Orta məktəbdə oxuyanda ilk dəfə fizika ilə tanışlıq məni yaman əsəbləşdirmişdi. Mexanika qanunları tamam həyatda gördüyümüz gerçəklərin elmi əsasını təşkil edirdi. Həmişə əlimdən nəsə yerə düşəndə düşünürdüm ki, yəqin yer daha güclüdür, kağızı, qələmi çəkir. İndi öyrəndim ki, bu, ağırlıq qüvvəsi imiş. Daşı suya atanda ətrafında dalğa yaradır və artıq suyu kənara atırdı. Deməli, daş gəlib artıq suyu öz evindən qovur. İndi bildim ki, bu da Arximed qüvvəsi imiş və sair. Bunları öyrəndikcə alimlərə çox acığım tutmuşdu. Qoymadılar ki, bizə də qanun qala, hamısını yazıblar, deyə Nyutona da, Arximedə də hirslənmişdim. Mən bunların hamısını bilirdim. Nə vardı ki, onlar yazmasaydı, mən kəşf edə bilərdim...

 

Mənim bu fikrim o zaman xeyli əks-səda verdi, amma mən təbiəti öyrəndikcə qanunlar qəlizləşdi. Mən təbiəti də sevdim, elmləri də. Bəlkə də yaxşı o tərəfi oldu ki, təbiəti anlayaraq onun həyati tərəfini dəyərləndirdim.

 

Fizika, kimya, biologiya, astronomiya, eləcə də tarixin axarlarında bu elmlərin tətbiqi, əsası, həmçinin bəşər övladının təbiət qanunlarını məişət qanunlarına tətbiqi insanı valeh edirdi.

 

Elmdən yaşam həyatımıza keçdikdə hər bir qadağanın, olmazın arxasında bir elm dayandığının şahidi olmamaq mümkün deyil. Üzərində sancaq gəzdirməkdən qida qadağalarına qədər bütövlüklə bir elmdir. Elə bizim nənə-babalarımız sən demə Arximedsiz, Nyutonsuz, lap belə Nitşesiz alim idilər. Bəli, buna zaman, həyat təcrübəsi lazım idi. İllərin təcrübəsi gözəl bir adət-ənənə yaratdı. Bizim babalarımız təbiət sirlərindən yaratdılar həyat fəlsəfəsini bu alimlərdən xəbərsiz.

 

Təbiət elmləri məzunu kimi bütün adətlərimizin arxasında dayanan böyük elmi əsaslara söykənən hikmət xəzinəmizin hər xırdaçılığını açmaq olar. Hamısı haqqında danışmaq olar. Zamana uyğun desək, astronomiya, biologiya, geologiyanı özündə birləşdirən milli bayramımız – Novruz və onun adətləri necə də tam hesablanıb, tarixə möhürünü vurub Arximedsiz, Nyutonsuz, Nitşesiz.

 

Başlanğıc bayramı Novruz gəlişiylə təbiəti silkələyir. Çərşənbələr o qədər düzgün hesablanıb ki, ilk Su çərşənbəsi gəlir. Bu zaman hava mülayimləşir, sular əriyir, çaylar dolur. Suyun bolluğu o deməkdir ki, torpağın donu əriyib. Sonra istilik gəldi – Od çərşənbəsi. Sulanan torpaq istiləndi, sanki yuxulu adam gərnəşdi – torpaq oyanmaq istədi, amma hələ gücü çatmır, qış yuxusundan təzə ayılır. Növbəti hesablamanı küləyə bağladılar. Küləyin səsi, zəhmi, burulğanı torpağı sürətlə oyatdı. Suyunu dadıb, istisini alıb silkələnən torpaq növbəti həftə dərindən nəfəs aldı. Bu, yeni günə, aya, ilə başlanğıcdı. Novruz – yeni gün bu deməkdir.

 

Günəşdən uzaqlaşan planetimiz də “gendən dolanır”. Həmin o hirsləndiyim alimlər hesabladılar ki, Günəş Yaponiya tərəfdən çıxıb hərlənə-hərlənə Cənubdan Şimala yol alır, ekvator xəttinə çatanda  Yerdə gecə ilə gündüz bərabərləşir. Buna elm yaz bərabərliyi nöqtəsi desə də, biz bunu Novruz adlandırdıq.

 

Novruzun hər adətində olan böyük psixoloji və fizioloji dəyərləri yazmaqla bitməz. Bir neçəsi ilə bölüşək:

 

Tonqaldan hoppanmaq. Od və su mənfi enerjini götürür (ağırlığım, uğurluğum bu imiş);

 

İlk Novruz suyunu içmək;

 

Gecə-gündüz bərabərləşəndə planetdə bir müsbət enerji dalğası əmələ gəlir. Bu dalğa suya da çökür;

 

Güclü kalorili yeməklər;

 

Novruzun şəkərburası, paxlavası və s. qışdan çıxan orqanizm üçün əvəzsizdir. Bu kalori nəinki vitamin, mineral toplusu, həm də oyanan təbiətdə sağlam, güclü işə başlamasına zəmanət verir. Duzlu köppəcənin yeyilməsi belə qışdan çıxan insanın mineral ehtiyatına kömək məqsədi daşıyır, eləcə də süfrəyə kökə (zərdə) qədər tərəvəzlərin də qoyulması.

 

Yeni geyim yeni ruh yaratmaq – sevinc hissini aşılamaq və s.

 

Adətlərin hamısı haqqında geniş məlumatlar var. Mən olmayanları, öz fikrimi yazıram. Ola bilsin ki, bunlar haradasa yazılıb, amma mən onsuz da özüm kəşf edəcəkdim.

 

Axır çərşənbədə qapı pusulur və düz çıxır. Yuxu fizioloji prosesdir. Əslində şüuraltı olan proseslərdir. İnsan özü hər şeyə qadirdir. Sadəcə ona stimul verən, məcbur müsbət yola istiqamətləndirən biri lazımdır (motivasiya). Bu lazımlılıq daxili inamdır. İnamla yuxuya gedən insan onu narahat edənlər haqqında düşünməsə də şüuraltı fikri oradadır. Təbii ki, yuxunu da elə o istiqamətdə görür. Xoş niyyətlə yuxuladığından xoş da yuxu görür. Sonra nə olur? Bu gün görülən yuxu çin olur, özünə inamıyla həmin məqsədə doğru addımlayır, nəticədə arzu yerinə yetir. Bu da psixologiya!

 

Bilmirəm, bildiklərinizimi yazdım, amma mənə elə gəlir ki, bizim Novruz qədər əhatəli heç bir bayram yoxdur. Bizim doqquz iqlim qurşağı ərazimiz bayramın əhatəsini geniş edir.

 

P.S.

 

Bizim Novruz 2009-cu ildə YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, 2010-cu ildən isə BMT 21 martı Beynəlxalq Novruz Günü kimi qeyd edir.

 

Çox sevindirici haldır ki, bu ildən Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə təhsil müəssisələrində 21 mart qeyri iş günü kimi Novruz bayramı qeyd olunacaq. Var olsun Gürcüstan dövləti!

 

Esmira ƏLƏKBƏRLİ