Dekabr ayının gəlişi bir çoxumuz üçün qışın deyil, Yeni ilin gəlişi deməkdir. Soyuğu və qışı sevməyən insanların, əminəm ki, tək təsəllisi Yeni ildir. Axı düz bir il bu günü gözləyirlər.

 

Yeni ili dünyanın bir çox ölkəsi özünə xas adət-ənənə ilə qeyd edirlər. Məsələn, ingilislər gecə saat 00:00-ı göstərdikdə evlərinin dal qapısını açıb köhnə ili yola salır, sonra ön qapını açaraq Yeni ili qarşılayırlar. Hansı ölkə olduğu yadımda deyil, amma köhnə əşyaların pəncərədən bayıra atıldığı kimi bizlərə qəribə gələn bir ənənə də mövcuddur. Bizlər isə evə yeni süpürgə və stol süfrəsi alırıq. Yeni süfrənin evə bolluq-bərəkət gətirəcəyi düşünülür. Nə yalan deyim, süpürgənin nə mənaya gəldiyini dəqiq bilmirəm. Yəqin ki, səliqə-sahman, təmizlik olar. Bizim əsl ənənəmiz, şan-şöhrətimiz isə yeməklərimizdir.

 

Bəli, biz Yeni ilə qazan-qazan yeməklərimizlə giririk. Üç bacı və yarpaq dolmasından tutmuş şah pulovuna qədər, cürbəcür salatdan tutmuş şirniyyatlara qədər, mövsümü olmayan meyvə-tərəvəzdən tutmuş müxtəlif bahalı içkilərə qədər otağın bu başından o başına qədər bir süfrə açaraq giririk Yeni ilə. Bəs bütün bu hazırlıqlar necə başlayır? Fikrimcə, biz azərbaycanlıların ən çox pul xərclədiyi ay dekabrdır. Səbəbi də hamıya açıq aydın olan ayın 15-i çatan kimi başlayan bayram alış-verişidir. Yuxarıda sadaladığım təamların hazırlanması üçün dalında çoxlu sıfır olan bir məbləğ xərcləyərək bayram bazarlığı etmək lazımdır. Bazarlıq məsələsi bitdikdən sonra bişirmə mərhələsinə keçid olunur.

 

Deməli, üç gün əvvəldən başlanılır yemək hazırlanmağa. Bəlkə də soyuducunun buzluğu həyatının ən izdihamlı günlərini elə bu üç gündə yaşayır. Gec xarab olan yeməklər əvvəlcədən hazırlanıb buzluğa qoyulur. Tez xarab ola bilən yeməklər isə ən gec hazırlananlar olur və bayram günü bişirilir. Sonra axşam yeni alınmış süfrə stolun üstünə salınır, hazırlanan min bir təam düzülür və sonda o möhtəşəm toy süfrəsinə oxşar masanın şəkli çəkilərək sosial şəbəkələrdə “bayramınız mübarək olsun” başlığı altında paylaşılır. Sonra masaya əyləşərək başlayırlar yeməyə. Bir yandan yeyib-içirlər, bir yandan qohum-qardaşa zəng edib bayramlarını təbrik edirlər. Vatsap çıxaranın atasına rəhmət. Onun sayəsində görüntülü zəng edib süfrəni bir də belə reklam edirlər. Bu arada qıtlıqdan çıxmış kimi yeməyə də davam edirlər. Nə diabet sayan var, nə də təzyiq. Türklər demiş, atın ölümü arpadan olsun deyib yeyirlər. Onsuz da Yeni il bir günlükdür, ona görə də nə ki var yeməlidirlər. Bəlkə Yeni il bir günlükdür, amma bişirilən yeməklər bir həftə, on gün yeyilir.

 

Biologiya kitablarındakı filan qidanı bu qədər müddət keçəndən sonra yemək olmaz qeydini, verilən cədvəli sayan da olmur. Elə içi həmin dərsi tədris edən müəllim qarışıq. Bu, bütün azərbaycanlılara xas xüsusiyyətdir. Yeməyi zibilə atası ki deyilik. O qədər pul xərclənir. Pul xərcləmək demişkən, deyəsən bu bayram bir tək alverçilərə və balıq satanlara fayda verir. O alverçilərə ki, şəhərin mərkəzindəki yolu zəbt edirlər, maşınların hərəkətinə mane olurlar. Bir il əvvəl salınmış parkı bazara çevirənlərdən gedir söhbət. Balıq satanlar da elə bu alverçilərin yanında durub öz qazanclı ticarətləri ilə məşğul olan, ətrafı balıq iyində boğub, camaatın ürəyini bulandıranlardır. Bayramqabağı hamısının üzündə güllər açır. Böyük təmtəraqla bazarı daha da genişləndirirlər. Bayramın ən qazanclıları onlar olurlar. Amma bayramdan sonra bir müddət alver dayanır. Bax onda həmin parkın həqiqi görüntüsü üzə çıxır. Təəssüf ki, bu dəfə də üfunət və dolub daşan zibil qabları çıxır efirə. Gözümüz parkın çirkin mənzərəsini görməsə də, burnumuza dözülməz qoxular gəlir. Bilmirəm nədir bizim bu çəkdiyimiz...

 

Bayram şadlıq deməkdir, əyləncə deməkdir, amma biz yeməyə bir ton pul xərcləyirik, ərzaq dükanlarını boşaldırıq, alverçiləri varlandırırıq. Guya Yeni ilə yaxşı girməyə çalışırıq ki, ilimiz xoş keçsin. Məncə, bir az xərclədiyimiz məbləğin arxasındakı sıfırları azaltsaq, girdiyimiz ildə maddi cəhətdən daha yaxşı dolanarıq. Məlum olduğu kimi, Gürcüstan artıq Avropa Birliyinə doğru addımlayır. Gün o gün olsun, biz də Yeni  ili avropasayağı qarşılayaq. Şəxsən mənim üçün o balıq iyindən və dolub daşan zibil qablarını görməkdənsə yolda gedərkən başıma pəncərədən atılan köhnə əşyanın düşməsi daha xoş olar.

 

Hər nə isə... Bütün bunlara baxmayaraq qarşıdan gələn Yeni il münasibətilə sizləri indidən təbrik edir, ayağınızı yorğanınıza görə uzatmağı arzu edirəm!

 Müəllif: Çiyalə Osmanova