Dil üzərində irqçiliyə, ayrı-seçkiliyə linqvisizm deyilir. Son illər Gürcüstanda yaşayan aborigen azərbaycanlılar rasizmin bir növü olan linqvisizm halları ilə tez-tez qarşılaşırlar, hətta bu qarşılaşmalar təhqir, dava-dalaş və bıçaqlanma kimi qarşıdurmalara da çevrilir. Mağazalardan, ictimai nəqliyyatdan tutmuş dövlət idarələri və xəstəxanalara kimi, “Niyə gürcü dilini bilmirsiniz, gedin öz ölkənizə” ifadəsini burada yaşayan hər bir azərbaycanlı ömründə heç olmasa bir dəfə eşidib. Bu kimi hallar xəstəxanalarda daha çox baş verir, xüsusən də yaşlılara qarşı. Baxışından şovinizm yağan, ağzı faşizm qoxuyan bu insanabənzər varlıqlara başa sala bilmirsən ki, bu adamın artıq 70-80 yaşı var, bir ayağı gordadır, ağrıdan o biri ayağı üstündə də zorla durur, indi gürcü dili bunun bir yerinə də lazım deyil, heç hənanın yeridir; həm də ki, məktəbi ana dilində oxuyub, vaxtilə öyrəndiyi xarici dil rus dili olub, yaşadığı yerdə isə 60-70-ci illərə qədər gürcü dilində ünsiyyət qurmağa bir nəfər belə olmayıb; sənə gürcü dilini bilənlər lazımdırsa, yüzlərlə gənc yığıb gətirə bilərəm, dilin qabar olana qədər danış onlarla gürcücə; indi isə zəhmət çək, öz həkim borcunu yerinə yetir, pulsuz işləmirsən ki... Yəni keçi can hayında, qəssab piy axtarır. Ümumiyyətlə, hansı dil daşıyıcısı olur olsun, ömründə başqa dildə danışmayan, təhsil görməyən yaşlı bir adamdan niyə filan dili bilmirsən deyə soruşmaq ən böyük əxlaqsızlıqdır, həyasızlıqdır, cahillikdir.
Ötən günlərdə, daha dəqiq desək, qloballaşma, nanotexnologiya, süni intellekt dövründə çoxmillətli Gürcüstanın rəngarəng paytaxtında linqvisizmin nəticəsi yenə fatal oldu. 15 yaşlı azərbaycanlı digər azərbaycanlı ilə ana dilində danışdığına görə təhqir olunaraq bıçaqlandı. Rasizmin bundan iyrənc səbəbi ola bilməz yəni. Bir azərbaycanlının digər azərbaycanlı ilə öz dilində danışmasından təbii heç nə ola bilməz dünyada; eləcə də bir gürcünün digər gürcü ilə öz dilində danışmasından təbii heç nə ola bilməz, elə Gürcüstanda da, dünyada da. O dünyada ki, orada Azərbaycan dilində təxminən 50 milyondan çox adam danışır və gürcü dilində təxminən 5 milyon adam danışır.
Bəli, hansı dövlətdə yaşayırsan, o dövlətin dilini bilməlisən, hətta nə qədər dil bilsən, o qədər yaxşıdır, qonşu dövlətlərin dilini bilmək isə lap yaxşıdır. Amma gərək yaşadığın dövlət də öz dilini sənə öyrədə. Bu gün orta məktəblərə getsəniz, gizlin monitorinqlər aparsanız, heç olmasa, şagirdləri danışdırsanız görəcəksiniz ki, məktəblərdə gürcü dili lazımi səviyyədə öyrədilmir, gürcü dili müəllimlərinin əksəriyyəti mütəxəssis deyil, statusu olan müəllimlər ümumiyyətlə dil öyrətmirlər, “ayım gəlsin, günüm keçsin” rejimində işləyirlər, sinfə girib telefonla oynayır, zəng çalınanda da çıxıb evə gedirlər – bunu şagirdlərdən dəfələrlə eşitmişəm. O şagirdlərdən ki, ali məktəbə qəbul olmaq üçün 2250 lari ödəyərək bir il gürcü dili öyrənməli olurlar. Dövlət öz dilini öz vətəndaşına 2250 lariyə öyrədir.
