“ChatGPT”-yə halaldır, yarandığı vaxtdan neçə məktəb bitirdi, neçə medal aldı, neçə imtahan verdi...

 

Texnologiya hər sahədə sürətlə inkişaf edir. Bu da illərdir gündəlik həyatımızı daha komfortlu etmək üçün bizə imkanlar yaradır. Gecələr də işığımız oldu, paltarlarımız yuyuldu, ev tapşırıqlarımız yazılır...

 

“ChatGPT” və digər oxşar süni intellekt növləri son dövrün ən böyük texnoloji ixtiralarındandır. Bəs biz ondan nə qədər düzgün istifadə edirik? Mən başa düşmürəm, niyə digər xalqlar texnologiyadan inkişaf və irəliləyiş üçün, bizim cəmiyyət isə əksinə, geriləmək üçün istifadə edir. Şagirdlər ev tapşırıqlarını, yoxlamaları “ChatGPT”-yə yazdırır, tələbələr imtahandan “ChatGPT” ilə keçirlər...

 

Azər Musağlu “Qızıl medal və imtahan” yazısında soruşur: “Görəsən, bizdən başqa daha hansı xalqlar pulla, rüşvətlə, hörmətlə, tanışlıqla, “ChatGPT” və digər qələtlərlə özünə, övladına ad-san, status, qiymət, vəzifə, diplom, titul, qızıl medal əldə edir, etdirir?”

 

Görəsən, digər xalqlar “ChatGPT” və digər süni intellekt növlərindən necə istifadə edirlər?

 

Gedək ABŞ-a, Filadelfiyaya. Dosent, süni intellekt üzrə tədqiqatçı və “The New York Times” bestselleri olan “Co-Intelligence” kitabının müəllifi Ethan Mollik dərslərində tələbələrinə “ChatGPT”-dən istifadə etmələrinə icazə verməklə kifayətlənmir, həm də tələb edir. “NPR” radiosuna verdiyi müsahibədə isə belə deyir: “Həqiqət budur ki, bunu tələb etməsəydim belə, yəqin ki, onların “ChatGPT”-dən istifadə etməsinin qarşısını ala bilməzdim”.

 

Mollik süni intellektin təhsilə adaptasiyası haqqındakı narahatlığını gizlətmir. Lakin onun fikrincə, müəllimlər zamanın dəyişməsi ilə uyğunlaşmalıdırlar: “Biz insanlara kalkulyatorların olduğu dünyada riyaziyyatı necə öyrətməyi öyrətdik”.

 

İndi isə müəllimlərin qarşısındakı problem tələbələrə dünyanın yenidən necə dəyişdiyini və onların bu dəyişikliklərə necə uyğunlaşa biləcəklərini öyrətməkdir.

 

“Məncə, hamı köçürür... Yəni bu, olan hadisədir. Mənim tələbələrdən istədiyim yalnız mənə bu mövzuda dürüst olmalarıdır” – Mollikə görə, süni intellekt insan təbiətini dəyişməyəcək, lakin imkanları genişləndirəcək.

 

Əgər ABŞ uzaq gəldisə, gəlin bir az daha yaxından bir nümunə verək.

 

Tbilisi Dövlət Tibb Universitetinin 4-cü mərtəbəsində Biokimya departamentinin rəhbəri Paata Tuşuraşvili mühazirələrində “ChatGPT”-dən istifadə edir. Şagirdlərə verdiyi sualları süni intellektə də yazıb cavabları tələbələrlə birlikdə müzakirə edir, səhvləri axtarıb tənqidi düşüncəni irəlilədir.

 

Bir də elə həmin universitetin 1-ci mərtəbəsində yerləşən imtahan mərkəzinə baxaq: İmtahana gizlindən telefon aparan azərbaycanlı tələbə “ChatGPT” ilə imtahandan keçməyə çalışarkən tutulub çölə atıldı.

 

Bizim ədəd oxunda mənfi birdən müsbət dördə xeyli yolumuz var. Bu mövzuda ən çox iş əziz müəllimlərə düşür. Yüklərini azaltmaq üçün şagirdlərin hələ istifadə etməyi belə öyrənmədikləri texnologiyadan sui-istifadəsinə göz yummaq cəmiyyətin gələcəyi ilə, istiqbalı ilə zarafat etməkdir. Müəllim artıq yalnız fənni bilən şəxs yox, “süni intellekt və fənn üzrə ekspert” olmalıdır, Mollik və Tuşuraşvili kimi.

 

Biz əsrlərdir ekranlardan yox, insanlardan öyrənəcək şəkildə təkmilləşdik. Genişlənən imkanlardan istifadə etməyin pis tərəfi yoxdur, pis istifadə etməyin isə pis tərəfləri çoxdur...

 

Sözü Mirzə Ələkbər Sabirin “İstiqbalımız lağlağdır” şeirindən bir hissə ilə bitirmək istəyirəm:

 

“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan...” –

Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?

Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,

Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

 

Alidə Mahmudova