Məktəblərdə tədris ili tezliklə başlayacaq. Məktəbin əhatəsindəki avtomobil yollarında piyada şagirdlərin, müəllimlərin və vaideynlərin hərəkət etməsi nə dərəcədə təhlükəsizdir? Gürcüstanda məktəbin yol zonası təhlükəsizliyinin planlaşdırılması necə olur və necə olmalıdır?!
Bu haqda “Yol təhlükəsizliyi üçün tərəfdaşlıq” qeyri-hökumət təşkilatının rəhbəri İrakli İzoria danışıb:
– Cənab İrakli, ilk növbədə uşaq və yeniyetmələr arasında baş verən yol-nəqliyyat hadisələri ilə bağlı son statistik məlumatları bizə bildirin.
– Qeyd edim ki, Gürcüstanda yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan və ölənlərin sayı kifayət qədər yüksəkdir. Son illərin göstəricilərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 430 nəfər dünyasını dəyişib, 7 517 nəfər xəsarət alıb. Ancaq bu məlumatlar hələ də şərtidir, izah edəcəyəm. Çünki bunlar yalnız qeydə alınmış halların statistikasıdır. Məktəb yaşlı şəxslərin statistikasına gəldikdə isə, qeyd edim ki, ümumilikdə bütün ölkə miqyasında 2022-ci ildə 12 uşağın/yeniyetmənin ölüm faktı qeydə alınıb, 874 nəfər isə yaralanıb.
– Məktəb zonalarında nəqliyyat baxımından Gürcüstan və Avropanın inkişaf etmiş ölkələri arasında fərq nədir?
– Təəssüf ki, biz özümüzü məktəb zonaları müəyyən edilmiş standartlara tam uyğun olaraq planlaşdırılmış Avropanın heç bir inkişaf etmiş dövləti ilə müqayisə edə bilmərik. Niyəsini izah edim. Gürcüstanda “məktəb zonası” anlayışı qanunvericilik səviyyəsində yoxdur. Bu məsələ yalnız kimin və ya kimlərinsə istəyinə bağlıdır. Şərti olaraq, bələdiyyələr beynəlxalq standartlarla rəhbərlik edirlər, ya yox – bu onların istəyinə bağlıdır. Bizim fond üç ildir məktəb zonalarının tətbiq edilməsi proqramı üzərində işləyir, 100-ə yaxın məktəb və bağçada məktəb zonamız var. Gürcüstan Yol Departamenti, Tbilisi və Zuqdidi bələdiyyələri bu prosesə fəal qoşulmuşdular. Yol təhlükəsizliyinin planlaşdırılması da məktəbin yerləşməsini nəzərə almaqla olmalıdır. Eləcə də, əgər məktəb tikilirsə mərkəzi yol və tranzit yollarda yerləşməsi məqsədəuyğun deyil.
– Deyə bilərsinizmi, təcrübədə məktəbin yol zonası təhlükəsizliyinin planlaşdırılması necə olmalıdır və bu prosesə kim qoşulmalıdır?
– Hər məktəbin fərdi yerləşməsi var, buna uyğun olaraq, ümumi istifadə olunan yanaşma yoxdur. Beynəlxalq yanaşmalara görə, məktəb zonasında hərəkət etmək sürəti 30 km/saat sürətdən çox olmamalıdır. Sürətə nəzarət edilməlidir, müvafiq video kameralarla nəzarət olunmalıdır, uşaqlar üçün təhlükəsiz keçid quraşdırılmalıdır. Eləcə də məktəb zonalarının quraşdırılması üçün təlimatlar mövcuddur. Məsələn, biz “Qlobal küçələr təşəbbüsü” tərəfindən maliyyələşdirilmiş dərsliyin (Designing Streets for Kids) hazırlanmasında iştirak etdik. Dərslik yollarda uşaqların yol təhlükəsizliyinin planlaşdırılması ilə bağlıdır. Bu dərslik küçə planlaşdırmasının layihədən başlayaraq maraqlanan tərəflərin iştirakına qədər keçəcəyi mərhələləri nəzərə alır. Qeyd etdiyim kimi, iştirak hərtərəfli olmalıdır və bütün prosesdə bələdiyyə, eləcə də Təhsil Nazirliyi, mülki təşkilatlar, digər maraqlanan tərəflər iştirak etməlidirlər.
– Dövlətin “məktəb zonaları”nın planlaşdırılması siyasəti baxımından hansı inkişafı var və gələcəkdə nə edilməlidir?
– Bir halda ki, məktəb zonaları və ümumiyyətlə, uşaqların yol təhlükəsizliyi BMT-nin qlobal (2021-2030) planının bir hissəsidir, dövlətlər bu istiqamətdə işləməyə diqqət yetirməyə məcburdurlar. Gürcüstanda artıq inkişaf var, çünki son üç il ərzində müxtəlif bələdiyyələrdə pilot məktəb zonaları tətbiq edildi. Eləcə də Gürcüstan Yol Departamenti məktəb zonalarında 30 km/saatlıq sürət məhdudiyyətlərini tətbiq etməyə çalışır. “Ehtiyatlı ol, uşaqlar var” yol nişanını daha çox məktəbin qarşısında görürük.
Məsələn, Zuqdidi bələdiyyəsi bütün məktəblərin qarşısında məktəb zonası quraşdırıb, Tbilisidə isə bu proses davam edir. Qeyd edək ki, bu prosesə Gürcüstanın bütün bələdiyyələrinin qoşulması və təcrübələrini bir-biri ilə bölüşməsi mütləqdir.
– Şagirdlərin valideynləri məktəb zonalarının qurulması prosesinə necə qoşulmalıdırlar, övladlarının təhlükəsiz hərəkət etməsi üçün nəyə xüsusi diqqət etməlidirlər?
– Öz təcrübəmizdən deyim. Məktəb zonalarını araşdıranda müxtəlif məktəblərdən çox sayda valideyn bizimlə əlaqə saxladı, bizə məlumat verdilər və müvafiq məlumatları bələdiyyələrə çatdırdıq. Bu validyenlərin fəallığının da nəticəsi idi. Eləcə də valideynlər uşaqlarla yol təhlükəsizliyi prosesinə qoşulmalıdırlar. Çünki uşaqlarda müvafiq bacarıqlar inkişaf etməlidir. Uşaqların və ya yeniyetmələrin mobil telefonla danışan və ya sms yazan, qulaqcıqlarla musiqi dinləyən zaman yol keçməməsi mühümdür. Küçəni həmişə keçid vasitəsiylə keçməlidirlər. Əgər uşaq velosipedlə hərəkət edirsə, mütləq təhlükəsizlik dəbilqəsindan istifadə etməlidir. Gecə hərəkət edən zaman mütləq açıq rəngli geyimdən və ya işığı əks etdirən vasitələrdən istifadə olunmalıdır.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə: Aynurə Əliyeva