Öncəliklə hər bir müsəlmanı mübarək və müqəddəs Ramazan ayının gəlişi səbəbi ilə səmimi qəlbdən təbrik edir, uca Allahdan oruclarının və digər ibadətlərinin qəbul olunmasını arzu edirəm.
Ramazan ayı bir rəhmət, bir məğfirət ayıdır. Bu aya əbəs yerə on bir ayın sultanı deyilməyib. Allah Qurani-Kərimdə buyurub ki, bu ayda min aydan daha xeyirli olan bir gecə var. Digər aylarda işlənilən bir yaxşı işə bir savab verilirsə, bu ayda edilən bir yaxşı əmələ on savab verilir. Bu ay Allahın ayıdır. Çünki bu ayda qəlblər hüzur və rahatlıq tapır. Bu mübarək ayı digər aylardan fərqləndirən gözəl xüsusiyyəti isə orucdur. Ramazanda oruc tutmaq bütün müsəlmanlara fərz qılınmışdır. Bu ayda idrak edilməyərək tutulan oruc bir ayın gündüzlərini ac qalıb, iftar vaxtı gəldiyində isə tıxa-basa yeyərək ötürməyə çalışmaqdır. Əgər Ramazan ayının fəziləti nədir deyə soruşacaq olsaq, sualımıza imam Rəbbani həzrətləri bu şəkildə cavab verir:
“Mübarək Ramazan ayı, çox şərəflidir. Bu ayda qılınan nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab, başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar. Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər ayrıca buna da savab verilər. O oruclunun savabı heç azalmaz.
Bu ayda, əmri altında olanların işlərini yüngülləşdirən, onların ibadət etmələrinə asanlıq göstərən iş sahibləri də bağışlanar, Cəhənnəmdən azad olar. Ramazan ayında Rəsulullah əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edənlərə bütün il bu işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili günah işləməklə keçər.
Bu ay fürsət bilinməli, əldən gəldiyi qədər ibadət edilməlidir. Allah-Təalanın razı olduğu işlər görülməlidir. Bu ayı axirəti qazanmaq üçün fürsət bilməliyik.
Qurani-Kərim Ramazanda endi. Qədr gecəsi bu aydadır. Ramazanı-şərifdə iftarı erkən etmək, sahuru gec etmək sünnətdir. Rəsulullah bu iki sünnəni etməyə çox əhəmiyyət verərdi.
İftarı erkən etmək və sahuru gecikdirmək, bəlkə insanın acizliyini, yeyib-içməyə və hər şeyə möhtac olduğunu göstərməkdədir. İbadət etmək də elə bunu göstərir.
Xurma ilə iftar etmək sünnətdir. İftar edincə (Zəhəbəz-zama vəbtəllət-il uruk və səbət-əl-əcr inşaallahu təala) duasını oxumaq, təravih qılmaq və xətm oxumaq əhəmiyyətli sünnətlərdəndir.
Bu ayda hər gecə Cəhənnəmə girməsi lazım olan minlərlə müsəlman bağışlanar, azad olar. Bu ayda Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar. Şeytanlar zəncirlərə vurular. Rəhmət qapıları açılar. Allah-Təala bu mübarək ayda Onun şanına yaraşacaq qulluq etməyi və Rəbbimizin razı olduğu, bəyəndiyi yolda olmağı hamımıza nəsib etsin! Amin” (Məktubat ,1 c. 45 m.).
Elə etməliyik ki, Ramazanın ab-havası evimizi şənləndirməsi üçün əlimizdən gələni əsirgəməyək. Yəni evimiz fərqli ab-havaya bürünməli və ailə üzvlərindən hər birinin bu qazanclı ticarəti ən səmərəli şəkildə istifadə etmə adına laqeydlik göstərməməliyik. Bol-bol Quran oxumalarla, qılınan namazlarla, edilən dualarla evimizdə mənəvi hava əsməlidir.
Bu ayda çevrəmizdəki fəqir-füqəraya kömək etməli, imkan daxilində sədəqə verməliyik. Çünki bu aylarda sədəqə və zəkatlarımızın savabı qat-qat artaraq bizə geri qayıdacaq. Ramazanı və xüsusilə də min aydan xeyirli olan Qədr gecəsini mənəvi olaraq hazır qarşılamalıyıq.
Qohum, qonşu və dostlarımızla olan münasibətimizi daha da artırmalı və xüsusilə qəndil gecələrində təbrik ziyarətləriylə onların könül və dualarını almalıyıq.
Bu ay bizim üçün Quranı kəşf etdiyimiz, onunla yenidən görüşdüyümüz və onu anlamaq üçün cəhd göstərdiyimiz anlar olmalıdır.
Ramazan ayınız bərəkətli, feyzli və səmərəli olsun.
Hacı BƏKİROĞLU