Hər şey seçməklə başlayır. Elə mən də bu yazını yazmağı seçdiyimə görə bölüşürəm. Əlbəttə, niyə yazmalıyıq deyə düşünmüşəm. Gəldiyim subyektiv qənaətə görə, hətta subyektivliyin ağını çıxardaraq desəm, cümlə qurmağı bacaran, bir balaca həvəsi olan, müşahidə etməyi sevən, azca da olsa mütaliə edən kəslər yazmalıdır. Bəlkə oxuyanlarımız azdır, ancaq yenə də davam etməliyik. Yazının danışmaqdan üstünlükləri müqayisəedilməz dərəcədədir. Yazı qalır, önəmlisi də odur ki, yazıda oxucu cavab verə bilmir, müdaxilə şansı yoxdur. Əgər cavab verəcəksə, uyğundur ki, yazıyla cavab versin. Bu da bir seçimdir, polemika gözəl nəticələrə hamilə qalar.

Yazmaq sözü çox iddialı səslənsə də məqsəd düşüncəni qalıcı qılmaq və düşüncələrlə ortaq dil tapmaqdır. Qətiyyən topluma öndərlik etmək kimi bir niyyəti özündə ehtiva etmir. Çünki toplum dediyimiz insanlar yığıncağı hələ də “seçsə ya seçməsə?” sualına cavab verməyə tələsmir, deyəsən heç cavab vermək niyyətində də deyil. Bu da bir seçimdir, ancaq gərək seçib qurtaralar.

“Seçsə ya seçməsə” sualına ta elə bu il keçiriləcək seçkilərdən gəlirəm. Bəli, bəli... Gələcəkdən, gələcək seçkilərdən gəlirəm. Bu suala cavab axtaraq gərək. Görürəm ki, seçkilərdə bir ailənin iki üzvü, kişi və qadın səsverməyə gəlir. Kişi pərdə arxasına keçmiş qadına (çox ehtimal həyat yoldaşıdır, bunu onların dialoqlarından təxmin edə bilərik) “seç, qurtar” deyir, qadınsa “qoy rahat seçim, tələsdirmə” deyir. Beləcə onlar səslərini verərək seçirlər. Səsvermə demişkən, bu sözün bizim dildə hayvermə kimi sinonimi bu sözün əslində bir səsvermədən çox şeyə xidmət etdiyini göstərir. Siz həm səs verirsiniz, həm də içinizdə sizi səsləyən “mən”ə hay verirsiniz. “Mən” elə cavab istəyir ki, o daxildəki səslənişə cavab versin. Bəs daxildəki “mən” nə istəyir? Bu da şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn, bəzilərində “ağrımaz baş”, “leviy əlaqələr”, yuxarıların yanında “özünü ağıllı aparan vətəndaş”, “bir tikə zəhər” istəyir, bəzilərində isə “hökumətlə hökumətlik edən”, “dövlətə qarşı gələn” olmağı istəmir. Bütün bunlar “mən”in tərbiyəsi ilə bağlıdır. Hər kəs özünə görə haqlı ola bilər, amma...

Koronavirusun qaz vurub, qazan doldurduğu vaxtda ölkədə bir neçə yerdə etirazlar baş verərkən vətəndaşlar yolları bağladılar. Yol bağlamaq həmin an kömək etsə də, sonra faydası azalır. Məsələn, alternativi olan yolu bağlamaq sabah sizə heç nə qazandırmaz, əksinə dövlət üçün siz “yol kəsən vətəndaş” statuslu şəxs olacaqsınız. Bununla da sizin bürokratik dairələrdə yolunuzu yolunu kəsdikləriniz kəsəcəklər. Yol sizindir, siz qərar verin.

Mən isə daha böyük alətdən istifadə edərdim: SEÇKİLƏR.

Seçkilərdə pərdəarxası hər kəsin intim həyatı kimi gizli qalır (bəzən qala bilmir). İntim həyat deyəndə səhv başa düşməyin. Siz istədiyiniz ideologiyanı dəstəkləyə bilərsiniz, lakin pərdəarxasında hansı ilə birlikdə olacaqsınız, bax bu hissəsi artıq siyasətdir. Həmin pərdəarxasından isə “seçsə ya seçməsə?” sualına cavab verənlər qalib çıxırlar. Əlbəttə, seçkilərə getmək, iştirak etmək də bir seçimdir. Bəs siz seçənlərdənsinizmi? Elədirsə, vaxt azdır, seçin qurtarın, görək nə rəngdir.

 

Elməddin MƏMMƏDLİ