Əziyyətlə, çətinliklə uşaq böyüt, bağçaya, məktəbə etibar edərək yola sal, yol hərəkəti qaydalarına sürücülərin əməl edəcəklərinə inanaraq rahat ol, hansısa eşşək sürücü də sənin dövlətin bağçasına, məktəbinə, yol qaydalarına olan etibarını, inamını, rahatlığını burnundan gətirərək uşağını maşınla vurub öldürsün.
Niyə axı?
Əvvəla, ona görə ki, bu ölkədə qanunlar, qaydalar yalnız kağızlar üzərində qovluqlarda tozlanmaq üçün yazılır. Bir qanun, qayda ölkənin paytaxtında tətbiq edilirsə, bölgələrə gəlib çatana kimi artıq iş işdən keçmiş olur, dava düşür, qan tökülür, insan ölür.
Sonra da ki, məmə yeyəndən pəpə deyənə – hamı maşın sürür. Axı imtahan testinin suallarını əzbərləyib, sükanı bir-iki dəfə sağa-sola döndərməklə sürücülük vəsiqəsi almaq sürücü olmaq demək deyil.
Bu gün mən yaşadığım şəhərdə yolu keçə bilmirəm, hər dəfə şəhərin içi ilə keçən 15-20 metr eni olan əsas yolu keçəndən sonra sağ qalmağıma şükr edirəm. Bəs uşaqlar, qocalar neyləsinlər?..
Dövlətin qoyduğu yol hərəkəti qaydaları nişanlarını eyninə alan yoxdur. Piyada keçidlərini saymırlar. Harada görünüb piyada keçidlərində avtomobil park edilə? Harada görünüb piyada keçidlərində maşınların dayanıb piyadaya yol verməsi əvəzinə, piyada dayanıb dəqiqələrlə maşınların keçməsini gözləyə, bəlkə hansısa insaflı, qanacaqlı sürücü saxlaya, arxasıyca gələnlər də ona baxıb məcbur maşınlarını saxlayalar ki, yazıq piyada bu eni 15-20 metrlik yolu sağ-salamat adlaya. Harada görünüb sürəti azaltmaq üçün asfalta bərkidilmiş “tramplinlər” maşınların təkəri enində sökülə? Harada görünüb yol hərəkəti qaydaları nişanları sökülüb atıla və ya yerləri dəyişdirilə? Harada görünüb şəhərin ortasında, məktəbin, bağçanın yanında, yaşayış məntəqələrində, istirahət parklarının yanında at sürəti, eşşək qanacağı ilə avtomobil sürülə? Harada görünüb istirahət parklarının dörd tərəfində, avtobus dayanacaqlarında, yolların kənarlarında, səkilərdə taksilər dayana, gediş-gəlişə mane ola? Harada görünüb “marşrutkalara” o qədər adam doldurula ki, baqaj üçün nəzərdə tutulmuş arxa qapıdan minib-düşülə? Harada görünüb yolun ortasında avtomobili saxlayıb öpüşüb-görüşüb hal-əhval tutula? Harada görünüb istirahət parkının fəvvarəsində adamı tok vurub öldürə? Harada görünüb məktəbdə şagird şagirdi bıçaqlayıb öldürə? Harada görünüb 12 yaşlı məktəbli uşaq dünyaya gətirə?..
Heç mətləbdən-zaddan uzaq getmədim. Bütün bunların, eləcə də yer məhdud olduğu üçün burada qeyd edə bilmədiklərimin hamısının mətləbə birbaşa dəxli var. Çünki insan həyatından söhbət gedir. Çünki əziyyətlə, çətinliklə uşaq böyüdürsən, onu da dövlətin bağçasına, məktəbinə, parkına, yoluna, avtobusuna, universitetinə, qanununa, ərazi bütövlüyünə etibar edirsən, güvənirsən, yola salırsan, hansısa eşşək sürücü, yumşaq desək, avtomobil sürə bilən eşşək də öz arabasıyla sənin övladının üstündən keçir...
Axı nə qədər danışmaq olar, yazmaq olar?! Nəzarət kameraları qoyulasıdırsa niyə ölkənin hər yerində qoyulmur? Niyə Qardabanidə (digər şəhərləri dəqiq bilmirəm deyə adlarını qeyd etmirəm, amma əminəm ki, bölgələrdə yolların çoxunda nəzarət kameraları hələ də qoyulmayıb) yollarda bir dənə də olsun nəzarət kamerası yoxdur? Patrul xidməti niyə ölkənin hər yerdində eyni nəzarət eləmir, məsələn, niyə yollara, sürücülərə nəzarət eləmək üçün patrullar Qardabaniyə Rustavidən gəlməlidir? Niyə təkcə Rustavinin patrulları gələndə hamı “özünü yığışdırmalı”, kəmərləri taxmalı, sükan arxasında telefonla danışmamalı, sürət göstərən işarələrə əməl etməli və s. Bu nə əndərəbadi qaydadır, qanundur belə? Bu qaydanı hansı şırımsız beyinlər düşünüb görəsən?..
Son zamanlar piyada ölümlərinin sayı, avtomobil qəzalarının sayı çoxalıb. Burada əli çıraqlı günahkar axtarmağa lüzum da yoxdur – günah da, günahkar da ortadadır. Bananla, ananasla – müxtəlif kod və üsullarla test əzbərlətdirib imtahana yola salan şəxsdən tutmuş, imtahan keçirənə, sürücülük vəsiqəsi verənə qədər, sürücüləri başlı-başına buraxaraq heç bir nəzarət etməyən, cəza, cərimə tətbiq etməyən qurumlara qədər, qanun hazırlayan, qanunu icra edən (oxu: etməyən) qurumlara qədər, problemləri görüb həlli üçün sellülitli yanını isti kreslosundan tərpətməyən səlahiyyətlilərə qədər və s. hamı günahkardır. Bir axmağın məsuliyyətsizliyi insanların həyatı bahasına başa gələ bilər, gəlir də! Çox, lap çox məsuliyyətli olmaq lazımdır. Yoxsa, bu nədir, elə bil şəhər deyil, maşın bazarıdır.
Azər MUSAOĞLU