Dünyanın meydana gəlməsiylə birlikdə ortaya çıxan və insanlıq tarixindən də qədim bir tarixə malik olan, eyni zamanda normal istilik və təzyiq altında belə maye halında olan su bir oksigen ilə iki hidrogen atomundan ibarət olan rəngsiz, qoxusuz və dadsız bir maddədir.

 

Həyatın ana ünsürü olan su ən fundamental ehtiyac maddəsi olması baxımından digər təbii qaynaqlardan fərqli olaraq iqtisadi dəyərinin xaricində, indiki vaxtda ictimai və siyasi məqsədlər istiqamətində istifadə edilməyə uyğun bir əmtəə olaraq da qarşımıza çıxmaqdadır.

 

Su yaşayan bütün canlılar üçün ən əhəmiyyətli təbii qaynaqlardan biridir. Digər bir ifadəylə, su həyatın və canlıların qaynağıdır. İnsan istifadəsi, ekosistem istifadəsi, iqtisadi inkişaf, enerji istehsalı kimi suyun lazımlı olduğu bir çox sektor vardır.

 

Su həyatın hər sahəsində əhəmiyyətlidir. Su olmadan yemək bişirmək olmur. Su olmadan yuyunmaq olmur. Su olmadan ev təmizliyi etmək olmur. Su olmadan dəstəmaz və ya qüsl etmək olmur…

 

Həmçinin su təsərrüfatın yetişməsində və təmizlik sahəsində də əhəmiyyətli yerə malikdir. Əgər su olmazsa həyat da olmaz anlayışı da hər kəs tərəfindən qəbul edilmiş bir temrindir. Hələ çətinliklərlə dolu olan və pandemiyadan yaxa qurtara bilməyən günümüzdə suyun əhəmiyyəti çox böyükdür. Susuz yaşamaq düşünülə bilməyəcək qədər çətindir, məncə. Bir sözlə, “Su həyatdır” temrinini mən də dəstəkləyirəm.

 

Bu mövzunu ələ almağım, bu haqda söz açmağım da boşuna deyil. Pandemiyanın ayaq açıb yeridiyi, az qala qaçdığı bir zamanda şəhərin mərkəzindəki binanın onsuz da günün bəlli saatlarında verilən suyunun gəlməməsi (sızqıntı şəklində gəlməsi), həm də az qala bir aya yaxın bir müddətdə bu halın davam etməsi bu işlə məşğul olanların vecinə belə deyil deyəsən. Bu səbəblə də epidemioloqların, həkimlərin bol su için, əlinizi tez-tez yuyun ki, virusdan qoruna biləsiniz çağırışına biz əməl edə bilmirik. Edilən bu qədər müraciətlərə baxmayaraq suyun olmaması insan haqlarına qarşı törədilən bir haqsızlıqdır.

 

Su idarəsinə edilən müraciətə, yazılan çoxsaylı ərizələrə cavab gəlir ki, yerli bələdiyyəyə get, bələdiyyəyə gedirsən, qayıdır ki, filan orqana müraciət et. Filan orqan da özəl şirkətdir deyib təkrardan səni yönləndirir su idarəsinə. Bu çətin dövrdə evdə körpə uşağı olanı var, xəstəsi olanı var.

 

Binada isə bir çox insanın heç ehtiyat üçün su çəni də yoxdur. Bu vəziyyətdə bu insanlar necə yuyunsunlar, necə təmizlik etsinlər? Elə gün olur ki, heç təzyiq olmur və su sızqıntı halında belə gəlmir. Kirlənmiş qab-qacaq nə vaxta qədər kirli qala bilər? 21-ci əsrdə insanlar nə vaxta qədər vedrədə, ləyəndə su qızdırıb yuyunacaqlar?

 

İşin ən maraqlı yönü isə odur ki, bu müddət ərzində cəmi-cümlətanı bir dəfə nazlana-nazlana gələn su idarəsinin əməkdaşı binaya gələn boru xəttinin yerini belə bilmir. Bina sakinlərindən soruşur ki, xətt haradan keçir. Əlində bir xəritə olması lazım olan işçi və çalışdığı şirkət demək ki, işinə və əhaliyə bu qədər dəyər verir.

 

Hacı BƏKİROĞLU