Bir neçə ay əvvəl bir mətni Azərbaycan dilinə tərcümə etməli idim. Mükəmməliyyətçi biri olaraq süni intellektə güvənməyib özüm tərcümə etməyə qərar verdim. Ana dilinə tərcümə etmək nə qədər çətin ola bilər ki... Sizə deyim ki, yalnız bir səhifəni tərcümə etməyə bir saat vaxt xərclədim. Elə bilirdim ki, Azərbaycan dilini bilirəm. Allahdan süni intellekt dövründə yaşayırıq, ən azından lüğət səhifələməyə vaxtım getmədi. Sözləri atıb bir neçə sinonimdən kontekstə uyğun olanı seçib bir neçə səhifəlik mətni bir təhər bitirdim.

 

Birdən işıq yandı təpəmdə... kənddə işıqlar sönmüşdü, onlar yandı. Hə, nə deyirdim... Və araşdırmalarıma görə, yayda işıqların tez-tez keçməyinin səbəbi... Yox, bu deyildi...

 

Müşahidələrimə görə, bizim ən böyük problemlərimizdən biri öz ana dilimizi bilməməyimizdir. Bunun da səbəblərindən biri azərbaycandilli məktəblərdə Azərbaycan dilinin yaxşı öyrədilməməsidir. Ana dilimizi bilmədən oxuduğumuzu necə anlaya bilərik? Necə imtahan verib, universitetdə oxuya bilərik?

 

İmtahan suallarını açıb baxsanız, məntiq hissəsində Azərbaycan dilindən başqa bir şey yoxdur. Bu vəziyyətdə də ən xeyirdə məntiq müəllimləri oldu. Onlara bir söz demirəm, ehtiyacdan yarandılar, mənim ehtiyacdan Azərbaycan dilini öyrənməyə başlamağım kimi. Məncə, elə “1+4” də ehtiyacdan doğdu. Bəlkə də azərbaycandilli məktəblərdə kimya, fizika... kimi fənləri tədris edəcək yetərli kadrın olmaması bu məktəblərdən məzun olan gənclərin hansı fənlərlə universitetlərə qəbul ola biləcəkləri sualına, məntiqi öyrənsələr oxuduqlarını anlaya, riyaziyyatı öyrənsələr əsas fənləri daha asan öyrənə və fakültəni bitirə bilərlər deyə cavab tapıldı.

 

Universitetdə oxumaq üçün də ana dilimizi bilməliyik. Oxuyacağımız fənləri anlamadan universitet bitirmək diplomdan ibarətdir.

 

Yaşadığımız ölkədə dövlət universitetlərində yalnız rus, ingilis və gürcü dillərində oxuya bildiyimiz üçün ikinci dil öyrənmək qaçılmazdır. Bunun da yenə ilk şərti ana dilini bilməkdən keçir. Buna görə də Azərbaycan dilini öyrənməliyik.

 

Bundan əlavə, dil yalnız imtahandan keçmək və ya universitetdə təhsil almaq üçün deyil, yaşamaq və insanlarla düzgün ünsiyyət qurmaq üçün də lazımdır. Axı cəmiyyətdə, insanlarla bir yerdə yaşayırıqsa, ünsiyyət vacibdir. Yox, əgər Mauqli kimi meşədə yaşayacağam deyirsinizsə, əlbəttə, ona bir söz demirəm...

 

Bedri Rahmi Eyüboğlu isə “Üç dil” şeirində belə deyir:

 

“...Ən azından üç dil bilməlisən

Ən azından üç dildə düşünüb xəyal görməlisən

Ən azından üç dil

Biri ana dilin

Əlin-ayağın qədər sənin...”

 

Üç dili keçdim, biz əvvəlcə bizim olanı, öyrədilməyən ana dilimizi öyrənməliyik, qopmuş əlimizi, ayağımızı yerinə taxmalıyıq. Ayaqsız irəliləmək, əlsiz salam vermək necə mümkündür?

 

                                                                                               Alidə Mahmudova