Sovetləşmədən öncə, 1880-1921-ci illər Tiflisdə yüzdən çox satirik-yumoristik jurnal və almanax nəşr olunmuşdu. Bu nəşrlərdə bizim üçün maraqlı olan yazıları toplayaraq “Yeni yol” qəzetinin oxucularına təqdim etmək istəyirəm. 1880-1921-ci illərdə Tiflisdə rus dilində nəşr olunan “Falanqa” satirik jurnalında bir neçə lətifə verilmişdi.
Şərq lətifələri
İki nəfər dar ağacının yanından keçir. Biri o birisinə deyir: “Layiqli insanları dara assalar nə olardı?”
O biri cavab verir: “Onda güman ki, bu dünyada mən tək qalardım”.
***
Meşədə yaralanmış bir qulduru tutub dar ağacına aparırlar. Bir qoca onu sakitləşdirməyə çalışaraq deyir:
– Oğlum, biz hamımız öləcəyik.
O cavab verir:
– Bu belədir, ata, lakin özünüzün asılacağınızı yaddanmı çıxartdınız?!
* * *
Nökər fənərlə xanımını yola salırdı. Qadın tez-tez palçığa batırdı ki, bu da onun nökərini o qədər də narahat etmirdi. Xanım deyir:
– Buradan o yana gedə bilmərəm, bütün palçığa batırıq.
– Qorxmayın, xanım, mən çəkmə geyinmişəm, – deyə nökər cavab verir.
* * *
Baş keşiş dua edərkən xəsis kilsəyə daxil olur. Xəsis deyir: “Bu da mərhəmət umanda bəs mən nə edim. Mən də dilənçiliyə başlayacağam. Allaha da xoş gedər”.
* * *
Həkim: “Di, deyin görüm, haranız ağrıyır?”
Sövdəgər: “Aha. Dəlidirmi, nədir bu. Pulumu sənə ona görə verirəm ki, özün biləsən!”
* * *
Xanım: “Bu salaxana küçədə mənə imkan vermir, mənə göz-qaş edir”.
Kinto: “Aha. Bu gözlər mənimdir. İstəsəm yumaram, istəsəm açaram”.
1906-cı ildə rus dilində nəşr olunan “Xurma” ədəbi-bədii, satirik jurnalında dərc olunanlar:
Teleqram
Konstantinopol sultanının səhhətinin durumu sual altındadır. Camaat həyəcanlanır... Aman-aman birdən sağ qalar. Cenevrə mehmanxanaları varlı rus mühacirləri ilə doludur. Peterburqda birdən əcəli ilə ölümü ləğv edən qanun layihəsi işlənib hazırlanır.
* * *
Əmr
Otun böyüməsi, yarpaqların xışıltısı, güllərin ətir saçması qadağan olunur.
* * *
Məhkəmədə
– Maraqlıdır, bu centlmen nə ilə yaşayır?
– Oho, bu yaxşı yerdə işləyir.
– Harada?
– Məhkəmədə.
– Nə edir?
– Xroniki şahidlik.
* * *
Coğrafiya dərsi
– Tobol quberniyası haradadır?
– Qərbi Sibirdə.
– İnsan ora necə düşə bilər?
– Tətil etsə.
* * *
Müəllim: “Yer üzünün ən çox məskunlaşmış hissəsi haradır?
Şagird: “Həbsxana”.
1901-1908-ci illərdə gürcü dilində nəşr olunan “Nişaduri” satirik-yumoristik jurnalında dərc olunanlar:
Hazırcavablıq
İmperator II Nikolay Qafqazdan narazı idi və deyirdi ki, Qafqaz Rusiya üçün sərfəli deyil. Buna görə də Qafqazın Rusiyaya səmərə verməsi üçün nəsə vəsaitin toplanılması təklifi ilə dövlət dumasına müraciət edir.
İmperatorun əhval-ruhiyyəsi yaxşı deyildi və dumanın heç bir üzvü səsini çıxarmağa ərk edə bilmirdi. Nəhayət, bir nəfər ixtiyar, hörmətli general ayağa qalxaraq bəyan etdi:
– Böyük hökmdar, mənim fikrimcə, yaxşı olardı ki, Qafqazı icarə ilə daha tərbiyəli dövlətə verək... Yüz illiyinə. Məsələn, 33 il Almaniyaya – mədəniyyəti gətirmək üçün; bir o qədər vaxta da İngiltərəyə – ticarəti gətirmək üçün; 33 illiyinə İtaliyaya – musiqi və incəsənətin yayılması üçün. Onda Qafqaz daha səmərəli əyalətə çevrilə bilər.
Bu fikir çarın çox xoşuna gəldi və dedi:
– Əla, çox əla! Sən deyirsən 33 illiyinə Almaniyaya, 33 illiyinə İngiltərəyə, 33 illiyinə İtaliyaya verək. Bu, cəmisi 99 il edir.
– Bəli.
– Bayaq 100 il dedik. Bəs o son 1 ili kimə verək?
– Son 1 ili siz əlahəzrətlərinə, Qafqazda canişin təyin edin. Belə ki, o da 1 il ərzində 99 ildə görülən bütün işləri yox edəcəkdir, – deyə general cürətlə cavab verir.
* * *
Divanbəyinin ədaləti tarixindən
Köhnə vaxtların divanbəyiləri camaat arasında pis ad çıxarmışdılar. Guya ki, özbaşına, haqsız və qəddar olmalı idilər. Lakin bütün bunlar şaiyə və böhtanlar üzərində qurulmuş ittihamlardır. Buna görə də divanbəyilərin gələcək tarixinə bir-iki “spravka” ötürüm.
Divanbəyinin yanına şikayətçi gəlir. Bir badya bal berərək öz şikayətini ərz edir.
– Yaxşı, get, o adamı çağırtdıraram və sənə vurulan ziyanı ona ödətdirərəm.
Çağırılan həmin adam gəlir. O, divanbəyiyə bir donuz gətirir və özünü doğrultmağa başayır.
– Yaxşı, get, şikayət edən yalançı imiş, – deyə divanbəyi onun sözünü kəsir.
Bir az keçəndən sonra yenə şikayətçi divanbəyiyə yaxınlaşır. Öz işini, verdiyi balı və onun verdiyi vədi ona xatırladır.
– Bəli, haqlısan, lakin, nə edim, atası rəhmətlik, sənin balını onun donuzu yedi, – divanbəyi dəbbələyərək deyir.
Riş-Baba (A.Saracişvili)
1911-ci ildə gürcü dilində “Vay-Vay” əyləncəli almanaxından:
Kintonun hazırcavablığı
Kinto bulka satanın yanına gedir və deyir ki, mənə “sdobnı” ver (“sdobnı” – yağlı, şirnili – Red.). Görür ki, köhnədir. Onu geri qaytararaq deyir:
– Götür, mənim qardaşım, “sdobnı”nın əvəzinə bulka gətir.
Ona bulkanı gətirir. O, yeyəndən sonra qalxır, pul verməyərək eləcə də bayıra çıxır.
– Ey, sən bulkanı yedin, pulunu vermirsən?
– Yuxuda deyilsən ki, kor idin, görə bilmədin? Bulka verdin, “sdobni” verdim.
– Yaxşı onda “sdobnı”nın pulu?
– “Sdobnı”nı ki, geri qaytardım.
1913-cü ildə gürcü dilində nəşr olunan “Xumara” ədəbi-bədii almanaxından:
Həzrət Süleymandan soruşurlar, dünyada qadın çoxdur, yoxsa kişi?
– Qadın, – deyə Həzrət Süleyman cavab verir.
– Nədən bilirsiniz?
– Öz ağlını qadının ağlına verən kişi də qadınlara aiddir və buna görə də qadınlar olduqca çoxdur.
* * *
İranlı gürcüdən soruşur:
– Gürcü, əsnəyəndə niyə xaç çəkdin?
– Qorxuram ağzıma şeytan girə.
– Bəs mən xaç çəkmirəm, ağzıma şeytan girir?
– Öz evinə girməyə və çıxmağa kim mane ola bilər, – deyə gürcü cavab verir.
* * *
– De görüm, mənim əziz İvanem, qəssab ilə həkim arasında nə əlaqə var? – deyə birisi öz tanışından soruşur.
– Ay qurumsaq, bunu bilməyə nə var ki, qəssab əvvəlcə malı kəsir, sonra soyur. Həkim isə öz xəstəsini əvvəlcə soyur, sonra öldürür.
* * *
Bəzi ağzıgöyçəklər deyirlər ki, bir dəfə Xatisov (A.İ.Xatisov sovetləşmədən öncə Tiflis şəhərinin hakimi, daşnaklar və katetlət partiyasının üzvü, sonralar daşnak Ermənistanının rəhbərlərindən biri olub – M.M.) xəstə imiş. Dostları ona baş çəkirlər, ürək-dirək, təsəlli verəndən sonra Xatisov, sən demə, deyibmiş ki: “Mən ölümdən qorxmuram, həm də təəccüblənmirəm. Bircə ona təəssüflənirəm və narahat oluram ki, öz ehsanımda iştirak edə bilməyəcəyəm. Başqaları söz deyəcək, mən isə deyə bilməyəcəyəm”.
1914-cü ildə gürcü dilində “Laxti” həftəlik ədəbi-karikatura jurnalından:
Qafqazda bir tatar (azərbaycanlı – M.M.) arvad alır. Öz nişanlısının üzünü görmür. Elə ki, tək qalırlar, ər arvadının çadrasını götürür və görür ki, onun çox eybəcər sifəti var. Gənc arvad utana-utana öz ərindən soruşur:
– Sənin qohumların arasında kimə üzüaçıq görünüm?
– Hamıya, məndən başqa, – deyə əri cavab verir.
Toplayan və gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu