NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Təhlil olunan boyun başlığından da göründüyü kimi, bizə Salur Qazanın evinin viranə qoyulmasını təqdim edir. Tam təfsilatı ilə, burada kafir gürcülərin Salur Qazanın evini necə viranə qoyması, həyat yoldaşı və oğlunu əsir aparması nəql edilir. Halbuki, bu faciəli hadisəni bizə nəql etməmişdən öncə söyləyici bu faciənin qavranılması üçün Salur Qazanı bir misli olmayan igid kimi xarakterizə edir.
“Bir gün Ulaş oğlı,
Tulu quşun yavrısı,
bizə miskin umudı,
Amit soyının aslanı,
Qaracuğın qaplanı,
qonur atın iyəsi, xan
Uruzun ağası,
Bayındır xanın güyəgisi,
Qalın Oğuzun dövləti,
qalmış yigit arxası…” (K.D.Q., səh. 45, D.K.K., səh. 16-17; O.D.D.K.K. səh. 50).
Yuxarıda gətirilən əmirin siması, müəyyən olunduğu kimi, oğuzların şüurunda həqiqi igidliyin və qəhrəmanlığın rəmzi kimi bərqərar olan obraza tamamilə uyğun gəlir. Bu obraz sonralar ümumiləşdirilmişdir və o, nəinki fərdi xarakter əlamətlərini kəsb edir, eləcə də möhkəm əlamət-xüsusiyyətlərin modelidir, Oğuzun ideal anlayışlar sisteminə söykənir. Müvafiq olaraq bu və Salur Qazanın ayrı-ayrı cizgiləri personajları çəkən zaman da əgər özünü büruzə verirsə, təəccüblü deyildir, çünki bu epitetlər və müqayisələr (“qartalın balası”, “igidlərin aslanı”, “Qaraçuğun pələngi”, “kürən atın yiyəsi”, “igid oğuzların arxası” və sair) məhz elə oğuzların dünyanı anlamaq hissi ilə şərtlənən xüsusiyyətlilikdir və müvafiq olaraq şanlı igidi gözəlləşdirməlidir. Eyni zamanda o, əliaçıq olmalıdır, elə götürək Salur Qazan tərəfindən açılan nağılvari süfrənin aksessuarları bundan xəbər verir. O da diqqətəlayiqdir ki, şanlı ziyafətə qaragözlü, xub üzlü kafir qızları qulluq edirdilər ki, bu da gərək ki, hücum zamanı əldə olunubdur və bu fakt da (əsir götürülən kənizlərin xidməti) bir növ ləyaqət haləsi kimi oğuzlar bəyini gözəlləşdirir. Və nəhayət, söhbət burada təkcə süd və qımısdan deyil, eləcə də şərab içməkdən gedir ki, bu da Salur Qazanın başına vurur və “Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı” və “Yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım”, - dedi (K.D.Q., səh. 47-48, D.K.K., səh. 18; O.D.D.K.K. səh. 53). Ümumiyyətlə, ovçuluq institutu o dövrlər oğuzların həyatının möhkəm ənənələrindən biri idi ki, igid oğuzun zirəkliyi və oxatma sənəti özünü büruzə verirdi. Halbuki, eyni zamanda, demək olar ki, hər ov sonra gözlənilməz bədbəxtliyə və faciəli hadisəyə də səbəb olur ki, bu da süjetin inkişaf məhvərini çilik-çilik edir, süstləşmiş həyatın ritminə dinamizm və gərginlik yaradır və yeni sayağı baxımdan hadisələri əmələ gətirir.
Lakin fikirlərin gedişinə varaq: Sərxoş olmuş bəylər yekdilliklə Salurun çağırışına qoşulurlar. Yalnız “At ağızlu Aruz qoca iki dizinin üstinə çökdi”, ona xəbərdarlıq etdi: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?” Lakin Qazan öz fikrindən dönməyir, öz oğlunu üç yüz igidlə qoyur və Oğuz bəyləri ilə birlikdə ova gedir.
