Yeni dərs ilinin başlaması ilə “Yeni Yol”un sentyabr ayının ilk sayının nəşri üst-üstə düşəcəyi üçün 15 sentyabr bizlər üçün də bayramdır. Bizlər də maarifləndirmə ilə məşğul olduğumuza görə məktəbə ilk qədəm basan birincilərin, məktəb üçün doğma evi kimi darıxan müəllimlərin, övladlarını təhsilə uğurlayan valideynlərin sevincinə şərik oluruq və pandemiyaya baxmayaraq ölkəmizdəki epidemioloji vəziyyətin məktəblərin açılmasına təhlükə yaratmadığına görə 15 sentyabrı bayram kimi qarşılayan hər bir kəsi təbrik edirik!

 

Məktəblərin fəaliyyətinin bərpası bizim üçün həm də oxucularla görüş deməkdir, çünki oxucularımızın çoxu rəqəmsal informasiyanın bol və hər yerdə əlçatan olduğu bir dövrdə qəzet oxumağa sadiq qalan müəllimlərdir.

 

Rəqəmsal demiş, sentyabrdan “Yeni Yol”un saytı da fəaliyyətə başlayacaq. “Yeni Yol” qəzetindəki köşə yazılarını, tərcümələri, digər müəllif yazılarını və sair bundan sonra “yeniyol.ge” ünvanında da oxumaq mümkün olacaq. Bunu “zəmanəylə ayaqlaşmaq”dan daha çox qəzeti əldə edə bilməyənlər üçün xidmət kimi dəyərləndirsək daha doğru olar məncə. Necə deyərlər, Vətənə, millətə xeyirli olsun!

 

Qarşıdan gələn aylarda bizi həm də parlament seçkiləri gözləyir. Sentyabrda tədris prosesinin bərpası, oktyabrda yeni qayda ilə keçiriləcək seçkilər koronavirusun yaratdığı boz monotonluğa bir az rəng qatmış olacaq. Bu rəngin soyuq ya isti çalarlardan ibarət olacağını isə seçkilərdən sonra biləcəyik. Necə deyərlər, cücəni payızda sayarlar. Seçki bülletenlərini də payızda sayacaqlar.

 

Seçkilər demiş, Gürcüstanın Seçki Məcəlləsinə müəllimlərin seçki kampaniyalarında iştirakı ilə bağlı dəyişiklik edilib. Dəyişikliyə əsasən, məktəb müəllimləri iş saatlarında, vəzifələrini yerinə yetirdikləri vaxt seçki təbliğatı apara bilməzlər. Bu, qanunla qadağan olunur.

 

Məncə, bu, illərdir müəllimlərin boynunda yığılıb dağ olaraq başlarını aşağı əyən “seçkilərdə hakimiyyətin təbliğat və təşviqatçısı”, “300-400 lariyə görə seçki saxtalaşdırmalarının könüllü könüllüləri” və sair qınaqları başlarını dik tutaraq boyunlarından atmaq üçün fürsətdir.

 

Müəllimin işi təhsil verməkdir, elm öyrətməkdir; vicdanlı, dürüst, savadlı, ədalətli, peşəkar insan yetişdirməkdir. Bunu mən indi yazmıram, bunu Şərqdən Qərbə, Şimaldan Cənuba hamı yaxşı bilir. Sadəcə olaraq bəziləri öz vəzifəsini, görəcəyi işi, harada olduğunu unudur. Müəllim seçki təbliğatı, təşviqatı aparmamalıdır, seçkilərin saxtalaşdırılmasında iştirak etməməlidir, qapı-qapı düşüb səs yığmamalıdır, müəllimi qapı-qapı düşüb gəzməyə yalnız bir səbəb vadar edə bilər – məktəbə uşaq yığmaq. Müəllim sistemin qulu olmamalıdır, sistemin ağası olmalıdır, deputatdan çox əmək haqqı almalıdır müəllim, alverçilərdən yaxşı yaşamalıdır. Məclislərin başında başı dik oturmalıdır, seçki saxtalaşdırmasında iştirak etdiyi üçün, partiyabazlıq etdiyi üçün, kiməsə səs topladığı üçün himayədarı sistem çökəndə məclislərdə boynubükük gizlənməməlidir müəllim.

 

Bu gün bütün bu xoşagəlməz hadisələr baş verirsə günahkarı elə müəllim özüdür. Seçkilər yaxınlaşanda müəllimlər yada düşürsə, seçki saxtakarlığı haqqında danışılanda müəllim sözü sinonim kimi hallanırsa günahkar müəllim özüdür. Və bu artıq stereotipə çevrilib. Və bu qavrayış standartı vicdanlı, savadlı, ədalətli, müəllim kimi müəllimləri də öz içinə alır. Yenə də günah müəllim adını özünə iş yeri edənlərdədir. Hətta mənim bu yazıda buraxdığım qrammatik səhvlər də müəllimin günahıdır (sözsüz, uğurlarım da müəllimin əməyinin nəticəsidir).

 

Demək istədiyim odur ki, ən böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Bu şərəfli peşəni pul qazanmaq üçün şərəfsizləşdirənlərin süysünündədir bütün günahlar. Onsuz da hamı əməlinə görə cavab verməli olacaq Tanrı və tarix qarşısında. Sadəcə olaraq, gec olacaq, gələcək, yeni nəsil tənəzzülə uğrayacaq. “Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!” deyib Mustafa Kamal Atatürk. Bu əsərin portret janrında olmayacağı ümidi ilə yeni tədris ilində uğurlar diləyirik!