.
Bəri başdan qeyd etməliyəm ki, bu abidə çoxlu görüş dairəsi ilə diqqətə layiqdir. Birincisi, o, bizə qədər yazılı şəkildə gəlib çıxan qədim folklor yaradıcılığıdır. İkincisi də, bu abidə sırf Oğuz (türk milli) ruhunun təsviredicisidir ki, bu da Orta əsrlər türk gerçəkliyində nadir hadisədir. Bir qayda olaraq, Orta əsrlər divan ədəbiyyatı əsasən İslam ideologiyasının təsviredicisidir və forma ilə də və məğz ilə də İslamın mədəni bölgəsində qanuniləşmiş ümumi estetik moduslara, istərsə də irəlicədən işlənib hazırlanmış dini, istərsə də estetik konsepsiyalara uyğun gəlirdi. Buna görə də onda milli türk ünsürü çətin tapılır. Dədə Qorqudda isə folklor yaradıcılığında olduğu kimi bu milli ruh fəvvarə kimi püskürülmüşdür. Bundan başqa bu epos, ümumiyyətlə, tarixi-etnoqrafik, mənəvi-adət-ənənə, məişət faktlarının əksetdiricisidir, nadir materialdır ki, bu da hər şeydən öncə, Orta Asiya və Azərbaycan-Türkiyə patriarxal-tayfa quruluşunun, İslama qədər, istərsə də onun sonrakı dövrünün tədqiqi üçün dəyərlidir. Və nəhayət, ən başlıcası, epos bədii dolğunluğu ilə, dəyəri ilə, əsasən hər halda ifadə etmənin spesifik və orjinal baxışla şərtlənmiş nadir əsərlərdən biridir ki, bunu da türk ədəbi aləmi yaradıb.
...Buna görə də bu gün ona alimlərin göstərdiyi maraq təbiidir: Abidənin öyrənilməsinin böyük tarixinin olmamasına baxmayaraq onun barəsində bir çox aspektin yüksək səviyyədə təhlil olunduğu zəngin elmi ədəbiyyat mövcuddur. Qısası, o, mətnşünasların və ədəbiyyatşünasların, tarixçilərin və etnoqrafların, folklorşünasların və ədəbiyyatşünasların tədqiqat obyektinə çevrilmişdir. Mövcud olan çoxsaylı əsərlər arasında 12 boyunu da rus dilinə tərcümə edən və ona müqəddimə əlavə edən akademik V.V.Bartoldun xidməti hər halda xüsusu diqqət çəkir. Elə burada V.M.Jirmunskinin bir çox baxımdan öyrənilən tədqiqatını qeyd etməliyik (Bax. V.Bartoldun tərcüməsinə əlavə olunan müqəddiməyə, eləcə də onun “Xalq qəhrəmanlıq eposu”(1969-cu il) əsərinə). Eləcə də Xalıq Koroğlunun tarixi, istərsə də ədəbi səviyyədə zəngin elmi material sayəsində bu qəhrəmanlıq eposunu müzakirə etdiyi “Oğuz qəhrəmanlıq eposu” diqqətəlayiqdir. (Bax. Огузский Героический Эпос, М., 1970). Lakin Dədə Qorqudun öyrənilməsi üçün Orxan Şaiq Kökyayın bu əsərin yekunlaşdırılmış mətninin verildiyi, müasir dilə salındığı və ona da lüğətin əlavə olunduğu “Dədə Qorqud kitabı” fundamental əsəri həddindən artıq dəyərlidir. Eləcə də bu əsərə aid olan bütün materiallar burada cəmləşdirilmişdir. Və ən başlıcası, əsərdə qaldırılan bütün məsələlərin dolğun və dərin təhlili verilmişdir (Hazırlayan Gökyay O.Ş., “Dedem Korkutun Kitabı”, Milli Eğitim basımevi, İst., 1973). Eləcə də Mustafa Sinan Kaçalinin bu son vaxtlar nəşr olunan “Kitabi-Dədə Qorqud” Oğuz tayfalarının dilində” əsəri diqqətə layiqdir, burada da müəllif ilk dəfə olaraq əsərin əslini ərəb transkripsiyası ilə və eləcə də latın əlifbası ilə qurulmuş şəkildə bizə təqdim etmişdir ki, bu da əsərin əslinin mətninin hansı xüsusiyyətləri əks etdirdiyi və necə səsləndiyi barədə bizdə aydın təsəvvür yaradır. Eyni zamanda o, “müasirləşdirilmiş” mətnə müəyyən düzəlişlər edir. Dil təhlilini bizə təqdim edir və ən başlıcası, bu və ya digər ifadənin, istərsə də xüsusiyyətin ətraflı təhlilini bizə çatdırır (Kaçalin Mustafa S., Oğuzların Diliylə Dedem Korkutun Kitabı, Ankara, 2017).
