Artıq bir neçə aydır ki, zehnimizi məşğul edən, sosial medianın gündəmindən düşməyən, kiminin gerçək, kiminin də oyun olaraq qəbul etdiyi koronavirus deyilən bir bəla ilə yaşamağa davam edirik. Bu virus, demək olar ki, həyatımızı dəyişdirdi. İş həyatımızı, təhsil sistemimizi, rəsmi dairələrdəki iş prosesini dəyişdirdi. Bu xəstəlik üzündən dünyada minlərlə insan həlak oldu.
Keçən saylarımızda da bu haqda yazı qələmə almışdıq. Bu virus haqqında nələrə diqqət etməyimiz lazım olduğunu da vurğulamışdıq. Bu bəla səbəbi ilə yenidən toy, yas kimi bir çox kütləvi mərasimlərə qadağalar gətirildi. Həmçinin dünyada olduğu kimi ölkəmizdə də bəzi böyük şəhərlərdə məktəblərin təhsilə başlaması təxirə salındı. Ancaq bununla bərabər Qardabani, Marneuli və digər rayonlarda məktəblər 15 sentyabr tarixində fəaliyyətə başladı. Bu fəaliyyət əsnasında da bir çox standartlar gətirildi. Onu da qeyd edək ki, bu qayda və qanunlar da bizim və övladlarımızın sağlamlığı üçün nəzərdə tutulmaqdadır.
Elm və təhsil bir millətin yüksəlişinin və gələcəyinin güvəncidir. Bunun üçün də həzrət Peyğəmbər “Beşikdən məzara qədər elm öyrənin” buyurmaqdadır. Bu təhsil isə ancaq dünyəvi elmləri içinə almamalı, dini elmləri də əhatə etməlidir. Çünki qəlb aləminin hüzuru üçün ilahi əmrləri də bilmək məcburiyyətindədir insan.
Bir çoxlarının koronavirus səbəbi ilə tətbiq olunan distant təhsilə narazılıqlarını eşitdim. Onu da qeyd edim ki, əgər təhlükə varsa məcburən bu sistemdən istifadə edilməsi daha yaxşı olardı. Çünki Uca Allah Qurani-Kərimdə “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! (Bəqərə, 2/195) buyurur. Əgər xəstəliyin olduğunu bilir və buna göz yumaraq distant təhsil yox əyani təhsil olmasını tələb ediriksə o zaman özümüzü təhlükəyə atmış olarıq.
İslam dini insana yüksək dəyər vermiş, onun üçün də Allah elçisi müsəlmanların əbədi xoşbəxtlikləri qədər sağlamlıqları üçün də ciddi prinsiplər ortaya qoymuşdur.
İnsan həyatında böyük əhəmiyyətə sahib olan sağlamlıq qədər xəstəlik də həyatın bir gerçəyidir. Bunun üçün də Hz. Peyğəmbər, “Allah, göndərdiyi bir xəstəliyin qətiliklə şəfasını da göndərmişdir” (Buxari, Tibb, 1) buyurmuşdur.
Hz. Peyğəmbər səhabələrinə sağlamlığın qiymətini bilmələrini və xəstələndikləri zaman müalicə olmalarını tövsiyə etmiş və “Müalicə olun. Çünki Uca Allah hər xəstəliklə birlikdə şəfasını da yaratmışdır. Ancaq bir xəstəlik müstəsna, o da qocalıqdır” buyurmuşdur (Əbu Davud, Tibb, 1).
Sevimli Peyğəmbərimiz bu sözləriylə bütün xəstəlikləri də dərman və şəfaları da yaradanın Allah olduğunu, xəstəliyin yoluxmasının Allahın təqdiri xaricində bir güclə olmadığını öyrətmişdir. Xəstəliyin səbəbini təsbit edib lazım olanı etdikdən sonra şəfanı Allahın verəcəyini bildirmişdir. Çünki Şafi olan, dərdi də, dərmanını da yaradan Allahdır. Burdan da görüldüyü kimi dərdi verən Allahdır deyib heç bir şey etmədən xəstəlikdən sağalmağı gözləmək lazım deyil. İlk öncə xəstəlikdən qorunmaq, əgər xəstələndinsə müalicə olunmaq lazımdır. Xəstələnən kimsə müalicə olunmadan sağalmağı gözləməməlidir. Gərək sən hərəkət edəsən ki, Allah da sənə şəfa versin.
Hacı BƏKİROĞLU