Uşaq ikən bəzən məktəbdə uşaqlarla dalaşanda müəllimlərin “bir-biriniz üçün elə darıxacaqsınız, burnunuzun ucu göynəyəcək” deyib onları barışdırmaq səhnələri yaxşı yadımdadır. O vaxtlar burnun ucunun niyə göynədiyini tam dərk etmirdim, amma indi sözün əsl mənasında yaşayıram və adım kimi əminəm ki, tək də deyiləm. Sən demə bu cür sözləri dərk etmək üçün məzun olmaq lazım imiş.
Məzun demişkən, məktəbi bitirən hər bir kəsə yeni həyatında uğurlar arzulayıram!
Elə yeni həyat demişkən, mən heç onun da nə olduğunu bilmirdim. Bütün müəllimlər “Son zəng”də 12-ci siniflərə yeni həyatlarında uğurlar arzulayırdılar. İndi içi mən qarışıq bir çox məzun o yeni həyatı yaşayır. Əvvəllər elə düşünürdüm, heç nə dəyişməyəcək, adi günlərimiz kimi olacaq, lakin elə deyil. Bilmirəm nədəndir, özümü boşluqdakı kimi hiss edirəm. Elə bil nəyisə itirmişəm. Sanki gün 24 saatdan artıq olub, axşam olmaq bilmir. Vaxtımı boş keçirməmək üçün əvvəlki ilə müqayisədə daha çox test işləyirəm. Amma bu duzu kəm olmuş bir yeməyə oxşayır, dadı yoxdur. Sən demə, məktəbin həyatımda əhatə etdiyi sahə düşündüyümdən daha çox imiş. Elə bu hiss etdiyim boşluq da məhz onun özüdür. Amma deyirlər bu duyğular gəldi-gedərdir. Tələbə adını qazandıqdan sonra keçib gedəcək. Allah hər bir məzuna tələbə adını qazanmağı nəsib etsin!
Onsuz da hər birimiz birinci sinfə başlayanda da, yeni məktəb həyatına başlayanda çətinlik çəkmişik. Necə ki, ona öyrəndik, məktəbə getməyi vərdiş halına gətirib 12 il oxuduq, bu da elə. Bütün bu hisslərə baxmayaraq məzun olmaq, əvvəllər kənardan tamaşa etdiyimiz “Son zəng”in baş rolunda özümüzün olmağımız çox yaxşı bir hissdir. Hələ bir il əvvəl həyəcanla məktəbin həyətində “Son zəng” günü məzunların çıxışını gözləyirdik. Bu il isə bizi gözləyirdilər. Amma yenə elə hiss edirdim ki, elə bil məzun olan biz deyilik. Kənardan özümüzə baxırdım. Elə bil şirin bir yuxu görürdüm. Amma heyif ki, şirin yuxuma da duz tökdülər. Məktəbin həyətindəki podiuma çıxıb hamıya saç düzümümüzü, makiyajımızı, geyimimizi, boy-buxunumuzu göstərdikdən sonra məktəbin zalına getdik. Bax burada azərbaycanlı olduqlarını demədən göstərənlər oldu. Zala o qədər adam yığışmışdır ki, elə bil burada pulsuz kartof, soğan paylayırdıq. Az qalırdı camaat bir-birini əzsin. Hələ sonra da deyirlər azyaşlı uşaqları “Son zəng”ə niyə buraxmırlar. Belə vəziyyətdə mən öz məzun yoldaşlarımı tapa bilmirdim. İçəridə oksigen çatışmazlığı başlamışdı. Mən güclə nəfəs alırdım. İndi sən gəl yaşlı müəllimlərimizi fikirləş. Hələ səs-küyü demirəm. Amma onun həlli asandır. Həmişəki kimi, hökmlü bir müəllim mikrafonu əlinə alır, gözünü yumub sözünü deyir. Sakitlik yaranandan sonra məzunlar dəvət olunur, onlar əyləşdikdən sonra da keçilir mini konsertə. Amma bu il, təəssüflər olsun ki, məzunlar ayaq üstə qaldı. Səbəbi də 300 nəfərlik zalda oturmağa yerin olmaması idi. İndi görün nə qədər adam var idi. Buna məzunlardan başqa arxada ayaq üstə duranları da əlavə edib toplayın.