Lakin bu dəfə mənim tədqiqatımın əsas məqsədi odur ki, bütovlüklə bu xalq eposunu gözəlləşdirən, ucaldan və nadir istisnalardan başqa, tədqiqatçıların ikincidərəcəli hesab etdikləri zəngin mənəvi-əxlaqi və hissiyat aləminin dərinliyinə varam. Halbuki “Dədə Qorqud”un xalq qəhrəmanlıq eposu olaraq əsas təyinatı odur ki, oxucuda, istərsə də dinləyicidə estetik-hissiyyat kodunun vasitəsilə Oğuzlar nəslinin əsrlər boyu işləyib hazırladığı, daxilən özününküləşdirdiyi və nəsildən nəslə ötürdüyü xəzinə kimi mənəvi estetik-əxlaqi, dini görüş dairəsini və ənənələri oyatsın, onu özününkü etsin (təlqin etsin).
(davamı var)
MÜƏLLİF HAQQINDA:
Elizbar Dimitriyeviç Cavelidze 1938-ci il dekabrın 15-də Tbilisi şəhərində anadan olub. 1956-cı ildə Bolnisi orta məktəbinə gedib, sonra təhsilini Tbilisi Oğlanlar Gimnaziyasında davan etdirib. Sonralar Tbilisidəki 42 saylı orta məktəbə keçib.
1956-cı ildə yenidən Bolnisi orta məktəbinə qayıdaraq, 1956-cı ildə Kazreti (indiki Madneuli) orta məktəbini bitirib.
1956-1961-ci illərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində şərqşünaslıq fakültəsində təhsil alaraq oranı fəqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində A.Sereteli adına təqaüdçü, şərqşünaslıq fakültəsinin tələbə elmi şurasının sədri olub.
1962-2006-cı illərdə akademik Q.Sereteli adına Şərqşünaslıq İnstitutunda kişik elmi işçi (1962-1966-cı illər); elmi işçi (1966-1975-ci illər); böyük elmi işçi (1988-2006-cl illər) işləyib. Paralel olaraq Tbilisi Dövlət Universitetində mühazirələr oxuyub.
1966-cı ildə “Ruhi Bağdadi” (Həyatı, dünyagörüşü, lirikası) mövzusunda dissertasiya müdafiə edib.
1972-ci ildə Tbilisi Dövlət Universitetinin türkologiya kafedrasının dosenti adına layiq görülüb.
1975-ci ildə “Cəlaləddin Rumi” (dünyagörüşü məsələləri) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1985-1986-cı illərdə “Tənqid” jurnalının baş redaktoru olub.
1986-1990-cı illərdə “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin baş redaktoru olub.
1988-ci ildə Tbilisi Dövlət Universitetinin türkologiya fakültəsinin professoru adına layiq görülüb. Elə hənim il Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1989-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə “Azərbaycanın əməkdar mədəniyyər işçisi” fəxri adına layiq görülüb.
1991-ci ildə Gürcüstan Respublikasının təhsil və elm naziri olub.
1992-1995-ci illərdə “Gürcüstanın zəng qülləsi”, “Kolx qülləsi”, “Zəng qülləsi” qəzetlərinin naşiri və redaktoru olub.
1996-1999-cu illərdə Almaniya Federativ Respublikasinda yaşayıb.
1999-2003-cü illərdə Gürcüstan parlamentinin üzvü seçilib və “XXI əsr” fraksiyasına başçılıq edib. Elə bu dövrlər “Yeni dövr” qəzetinin naşiri və redaktoru olub.
2005-2007-ci illərdə “Aisi” qəzetinin naşiri və baş redaktoru olub.
2013-cü ildə Gürcüstan Milli Akademiyasının həqiqi üzvü seçilib.
Elizbar Cavelidze 16 monoqrafiyanın, 300-dən artıq elmi məqalənin və publisistik yazının müəllifidir.
2017-ci ildə “Məhəmməd Füzuli – Həyatı, mühiti, yaradıcılığı” kitabı, 2018-ci ildə “Ruhi Bağdadi (Həyatı, dünyagörüşü, lirikası)” kitabı Mirzə Məmmədoğlunun tərcüməsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU