Gözəl təbiət özü bir təsvirdir: Tanrının təsviri. Bəlkə də Tanrı da seçdiyi insanları elə təbii gözəlliklərdə dünyaya gətirir ki, təbiəti qorusun. Bu günlərdə darvazlıların yazdığı qəhrəmanlıq dastanı Tanrının əmanətinə etibarı sübut etdi.

 

Gəlin bu qəhrəman kəndin dünənindən bu gününə gələk. Mən sizi beş keçidlə bu dastana gətirəcəm.

 

BİRİNCİ KEÇİD: Babalarımız qədim Borçalını dağlıq və bağlıq hissələrə bölmüşdülər. Darvaz kəndi Bağ Borçalısında qərb kənarında Bolulusda – indiki Bolnisi şəhərindən 22 km məsafədə, şərqdən Şindi dağına, şimaldan Ağbaba dağı, qərbdən Dağ Borçalısının Başkeçid kəndlərinə, şimaldan Kürə doğru yol alan Nehrəm çayı ilə sərhədlənən Gədi çayının sol sahilində yerləşir. Darvazın mənzərəsi göz oxşayır. Yaşıl ormanların əhatəsində üzük qaşı kimi ürək açır. Havası, suyu, saflığı təbiətin bu kəndə töhvəsidir. Adı tarixlər birləşdirən bu kəndin çox uzaq tarixinə keçmirəm, amma Osmanlı İmperiyasında Paşa rütbəsi alan Mehralı bəyin sorağı bütün Borçalıya yayılıb. 1870-ci ildə Çar siyahıyaalmasında kənddə 438 nəfər, 1926-cı ilin Sovet siyahıyaalmasında isə 1114 nəfər, son illərin Gürcüstan statistikasına görə, kənddə 4000-ə qədər əhali yaşayır.

 

İKİNCİ KEÇİD: Bütün Borçalı kəndləri kimi, bu kəndlərdə “molla məktəbi” adlanan, əslində, ibtidai təhsil verən “özəl məktəblər” var idi. Çar dövründə yalnız Qızılhacılıda ilk dünyəvi məktəb vardı (1890). Darvazda dünyəvi məktəb isə Gürcüstan Demokratik Respublikasının dövründə – 1919-cu ildə fəaliyyətə başladı. Saz, söz adamları olduğu qədər, get-gedə təhsilə meyil də artmağa başladı və müharibədən sonrakı dövrlər sanki Darvazın intibah dövrü başladı.

 

Hərbiyə Paşasıyla başlayan kəndin onlarla müharibə iştirakçısı vardı, hətta Sovet İttifaqı qəhrəmanı da vardı, NKVD zabiti Bilal Aşırov da bu kənddən idi... Darvaz ziyalıları akademik Mədət Çobanov, professorlar Fərman Gülməmmədov, Murtuz Məmmədov, Valeh Hacılar və onlarla elmlər namizədi, Azərbaycan mətbuatında Musa Nəbioğlu və Muşfiq Borçalı da kifayət qədər tanınan yazıçı, publisistlərdir.

 

ÜÇÜNCÜ KEÇİD: İllərlə kəndin seçilən təhsilliləri əsasən Azərbaycanda və digər ölkələrdə məskunlaşsalar da, kəndinə, elinə bağlı övladları ata ocağının işığını yandırıb, yurda sahib çıxıblar. Darvazlılar keçid dövrünün çətinliklərinə sinə gərdilər, el qorudular, oba yaşatdılar. Artıq bütün Gürcüstanda olduğu kimi, Darvazda da infrastrukturlar yenilənib, kənd abadlaşıb, gənclər elə paytaxtda təhsilini davam etdirir, vətəndaş olaraq bütün hüquqlarından istifadə edirlər. Kənd camaatı hər kəs öz arşını ilə həyatını davam etdirir – fəhləsi fəhlə kimi, çobanı çoban kimi, ziyalısı ziyalı kimi... Beləcə, darvazlılar dünənindən gələn tarixin cığırı ilə heç bir təxribata getmədən öz yoluyla gedirdilər – müstəqil Gürcüstan vətəndaşları kimi.

 

DÖRDÜNCÜ KEÇİD: Darvaz dərəsi dağlar arasında bir vadidir. Burada 6 kənd birləşir. Əsrlərdir otlağı, aranı, dağı bir, fərq qoymadan bir elli, bir evli kimi dolanırlar. Vadililərin Tanrı töhfəsi olan təbiət gözəlliyi insanlarının çöhrəsinə nur, sağlığına gümrahlıq verib. Yurda sədaqətli övladlar halal zəhmətiylə həyət-bacada əkini ilə, tövlədə mal-qarası, hinində toyuq-cücəsi ilə örüşlərdən görüşlərə keçinib gedirdilər. Vadinin Günəşi parlaq, bulağı duru, səması açıq, sakinləri rahat idi və günlərin bir günü...

 

BEÇİNCİ KEÇİD: Bir gün kənd sakinləri ağır texnikanın gecə qaranlığında “kirimişcə” meşəyə girişini gördülər. Fikirlə gümandan gələn şübhələrlə ha çalışdılarsa suallarına cavab ala bilmədilər.

 

Dağlarda faydalı qazıntı sevdası olan işbazların kəndin içməli suyundan ekologiyasına verəcəyi zərəri dərk edən kənd əhalisi xoşməramlı narazılığa başladılar. Günlərlə davam edən narazılıq media tərəfindən sükunətlə qarşılanırdı. Şirkətlərin adı çəkilsə də, sakinlərin haqlı narazılığı sosial şəbəkədə ətraflı işıqlandırılsa da rəsmi cavab yox idi... Və...

 

ALTINCI GEDİŞ: Nə gözəl ki, elimizin layiqli, el sevər övladları var. El malını canından daha əziz bilən Naşir Orduxanov özü kimi qeyrətli gənclərlə birlikdə elinin harayına dəstək oldular. Bəli, el bir olsa zərbi kərən sındırar dedilər və dinc bir mitinq-aksiya keçirdilər – Darvazın xeyir-şər evinə 6 kənd camaatı ana demədən, ata demədən el harayına gəldilər. Mətbuatı çağırdılar, biz vətəndaşıq dedilər, dərdimiz bir, sirrimiz birkən səsimizi eşitməz olmayın dedilər. Haqq səsimizə haqq verin dedilər. Elə oradaca 600-ə qədər imza ilə 13 dövlət komitəsinə müraciət ünvanladılar. Tələblər, təkliflər mediada işıqlandı, dövlət və özəl kanallar, qəzetlər, sosial şəbəkələr 10 may günü Darvazdan danışdı, haqlı tələbindən danışdı, yekdil camaatından danışdı, yurd sevgisindən, qoruduğu təbiətdən danışdı.

 

Qızıl axtarışına gələn iki şirkət gizlicə gecə gəldiyi kimi, gizlicə gecə də getdi. Əvəzində bizə darvazlıları bir daha tanıtdı, sevdirdi, nümunə etdi. Darvaz vadisi darvazlılarla yenidən öz sağlığına qovuşdu, qanamış yarası qaysaqladı. Babaların ruhu şad, təbiətsevərlərin könlü rahat oldu.

 

Bəli, burada bizim XXI əsrin Darvaz dastanı başa çatdı.

 

Esmira Ələkbərli