Məsələn, mən orta məktəbi 2004-cü ildə bitirmişəm. Gürcü dili dərsi bizə həftədə bir saat keçilirdi, o da dırnaqarası. Müəllimlərin əməkhaqqı da az idi – qəpik-quruş. O vaxt bu qəpik-quruşa yalnız azərbaycanlı müəllimlər işlədilər ki, məktəblər bağlanmasın. Gürcü dili müəllimlərinin çoxu mütəxəssis deyildi, peraşki satan da gəlib məktəbdə gürcü dili və ədəbiyyatı dərsi keçirdi. Əlifbanı zorla öyrədirdilər. Yəni siz öyrətdiniz, bizmi öyrənmədik?!
Mayın 10-da müxtəlif mədəniyyətlərin beşiyi sayılan Tbilisidə Azərbaycan dilində danışdığına görə təhqir olunaraq bıçaqlanan yeniyetmə isə gürcü dilini də yaxşı bilir. Belə görünür ki, məsələ təkcə linqvisizm deyil, həm də şovinizm, nasizm, rasizm və başqa-başqa izmlərdir...
Nəzərə alsaq ki, dünyanın ən təhlükəsiz şəhərlərindən hesab edilən Tbilisidə minlərlə azərbaycanlı tələbə təhsil alır, onlar öz aralarında Azərbaycan dilində danışırlar, məsələ həqiqətən də ciddiləşir və bu tələbələrin Tiflisin küçələrində, universitetdə, mağazada qardaşı, bacısı ilə ana dilində – Borçalı dialektində danışdığına görə təhqir olunub bıçaqlanmayacağına kim dövlət dilində qarantiya verir?
Dialekt demiş, bilmirəm təsadüfdür, ya yox, Tbilisidə azərbaycanlı alimin “Azərbaycan dilinin Gürcüstandakı Qazax dialekti” (?) mövzusunda doktorluq işi müdafiə etməsi xəbəri ilə 15 yaşlı soydaşımızın Borçalı dialektində danışdığına görə təhqir olunub bıçaqlanması xəbəri üst-üstə düşdü. Görünür, həmin gün ana dilində danışdığına görə azərbaycanlının bıçaqlanması ilə Borçalı dialekti də bıçaqlandı. O da görünür ki, hər yerimizdən parça-parça olmağımız, bölünməyimiz azlıq edir, oturub təzədən dilimizi də dialektlərə bölməklə məşğuluq, heç olmasa, ərazinin adı ilə bölün ki, arealımız genişlənsin, axı dialekt müəyyən bir əraziyə, bölgəyə aid məsələdir. Axı Borçalıda yaşayanlar başqa ərazidə yaşayanların dialekti, ləhcəsi ilə necə danışa bilərlər və ya Muğanlıda, Təhlədə yaşayanlar Aslanbəylidə, Şıxlıda yaşayanların ləhcəsi ilə necə danışa bilərlər? Düzəlmişdi hər yarağımız, qalmışdı bircə saqqal darağımız.
Yaxşı ki, bizi birləşdirən Azərbaycan ədəbi dilimiz var, bu dili öyrəndiyimiz məktəblər var, bu dili bizə öyrədən müəllimlər var hələ – bunlar haqqında düşünüb daşınmaq lazımdır. Məktəblərimizin qorunub saxlanılması, ana dilimizin tədrisinin keyfiyyəti haqqında düşünüb daşınmaq lazımdır və sair və ilaxır.
Nə isə... Ən yaxşı halda bu linqvisizm hadisəsinin yenə də bir təxribat olduğunu ehtimal edərək öz aramızda daha Borçalı dialekti ilə deyil, Qazax dialekti ilə danışmalıyıq ki, bəlkə bundan sonra bizi təhqir edib bıçaqlamağa qorxalar.
Azər Musaoğlu