Gecələr insanların istirahət etməsi üçün verilmiş olan bir fürsətdir. Çünki Allah Qurani-Kərimin 47-ci surəsi olan “Furqan” surəsində də “Sizin üçün gecəni örtük, yuxunu istirahət vasitəsi, gündüzü də iş vaxtı edən Odur”, – deyə buyurur. Ancaq gəl gör ki, bizim kiçik, amma canlı bölgəmiz olan Qardabani şəhərində gecələr də səs-küysüz ötüşmür. Günlərin sadə ritmində axıb gedən bu həyat gecələr olduqca fərqli bir simaya bürünür.
İlk öncə evimin yaxınlığında yerləşən bir şadlıq sarayı ilə başlayaq. Onsuz da isti havlara görə yatmağın çətin olduğu bu zamanlarda bu şadlıq sarayında təşkil olunan toylarda quraşdırılan böyük səsgücləndiricilərlə havaya buraxılan mahnılar nə sevinc bəxş edir, nə də musiqi zövqü oyadır, əksinə, insanın yuxusunu dağıtdığı kimi, musiqiyə olan həvəsini də alt-üst edir. Çünki nə oxuduğu belə anlaşılmayan müğənnilərin qışqıraraq nələrsə oxumağa çalışması insanda qıcıq oyadır. Bu isə musiqi deyil, sadəcə bir çığırtı halına gəlmiş olur. Yeri gəlmişkən, onu da vurğulayım ki, nə toy sahibləri ilə, nə evlənənlərlə, nə də ki, şadlıq sarayının sahibləri ilə heç bir ədavətim və şəxsi qərəzim yoxdur. Sadəcə narahatçılığımı dilə gətirib bir ölçü götürülməsini istəyirəm, təbii ki, başqalarının istəkləri nəzərə alınarsa buna qarşı bir əncam edənlər tapılar. Nə isə, söhbətimizə davam edək.
Əvvəllər toylarda oxunan musiqilər də, oxuyan müğənnilər də insanın ruhunu oxşayardı. İndi isə bu oxunanlar sadəcə bağırtıdan ibarətdir. Təbii ki, gözəl səsə və musiqi ponetsialına malik olan müğənnilərimizi bu cərgəyə qatmıram.
Hələ toyda nəfsinə qalib gələ bilməyib özünü gülünc vəziyyətə gətirənə qədər içib sonra da dava-dalaş salanların hay-küyünü demirəm. Bu, başqa bir fəlakətdir. Bu insanlar nəfslərinə hökm edə bilmədikləri kimi bir də ağızlarına sahib çıxa bilməyərək hər cür biədəb söyüşlərin ünvanına çevrilirlər. Ən ağrılısı isə bu səslərin gecənin sakitliyini parçalayaraq istirahətimizin içinə nüfuz etməsidir.
Gecənin müəyyən bir saatında şadlıq sarayından gələn səs-küyün bitdiyini görüb düşünürsən ki, heç olmasa bir neçə saat yata biləcəm, onda da başqa bir macəra başlayır. İndi də şəhərin gəncləri başlayırlar öz “məharətlərini” göstərməyə. Bu “məharətli” gənclər gecə saat 3-də, 4-də avtomobillərində musiqiyə yüksək səs verərək ya küçədə dayanır və ya oyan-buyana gəzərək musiqi dinləyir, kef çəkirlər. Bu musiqi sədaları bəzən elə bir səviyyəyə çatır ki, insan öz evində bu musiqini dinləməyə məcbur qalır. Bu musiqi dinləmək məkanını seçmək azadlığı deyil, başqalarının həyatına müdaxilədir.
Əlbəttə ki, hər kəsin əylənməyə, toy etməyə və musiqiyə qulaq asmağa haqqı var. Amma bu hüquqlar başqalarının sakitliyini və rahatlığını pozduqda artıq məsuliyyət anlayışı ön plana çıxmalıdır. Hər şeyin bir həddi, bir qaydası olmalıdır – musiqi də daxil.
Maraqlısı isə odur ki, bununla bağlı qəbul olunmuş bir sıra qanunlar var, bəs görəsən bu qanunlar nə vaxt icra ediləcək? Amma kiməsə etiraz edəndə, haqqını tələb edəndə elə bir qarşılıq alırsan ki, dillənməyinə peşman olursan. “Niyə başqaları narahat olmur, bir sən narahat olursan” cavabını aldığında qalırsan içindən yana-yana.
Bəlkə də sakinlərin bir çoxu bu səs dalğalarına alışıblar, amma alışmaq həll deyil. Dəyərlərimizi qorumaq, musiqini, toyları zövqsüzlükdən xilas etmək və ictimai rahatlığı təmin etmək hər birimizin borcudur. Çünki hər səs, hər mahnı bir hiss oyandırmalıdır – baş ağrısı yox.
Hacı BƏKİROĞLU