Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə qeydiyyat müddəti və şərtlərini müəyyən edib.

 

Gürcüstan təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin qərarına əsasən, məktəbə qəbul yaşı ilə əlaqədar “Ümumi təhsil haqqında” Gürcüstan qanununda dəyişiklik edilib. 2024-2025-ci tədris ilində 1 dekabra qədər 6 yaşı tamam olacaq uşaqlar da birinci sinfə qeydiyyatdan keçə biləcəklər.

 

Dəyişikliyə əsasən, tədris ilinin başlandığı gündən dekabrın 1-dək anadan olmuş uşaqların valideynləri və ya qanuni nümayəndələri uşağın hazırlığı və yüksək maraqlarını nəzərə almaqla uşağı bağçada da saxlaya bilər, birinci sinfə qeydiyyat da edə bilər.

 

Uşaqların birinci sinfə qeydiyyatı dörd mərhələdə həyata keçiriləcək:

 

I mərhələ – qeydiyyatın birinci mərhələsi 2024-cü il martın 6-dan martın 20-nə qədər həyata keçiriləcək. Bu mərhələdə xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeydiyyatdan keçiriləcəklər.

 

I mərhələdə qeydiyyatdan keçmiş uşaqların valideynləri istədikləri məktəbə ərizə ilə müraciət edə bilərlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcək. Uşağın xüsusi təhsilə ehtiyacı olduğunu təsdiq etmək məqsədi ilə valideyn məktəbdə müvafiq müraciət forması doldurur və bundan sonra multidisiplin komandası tərəfindən uşaq qiymətləndirilir, onun xüsusi təhsilə ehtiyacı olub-olmaması müəyyən edilir. Xüsusi təhsilə ehtiyacı olduğu təsdiq olunarsa, məktəb müvafiq sənəd əsasında şagirdin qəbul edilməsini təmin edir. Birinci mərhələdə qeydiyyatdan keçmiş uşağın sənədi 2024-cü ilin 21 mart tarixindən 26 aprel tarixinə qədər məktəbə təqdim olunmalıdır.

 

Xüsusi təhsilə ehtiyacı olan şagirdlər bunlardır:

 

a) Fiziki məhdudiyyəti olan;

b) İntellektual inkişaf pozuntusu olan;

c) Tədris qabiliyyəti pozuntusu olan;

ç) Sensor inkişafı pozuntusu olan (eşitmə və ya görmə);

d) Nitq qabiliyyəti pozuntusu olan;

e) Davranış və emosional pozuntusu olan;

ə) Uzun müddət xəstəxanada qalmaq ehtiyacı olan;

f) Təhsildə sosial faktorlardan yaranmış çətinliklər və buna görə də milli tədris planının tələblərini yerinə yetirə bilməyən;

g) Autizm spektri olan.

 

Xüsusi təhsilə ehtiyacı təsdiqlənməyən uşaqların növbəti mərhələlərdə qeydiyyatdan keçirilməsi mümkün olacaq.

 

II mərhələ – bu mərhələdə mayın 1-dən mayın 16-na qədər qeydiyyatdan keçmək mümkün olacaq və məktəbdə qeydiyyatdan keçəcək uşaqlar bunlardır:

 

a) Eyni məktəbdə təhsil alan bacı və qardaş;

b) Valideyni/qəyyumu həmin məktəbin əməkdaşı olanlar;

c) Bir ailədən eyni zamanda birinci sinfə daxil olan iki və daha çox olan uşaqlar.

 

İkinci mərhələdə valideyn/qanuni nümayəndə tərəfindən uşağın qəbulu üçün vacib sənədlərin təqdim olunması əsasında qeydiyyat ictimai məktəblərdə həyata keçirilir. Qeydiyyatı ictimai məktəb təmin edir.

 

III mərhələ – ümumi qeydiyyat mayın 20-dən başlayacaq və iyunun 13-nə qədər davam edəcək.

 

Qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində – “registration.emis.ge”də həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə aparır. Elektron qeydiyyatdan keçmiş şagirdin vacib sənədlərinin təqdim edilməsi 14 iyundan 25 iyuna qədər həyata keçiriləcək. Təyin edilmiş vaxtda sənədlər təqdim olunmazsa qeydiyyat avtomatik ləğv olunacaq.

 

IV mərhələ – bu mərhələdə qeydiyyat 27 iyundan 12 iyula qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə azad olunan, yaxud boş qalmış yerlərə I, II və  III mərhələlərdə qeydiyyatdan keçmiş, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qeydiyyat olunacaq.

 

Məktəb dördüncü mərhələdə valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənəd əsasında şagirdin qeydiyyatını təmin edir.

 

Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər isə bunlardır:

 

• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat qeyd olunmalıdır. Ərizə Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. Qanuni nümayəndənin şəxsiyyəti təsdiq edən sənədinin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır.

 

• Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır.

 

Nazirlik valideynləri qeydiyyat müddəti və şərtləri ilə diqqətlə tanış olmağa çağırır ki, uşaqları vaxtında və maneəsiz məktəbə qeydiyyat edə bilsinlər.