Mini konsertimiz isə rəqs müsabiqəsi kimi idi, çünki bu il ağırlıq rəqslərdən yana idi. Amma əyləncəli idi. Zalda adam az olsa idi bəlkə daha yaxşı olardı. Amma bunun bir səbəbkarı elə biz məzunlarıq. Hələ 6-7 ay əvvəl müəllimlərimizdən biri üzərində “Son zəng”ə dəvətli olanlara ad, soyadının və direktorun möhürünün olduğu bir kağız verməyi tövsiyə etmişdi. Təəssüflər olsun ki, biz bunu etmədik və peşman da olduq. Mənsə gələcək məzunlara kağız yox, bilet satmalarını təklif edirəm. Artıq yox, biletin birini üç lariyə satsalar qənimətdir. Onsuz bizim millətdə bilet almaq mədəniyyəti yoxdur. Bəlkə belə olsa dinc başla “Son zəng” keçirmək ola. Həm, bəlkə, az da olsa qazanılan pulla xərclərini ödəyərlər.
Xərc demişkən, yaxşısı budur sözü uzatmadan mətləbin başlıqla əlaqəli hissəsinə keçim. “Son zəng”də insanların həvəslə izlədiyi o səhnələr, rəqslər, dinlədikləri musiqilər, şeirlər – hamısının arxasında böyük əmək və xərclər durur. Aylar əvvəldən rəqs müəllimi axtarıb rəqs öyrənmək, ən yaxşı fotoqrafı və operatoru tutmaq, dizayner tutmaq, elə tutmaq da tutmaq...
“Son zəng”ə bir ay qalmış bu tutulan şəxslər Afrika kərkəsi kimi başlayırlar başımızın üstündə fırlanmağa. Hamı özünü tərifləyir, öz işində bir nömrə olduğunu deyir. Gəlin düzünü deyək ki, hamısının məqsədi bizim üçün ən yaxşısını etmək deyil, “Son zəng”dən artıqlaması ilə xeyir əldə etməkdir. Bizə bu il təmənnasız kömək edən oldusa, o da “Beez” Uşaq Teatrnın qurucusu, əziz və dəyərli Binəli İslamoğlu idi. Tam təmənnasız səhnəciyimizin seçilməsindən tam hazır olmasına qədər köməklik etdi. Buradan ona öz minnətdarlığımızı bildiririk! Onun sağ əli məqsəd güdənlərin başına.
Bir də “Son zəng”in rəqabət hissəsi var ki, bu on ikinci siniflər arasında normal bir hala çevrilib. Ən yaxşısı bizim olsun deyə məqsəd güdənlərə hərrac açırıq. Şüarımız “onlar edib, biz də geri qalmayaq”dır. Sanki hansı sinfin çıxışı daha əla alınacaq deyə mərc eləmişik. Və bütün bunları öz yaxınlarımızdan çox 10-15 il bundan qabaq məktəbi bitirib, hər il “Son zəng”ə gəlib “heyif deyildi bizim vaxtımızda...” deyənlər üçün edirik. Əslində onlar da haqlıdır. Çünki uşaqlar artıq passiv olublar, hələ oğlanları düzəməlli bir səhnəcikdə iştirak etməyə razı salmaq olmur. Problem də nədir? O qədər camaat bizi izləyəcək. Mən də sözü haraya çəkirəm orada ucu zala dolanlara çıxır.
Hər nə isə, onsuz da deyildiyi kimi, “Son zəng” ömrümüzdə bircə dəfə olur”. Ondan da, şükür Allaha, hamı öz xeyrinə faydalanır.
İndi bu yazını oxuyanda deyəcəklər “Son zəng”lə bağlı bütün ayıbları açıb tökdü, nə bilim nə...
Hamının fikri özünə. Həmişə səhnənin pərdəarxasına da baxmaq lazımdır. Mən şəxsən baxanda xaos görürəm. İyirmi birinci əsrdə yaşasaq da hələ içimizdə əcdadlarımızın vəhşiliyi qalıb. Bu cür fürsətlər ələ keçəndə onu nümayiş etdirməkdən çəkinmirik. Nə özümüzə hörmət edirik, nə də məzuna. Elə ona görə də bu cür yazılar meydana çıxır. Nə isə... Allah özü sonumuzu xeyir etsin!
Müəllif: Çiyalə Osmanova