Sonra da şivən salırıq, gözümüzü yumub, ağzımızı geniş açaraq qışqırırıq ki, ay haray, ay həzərat, ay camaat, ay deputat, ay təhsil naziri, ay təhsil komitəsinin sədri, ay ombudsman, ay BMT, kadr çatışmır, Gürcüstandakı azərbaycandilli məktəblər kadr çatışmazlığı təhlükəsi ilə üz-üzədir. Üzümüzü Şərqə tutub bar-bar bağırırıq ki, eheeey, siz ey ordakılar, kadr çatışmır, arada bir Şimal-Qərb tərəfə də boylanın, dilimiz, məktəbimiz əldən gedir, yaşlı müəllimlər məktəbləri tutub durası deyillər, təəssüf ki, zaman əleyhimizə işləyir, müəllim olmayacaqsa məktəblərimiz bağlanacaq və sair, və ilaxır...
Boylanıb məktəblərimizə baxanda isə tamamilə fərqli mənzərə görürük. Görürük məktəblər müəllimlərimizin müharibə meydanına çevrilib – dərs saatı üstündə əməlli-başlı dava gedir. Bir müəllim digər müəllimin 1-2 saatını çırpışdırmaq, əlindən almaq üçün ölüm-qalım mübarizəsinə qatılıb. Vay halına deputatdan-zaddan adamın olmaya, vay halına məktəb direktoru ilə aran soyuq ola, vay halına adın müxalifət partiyası ilə birgə hallana – saatların heç vaxt artan deyil, azalacaq.
Dərs saatları bu qədər azdırsa, belə çıxır ki, müəllimlərin sayı çoxdur. Dərs saatına görə müəllimlər bir-birini qırırsa, belə çıxır ki, yaşlı müəllimlər məktəbləri tutub durası olublar. Dərs saatları hamıya çatmırsa, belə çıxır ki, kadr çatışmazlığı söhbəti yalandır.
Bir ara hökumət pensioner müəllimlərə öz istəkləri əsasında iki illik əməkhaqqına bərabər birdəfəlik pul mükafatı verərək təqaüdə göndərməyə cəhd etdi. Biz onda da şivən saldıq, gözümüzü yumub, ağzımızı geniş açaraq qışqırdıq ki, ay haray, ay həzərat, ay camaat, ay deputat, ay təhsil naziri, ay təhsil komitəsinin sədri, ay ombudsman, ay BMT, ay Azərbaycan, müəllimlər iki min, üç min lariyə şirnikib məktəbdən çıxacaqlar, kadr çatışmayacaq, məktəblərimiz bağlanacaq. Deyilənə görə, həmin period pul mükafatını götürüb məktəbdən çıxan pensioner müəllimlər sonra yenidən məktəbə işə girdilər. Hökumətin yaşlı müəllimləri məktəbdən mədəni şəkildə qovmaq cəhdi alınmadı, fiaskoya uğradı. Yəni yaşlı müəllimlər məktəbləri tutub durası oldular. İmkan vermədilər kadr çatışmazlığı olsun. İmkan vermədilər gənclər məktəblərdə müəllim işləsinlər.
İndi də ki, məktəbə işə girib müəllimlik etmək üçün gərək mütləq deputatdan-zaddan adamın, məktəb direktoru ilə isti münasibətin, ən azı hakim partiyadan tanışın və ya müəllim qohumun ola. Fərqi yoxdur, sən pedaqoqsan, kvalifikasiyalısan, yaxşı kadrsan, əgər “adamın” yoxdursa “kadr çatışmazlığı” şivəni sənə aid deyil.
Heç məktəblərin müəllimlər üçün elan etdiyi vakansiyaların da sənə aidiyyatı yoxdur. Vakansiyalar da deputatdan-zaddan tanışı olanlara, məktəb direktoru ilə isti münasibəti olanlara, məktəblərdə Sovet dövründən bəri işləyən müəllim qohumu olanlara, təhsil resurs mərkəzində tanışı-tunuşu olanlara, iki-üç məktəbdə işləyən, dərs saatı üstündə digər müəllimlərin çörəyinə şərik olan "acgöz müəllimlərə" aiddir. Fərqi yoxdur – yaşlı, ya cavan, bu "acgöz müəllimlər" imkan verməzlər ki, azərbaycandilli məktəblər “kadr çatışmazlığı” ilə üzləşsinlər. Bir vakansiyanı boş buraxmazlar. Bütün fənlərə girişərlər.
Sonra da şivən salırıq, gözümüzü yumub, ağzımızı geniş açaraq qışqırırıq ki, ay haray, ay həzərat, ay camaat, ay deputat, ay təhsil naziri, ay təhsil komitəsinin sədri, ay ombudsman, ay BMT, kadr çatışmır. Bundan sonra kadr çatışmazlığı söhbətini etmək ayıbdır, vallah ayıbdır, billah ayıbdır, camaatdan, deputatdan, təhsil nazirindən, təhsil komitəsinin sədrindən, ombudsmandan, BMT-dən ayıbdır. Adama deyərlər, kadr çatışmırsa, bəs bu qədər gənc kadr niyə işsizdir, niyə məktəblərdə işə girə bilmirlər?..
Azər MUSAOĞLU