Hər bir valideyn övladının sağlam, xoşbəxt yaşamğını və uğurlu bir gələcəyinin olmağını xəyal edir. Bu xəyallarını gerçəkləşdirmək üçün də dayanmadan çalışır, ağır-yüngül demədən hər işdə işləyirlər. Əllərindən gələni edirlər ki, uşağına bir gün ağlasın, pis-yaxşı bir gələcək hazırlaya bilsinlər. Ancaq təəssüflər olsun ki, bəzən həyatın sərt reallıqları buna icazə vermir və bu gözəl arzuları paramparça edir.

 

Bu reallıqlardan biri də bəşəriyyətin qarşılaşdığı, bəlkə də ən təhlükəli problemlərdən biri olan narkomaniyadır, digər adıyla desək “ağ ölüm”dür. Bu bəla səssiz və gizli şəkildə insanların həyatına daxil olur, yavaş-yavaş onların arzularını və gələcəyini əlindən alır. Hətta insan özü belə nə baş verdiyini bilmədən hər şeyi darmadağın edir. Bir vaxtlar böyük xəyallarla, ümidlərlə yaşayan gənclər bəzən bir anlıq marağın, bəzən də yanlış mühitin qurbanına çevrilərək həyatlarını öz əlləri ilə məhv edirlər.

 

Addım-addım bu bataqlığa sürüklənən insanlar ilk dəfə bunun yalnız bir sınaq, bir cəhd olduğunu düşünürlər. Lakin heç nə düşünüldüyü kimi olmur. Əvvəlcə “bir dəfədən nə olacaq ki” deyə başlayan bu yol, zamanla vərdişə, daha sonra da asılılığa çevrilir. Zaman keçdikcə isə insan öz-özünü idarə etmək gücünü itirir və artıq bu bataqlıqdan çıxmaq getdikcə daha çətin, az qala imkansız olur. Bəzən də bu bataqlığa “dost” adlandırdıqları, yanlış mühit tərəfindən düşürülür. Çünki insan həyatında ən güclü təsirlərdən biri məhz yaşadığı mühit və dostlarıdır. Yanlış çevrədə olmaq insanı hiss etmədən yavaş-yavaş uçuruma aparır. Ən xırda problemin öhdəsindən bu yolla daha asan gələcəklərinə inandırılırlar. Həmin anda insan cəsarət göstərib seçim etdiyini düşünür, ancaq seçimin onun yerinə başqaları tərəfindən edildiyini başa düşmür. Beləcə yanlış mühit insanı öz qaranlığına çəkir.

 

Narkomaniyadan əziyyət çəkən insanların həyatında bir müddətdən sonra nə ailə qalır, nə dost, nə də vicdanın səsi. Maddə onların düşüncələrini, hisslərini və iradələrini əsir alır. Ətraflarında baş verənlər, kimin nə yaşadığı, kimə hansı zərərin dəydiyi onlar üçün artıq əhəmiyyətini itirir. Beləcə narkotik maddə tədricən insanın düşüncəsini və həyat eşqini əlindən alır. Artıq onların dünyası tək bir şey üçün dönür – yeni maddə tapmaq.

 

Bu vəziyyətə düşən insan üçün yeganə məqsəd haradan olursa olsun pul tapmaq və narkotik əldə etmək olur. Vicdan, qanun, mənəviyyat kimi dəyərlər isə yavaş-yavaş silinməyə başlayır. Maddənin əsarəti altında olan biri üçün oğurluq etmək, kimisə aldatmaq, hətta başqasına zərər vermək belə adi və bəzən qaçılmaz bir yol kimi görünür. Bir vaxtlar xəyal belə etmədikləri cinayətləri çəkinmədən törədə bilirlər. Çünki narkomaniya insanın yalnız bədənini deyil, eyni zamanda ruhunu və düşüncə tərzini də ələ keçirir.

 

Narkomaniyanın ən ağrılı tərəfi isə odur ki, o yalnız bir insanı deyil, bütöv bir ailəni, hətta ətrafındakıları da özü ilə bərabər uçuruma sürükləyir. Ailələr dağılır, ümidlər qırılır, sağlamlıq itir, anaların gözləri yaşlı qalır, valideynlərin ümidləri puça çıxır. Bununla da nəticələnmir, dost-tanışlar da bir-bir uzaqlaşır, çünki heç kim daim yalanın, təhlükənin və xəyanətin içində yaşamaq istəmir. Bir zamanlar sevilən, hörmət edilən bir insan get-gedə hamının qorxduğu və uzaq durmağa çalışdığı birinə çevrilir.

 

Narkomaniya sadəcə bir pis vərdiş deyil, o insanı insan edən bütün dəyərlərini məhv edən səssiz bir fəlakətdir. Maddə insanı öz həyatının sahibi yox, əsirinə çevirir. Bu yolun sonu isə çox vaxt ya həbsxana divarları, ya da erkən ölüm olur.

 

Buna görə cəmiyyət narkomaniyaya yalnız bir tibbi problem kimi deyil, həm də böyük mənəvi və sosial təhlükə kimi yanaşmalıdır. Çünki narkomaniya sadəcə bir ailənin problemi deyil. Bu, bütöv cəmiyyətin gələcəyini hədələyən böyük bir bəladır. Ona görə də bu təhlükəli yolun başlanğıcı çox vaxt kiçik görünsə də, sonu insanı geri dönüşü çox çətin olan qaranlıq bir uçuruma aparır. İnsan gərək hər addımını düşünərək atsın, çünki bəzən bir anlıq maraq bütün bir ömrün faciəsinə çevrilə bilir.

 

Narkomaniya cəmiyyətin sağlamlığını da sarsıdır. Bununla mübarizə yalnız qanunların sərtləşdirilməsi ilə mümkün deyil. Bu problemin qarşısını almaq üçün ailə, məktəb və cəmiyyət birlikdə çalışmalıdır. Gənclərə düzgün dəyərlər aşılamaq, onları diqqət və qayğı ilə əhatə etmək bu bəlanın qarşısını almaqda ən mühüm addımlardan biridir. Qısası, narkotik cəmiyyətin üzləşdiyi ən ağır faciələrdən biridir.

 

Unutmaq olmaz ki, hər bir gənc bir ailənin ümidi, bir cəmiyyətin gələcəyidir. Onları bu qaranlıq yoldan qorumaq isə hamımızın ortaq məsuliyyətidir. Çünki narkomaniya hər kəsin gələcəyini məhv edən səssiz fəlakətdir.

 

Afaq Azər