Çuğul ki yatmır, “kafirlər azğını Şökli Məlikə xanın xəbərini yetirdi, o da fürsəti əldən vermədi və yeddi min iyrənc atlı gecəyarısı Qazan xanın ordusuna hücum etdi və qızıl başlı çadırları qırıb-batırdı”.
Ozan gürcü qoşununu alçaltmağa və qaranlıq qüvvə kimi bizə təsvir etməyə cəhd göstərir və oğuzların yaşadığı yeri şöhrətləndirir. Kafir, qaftanının ardı yırtıx, yarı qara saçlı, iyrənc atlıdan ibarət yaramaz qara qüvvə, “Qaza bənzər qızı-gəlini çığırışdırdılar. Tövlə-tövlə şahbaz atlarını bindilər. Qatar-qatar qızıl dəvələrini yetdilər. Ağır xəzinəsini, bol aqçasını yağmaladılar”. Ən başlıcası, “Qırq incə bellü qızla boyu uzun Burla xatun yesir getdi. Qazan bəyin qarıcıq olmiş anası qara dəvə boynında asılu getdi”. Qısası, ozan qara, yaramaz qüvvənin ağ xeyirxahlıq üzərində qələbəsini bizə təsvir etməyə cəhd göstərir.
Bu zorakılar Salur Qazanın üzərinə hücumla kifayətlənmirlər və Qazanın Dərbənd dərəsində otlayan qoyun sürüsünü də ələ keçirmək istəyirlər.
Və budur, Oğuz cəngavərlərinin dolaşdığı və hökmranlıq etdiyi arenaya pəhləvan çoban çıxır ki, bu da xana qarşı sarsılmaz sədaqətliliyi ilə və dəhşətli fiziki qüvvə ilə də fərqlənir.
Gözlənilmədən Qaraca kimi çağırılan çoban “qara qayğulu vaqiə” görür və tezcə qardaşları Qıyan guci və Dəmir gucini yanına çağırır və döyüşə hazırlaşırlar. Doğrudan da altı yüz kafir hücuma keçir.
Bu epizod, birincisi, onunla diqqətəlayiqdir ki, gözlənilən şərin, istərsə də xeyirin carçısı olan və qədim miflərdə və eposlarda özünü bürizə verən yuxunun funksiyası, məlum olduğu kimi, Oğuz xalqının şüuru üçün ta qədim vaxtlardan bəri yad deyildir. Və ikincisi də, burada yenə də ədalətli və ədalətsiz qüvvələrin qarşıdurması baş verir: Basqınçılar çobana onun ağır və məşəqqətli həyatını xatırladırlar və sonra qürrələnirlər ki, Qazan xanın evini çalıb-çapdılar. O da diqqətəlayiqdir ki, burada cəmisi bir neçə abzasdan öncə təsvir olunan mənzərə, demək olar ki, sözbəsöz təkrarlanıb. Bunu ona görə qeyd edirəm ki, bu cür epizodların, istərsə də kəlmələrin təkrarlanması bir bədii vasitə olaraq bu təhlil olunan əsər üçün xarakterikdir ki, bu da bir daha bizə məlumat verir: Bu xalq qəhrəmanlıq eposu “Eyniliyin estetikası” qanunu ilə yaradılıb. Bu tamamilə təəccüblü deyildir, çünki erkən Orta əsrlərin və elə götürək, ən qədim bədii eposlar, istərsə də şeirlər yuxarıda xatırlanan model ilə yaradılırdı və daha da xalq folkloru – türkdilli, yunan-gürcü, istərsə də fransız-alman, bir sözlə, ümumən xalq yaradıcılığı bu “təkrarlıq” prinsipinə əsaslanır.
İndi yenə də yuxarıda xatırlanan epizoda qayıdaq. Kafirlər çobana bu işdən çəkildiyi halda söz verirlər ki, onu öldürməyəcəklər. Daha da artıq, Şöklü Məliyin yanına aparacaqlar, ona bəylik verdirəcəklər. Çoban isə yenilməzdir, özünün mətin xarakterini göstərir. O, qələbə ilə qürrələnən kafirləri alçaldır:
“İlaqırdı söyləmə, mərə itüm kafir!
İtümlə bir yalaqda yundım içən azğun kafir!
Altındağı alaca atıni nə ögərsin,
Ala başlu keçimcə gəlməz mana!
Başındağı tuğulğanı nə ögərsən, mərə kafir,
Başımdağı börkümcə gəlməz mana!
Altmış tutam göndərini nə ögərsin, murdar kafir,
Qızılcıq dəgənəgimcə gəlməz mana!
Qılıcun nə ögərsən, mərə kafir,
Əgri başlu çovkanımca gəlməz mana!”... və sair. (K.D.Q., səh. 49, D.K.K., səh. 19; O.D.D.K.K. səh. 54).
Sonra döyüş başladı. Çoban öz sapandı ilə hələ daş atırdı. Daşı tükənəndən sonra sapanda qoyunu, keçini qoyub atırdı. Üç yüz nəfərə qədər kafiri məhv etdi və qorxuya düşənlər də geri qaçdılar. Bu döyüşdə onun iki qardaşı da şəhid oldu. Özü isə yüngülvari yaralandı. Əvəzində kafirlərin leşindən bir böyük təpə yığdı. Sonra yolun qırağında oturdu və ağladı: “Salur Qazan, bəg Qazan! Ölümisin, dirimisin, bu işlərdən xəbərin yoqmıdır?” - dedi.
Bu ərəfədə Salur Qazan da pis yuxu gördü. Gördü ki, guya “Yumruğumda talbınan şahin bənim quşumı alur gördüm, gögdən ildırım ağ-ban evim üzərinə şaqır gördüm, düm qara pusarıq ordumun üzərinə tökilür gördüm, quduz qurtlar evimi dələr gördüm, qara dəvə əfisəmdən qarvar gördüm, qarğu kibi qara saçım uzanır gördüm, uzanuban gözümi örtər gördüm, biləgimdən on barmağımı qanda gördüm”. Bəylərdən biri Qaragünə bu yuxunu belə yozur: “Qara bulut dedigin sənin dövlətindir. Qar ilə yağmur dedigin ləşkərindir. Saç qayğudur. Qan qaradır... Qalanısın yora bilmən, Allah yorsun” , - dedi.
Bu hissədə artıq yuxunun yozulması verilmişdir ki, bu da, eləcə də Oğuz tayfaları arasında yayılmış və bərqərar olmuşdur. Bu cür interpretasiya onu bizə göstərir ki, yuxuya gələcək hadisələrin yozumu olaraq böyük əhəmiyyət verilir. Qazana bütün bunlar pis şeyləri işarə etdi. Lakin ovunu pozmaq istəmirdi və özü hadisədən halı olmaq üçün yola düşdü, o şərtlə ki, əmin-amanlıq olsa idi, geri qayıdacaqdı.
Halbuki, yurda çatanda bir quzğun və bir salaxana it gözünə dəydi. Qazan xan narahat olur, “Qovm-qəbilə mənim quma yurdum”, qulan ilə, ceyran və maral ilə zəngin olan diyara düşmən hardan hücum etdi, - deyə düşünür, “Səni yağı nerədən darımış, gözəl yurdum?”, - deyir və vurğulayır:
“Ağ-ban evim dikiləndə yurdi qalmış,
Qarıcıq anam oluranda yeri qalmış,
Oğlum Uruz ox atanda buta qalmış,
Oğuz bəgləri at çapanda meydan qalmış,
Qara mudbaq dikiləndə ocaq qalmış...” (K.D.Q., səh. 50, D.K.K., səh. 21; O.D.D.K.K. səh. 55-56).
Bunu görən Qazanın qara qıyma gözləri qan-yaşla doldu, atını kafir keçdiyi tərəfə sürdü.
Yolda ona çay rast gəldi. Qazan deyir: “Su Haq dizarın görmüşdür, bən bu su ilə xəbərləşəyim”, - dedi. Görəlim, xanım necə xəbərləşdi:
Çağnam-çağnam qayalardan çıqan su,
Ağac gəmiləri oynadan su,
Həsənlə Hüseynin həsrəti su,
Bağ və bostanın ziynəti su,
Ayişə ilə Fatimənin nigahı su,
Şahbaz atlar gəlüb içdigi su,
Qızıl dəvələr gəlüb keçdigi su,
Ağ qoyunlar gəlüb çevrəsində yatduğı su,
Ordumun xəbərin bilürmisin, degil mana
Qara başım qurban olsun, suyum, sana! - dedi.
Sonra üzü də mübarək olan canavar rast gəlir. Onun hər şeyə qadir olduğunu və hamının canına vəlvələ saldığını tərifləyir və yuxarıda verilən sualı təkrarlayır.
Sonra oğruların canına vəlvələ salan itə rast gəlir və ondan xahiş edir ki, öz evinin xəbərini ona söyləsin (K.D.Q., səh. 54, D.K.K., səh. 24; O.D.D.K.K. səh. 59).
Bu hər üç sualdan sonra ozan vurğulayır: Çay... canavar, it nə cavab verməlidir! Əgər bu son fikri ozan yaxşı söyləyirsə, indi bu bir növ yolundan sapmadır. Qazanın çay ilə, canavar ilə və it ilə söhbəti nəyə lazımdır? - deyə səmimi oxucu soruşa bilər.
Birincisi, burada folklorda ümumi bir növ yayılan ənənə, daha doğrusu, stereotip verilmişdir ki, ona da uyğun olaraq nəyisə axtaran qəhrəman qəlbini təbiətə, istərsə də heyvanlara açır. Bu söhbət ilə bir növ təstiq olunur ki, insan və təbiət bir-biri ilə yoğrulmuş bütövlükdür və müvafiq olaraq mənəviyyatca yüksəlmiş insan onunla ümumi dil tapa bilər və gizli sirrinə vara bilər. İkincisi, müəyyən olunduğu kimi, bu çox yayılan qanunişəşdirilmiş baxış, qavrayış Oğuz folklorunda da yayılmışdır və ən başlıcası, konkret halda bu “ədəbi etiket” süjetin ümumi məhvərindən “sapmanı” müəyyən edir ki, bu da “eyniyyətin” estetik sistemi üçün tamamilə təbiidir. Üçüncüsü də, Qazanın müraciət obyekti türk xalqının qavrayışında: saflıq rəmzi olan və islam təlimində bir çox funksiya daşıyan ilk çay və üzü mübarək olan, türk xalqları üçün igidliyin rəmzi olan və bəzi tayfaların da totemi olan canavar və it sədaqətliliyə və xəyanət etməməkliyə münasibdir. Artıq olmaz ki, Orta əsrlərin istər qəhrəmanlıq eposunu (çay sahilində ağlayan Tariyelin qəmli üzünü təsəvvür edək) və istər gürcü, istərsə də istənilən xalq folklorunda çay obyektdir ki, burada da qəhrəman öz dərdini onunla bölüşür və eləcə də yardım və çətinliklərdən çıxmağı xahiş edir. Əgər Quranda nəql olunan sədaqətlilik rəmzi mağara itinin nümunəsini unutmasaq, indi tamamilə Salur Qazanın davranışı təbii olaraq dərk edilir. Elə burada bir fakt – saflar safı xanımlar Ayişə və Fatimə ilə birlikdə xatırlanan Həsən və Hüseynin həsrəti diqqətəlayiqdir ki, bu da onu bir daha göstərir ki, “Dədə Qorqud”u düzüb-qoşan və nəhayət, xeyir-duasını verən şiədir.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU