“Qeyri-izolyasiya olunmuş mədəniyyətlərin qarşılıqlı əlaqəsi təkcə ideyaların mübadiləsi ilə deyil, həm də insan təcrübələrinin müxtəlifliyini və zənginliyini artırmaqla nəticələnir” (Jared Diamond, “Silahlar, Mikrob və Polad”).
Jared Diamond bu kitabında müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinin və onların inkişafına təsir edən amillərin təhlilini təqdim edir. İzolyasiya olunmamış mədəniyyətlər arasında əlaqə inkişafın təkanını verə bilər və fərqli mədəniyyətlərin müxtəlif aspektlərini bir-birinə yaxınlaşdırır. Lakin dönüb Qardabaniyə baxsaq, onun izolyasiya mövzusundan nə qədər uzaq qaldığını, insanların öz arzu və istəkləri ilə ona biganə yanaşdığını görərik. Texnologiyanın inkişafından irəli gələrək qloballaşmanın yayğın olduğu və demək olar ki bütün ölkələrin və həmin ölkələrin sərhədləri daxilindəki ərazilərin bir-birinə həm siyasi-iqtisadi, həm də sosial-mədəni təsir etdiyi bir dövrdə Qardabani nə təsirə məruz qalır, nə də harasa təsir göstərir. Təbii ki, burada müsbət təsiri nəzərdə tuturam, hansı ki, Diamondun da qeyd etdiyi kimi, inkişafın təkanını verir. Amma təəssüf ki, sakinlərinin əlli faizindən çoxunun öz ölkəsində baş verən hadisələrdən, bu hadisələrin səbəbindən və mahiyyətindən bixəbər olduğu bu “şəhər” statusuna sahib olan ərazidə nə inkişafın “i”-sini, nə də təkanın “t”-sını görə bilmirik. Bunun səbəbkarı ölkənin digər bölgələrindən təcrid olunmuş kimi yaşayan bizlərik, çünki bu hadisələr bizim üçün maraqlı deyil.
Məsələn, Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avrointeqrasiya prosesinin 2028-ci ilə qədər dayandırılması haqqındakı bəyanatından sonra günlərdir Tbilisidə keçirilən etiraz aksiyaları haqqında 10 Qardabani sakinindən soruşsaydıq, yəqin ki, söhbətin nədən getdiyini bilənlərin sayının bilməyənlərdən təxminən iki dəfə az olduğunu təsəvvür etmək çətin olmazdı. İş orasındadır ki, insanlar bu barədə hadisələrin baş verdiyi günlərin sayının 10-a yaxınlaşdığı günlərdə xəbər tuturlar. Hadisələrdən agah olandan sonra isə içimizdə, dərinliklərdə yatan dırnaqarası siyasətçilər oyanırlar və məsələləri şüurumuzun çatdığı yerə qədər təhlil etməyə başlayırıq. Bununla da öz “missiyamızı” başa çatdırırıq. Çünki bu ərazidə etiraz etmək, mitinq keçirmək kimi hallar “qadağandır”, biz ona pis baxırıq. Amma dönüb Marneuliyə baxanda oranın sakinlərinin etiraz edərək səslərinin çıxdığını görürük. Bir neçə gün öncə orada keçirilən dırnaqarası aksiyada iştirak edənlərin sayı az da olsa, heç olmasa buna cəhd göstərənlər olmuşdur. Ümumiyyətlə, orada yaşayanlar “etiraz” sözünün əsl mənasını həm sözdə, həm özdə nümayiş etməyi çox yaxşı bacarırlar. Amma burada elə deyil.
Binəli İslamoğlunun dediyi kimi, biz hələ öz problemlərimizlə bağlı meriyaya gedib şikayət etməyi bacarmırıq, qaldı ki, etiraz aksiyası keçirmək, heç olmasa ona cəhd etmək. Onsuz da biz demirik ki, hər gün aksiya, mitinq keçirək. Belə baxanda hamı sakit və rahat həyat tərzi keçirmək, stabil siyasət istəyər. Amma bu o demək deyil ki, həyatımızı elə az aşım, ağrımaz başım deyib keçirməliyik. Ölkəmizdə baş verən hadisələrlə maraqlanmaq, yeri gələndə bələdiyyəyə şikayət dalınca getmək, haqqımızı tələb etmək, yeri gələndə sosial-siyasi həyatda aktivlik göstərmək lazımdır. Daha belə izolyasiya olunmaq yox, canlanmaq lazımdır. Bunun üçün isə mədəniyyətin zənginləşməsi, insanların sosiallaşması lazımdır. Burada isə mədəniyyət və sosiallaşmaq üçün ən əlverişli yerlər ya dönərxanadır, ya çayxana, ya da gözəllik salonu.
Sözdə Mədəniyyət Evimiz, muzeyimiz və Azərbaycan tərəfindən maliyyələşdirilən kursumuz da mövcuddur, amma orada hamı öz maddi qazancını güdür. Geridə qalır tək parlaq ulduzumuz “Beez” Uşaq Teatrı, hansı ki, öz varlığı ilə boz rəngə oxşayan bu şəhərə rəng qatır, sözün əsl mənasında mədəniyyət sözünü dirçəldir. Lakin qardabanililərin çoxunun heç onun varlığından da xəbəri yoxdur. Niyə? – Çünki maraqlanmırlar. Elə bu maraqlanmamağın ucbatından xaricdə yaşayan bir şəxsin ailəsinə geri qayıtmağı ilə bağlı teleqram göndərib özünün həmin teleqramdan əvvəl gəlməsi hadisəsi kimi, 2024-cü ildə Gürcüstanda yaşanan hadisələr başa çatıb hər şey qaydasına düşəndən sonra qardabanililərin bundan xəbər tutması hadisəsi bir-birinə oxşayır. Birinci halda bu inkişafın geriliyindən, ikincidə isə insan şüur və dünyagörüşünün geriliyindən irəli gəlir.
Çiyalə OSMANOVA