Sosial medianın yaxşı tərəflərindən biri də insanların ondan bir tribuna, televiziya, radio, qəzet, jurnal kimi istifadə etməkləridir. Məhz əli (səsi) televiziyaya, radioya, qəzetə, jurnala çatmayanlar istədikləri vaxt telefonlarının kamerası vasitəsilə çəkə, göstərə, danışa, tənqid edə bilirlər. Qınasaq da, bəyənməsək də, bu gün uşaqdan böyüyə – hamının əlində kameralı telefonun olması həm də yaxşıdır. Əlbəttə, telefondan öz ziyanına istifadə etməmək – səhərdən axşama kimi oyun oynamamaq, “TikTok”da avaralanmamaq, onun-bunun statusunu güdməmək, qumar oynamamaq, pornoqrafiyaya baxmamaq və bu kimi axmaq-axmaq işlərlə məşğul olmamaq şərtilə.
İnternet və rəqəmsal texnologiyaların yaxşı tərəflərindən biri vətəndaş mediasının, vətəndaş jurnalistikasının formalaşması oldu. Bu gün bu imkandan istifadə edərək insanlar asan şəkildə öz fikirlərini ifadə edə, yaşadıqları şəhərin, kəndin, məhlənin problemlərini çəkib göstərə bilirlər. Düzdür, bizim kimi cəmiyyətlərdə bambılı, nayqara, pafoslu, şit və mənasız videolar daha çox çəkilib göstərilir, həmçinin daha çox izlənilir də. Amma yenə də sevindirici haldır ki, son zamanlar cəmiyyəti narahat edən məsələlərə də diqqət çəkənlər var. Bu, Amerika kəşf etmək deyil, bütün dünyada belədir və hər şey aydındır. O da aydındır ki, əli kameralı bu adamlar, xüsusən də gənclər həmin problemlərin həllində səlahiyyəti olub, ancaq marağı olmayanları narahat edir, onları yumşaq kreslolarında qurcuxdururlar. Lap yaxşı! Kreslolarda oturmaqdan yanlarının uyuşmaması üçün əla masajdır.
Aydın olmayan isə budur ki, problemləri göstərən bu videolardan, səslərdən yalnız problemlərin həllində səlahiyyəti olub, ancaq maraqlanmayanlar narahat olub kreslolarında qurcuxmurlar, həmin problemlərdən əziyyət çəkənlər də narahat olub tıncıxırlar. Uşaqların oynadığı ərazidə qapağı olmayan kanalizasiya quyusunu çəkib paylaşırsan; məktəbin həyətinə toplaşmış sahibsiz it sürüsünü çəkib paylaşırsan; avtomobil qəzalarına, insan ölümlərinə səbəb olan yolda sürət həddini göstərən nişanın, “tramplinin”, kameranın olmadığını çəkib paylaşırsan; illərlə qaynayıb daşaraq ətrafa üfunət yayan çirkab sularını çəkib paylaşırsan; Pizza qülləsi kimi əyilərək insanların başına düşməsi üçün münasib zaman gözləyən elektrik dirəklərini çəkib paylaşırsan; parklarda dekorativ kolları iştahla yeyən inəkləri çəkib paylaşırsan və ilaxır, bu problemlərə diqqət çəkməyə çalışırsan, səlahiyyətli orqanları paylaşdığına teqləyərək həllini istəyirsən, bu zaman üstünə bir sürü rəiyyət tökülüşüb səni virtual linç edirlər ki, sənin kiminsə inəyinin üzünü çəkməyə haqqın yoxdur, o inəkdən icazə almısanmı, bəs o inəklər harada otlasınlar, park sənin dədənin ha deyil, inəkdir, harada istəyər, nəyi istəyər otlayar da, gövşəyər də. Bir sözlə, inəyin o qədər qohumu, hüquq müdafiəçisi, dostu-tanışı çıxır ki, qoçu Nəcəfqulunun keçisi yalan olur, qalırsan mat-məəttəl...
Sənin qohum-əqraban da bir yandan üstünə düşür ki, lazım idi sənə bu, kanalizasiyamı daşır – cəhənnəmə ki, parkda inəklərmi otlayır – cəhənnəmə ki, nə azarına qalıb, el üçün ağlayan iki gözündən də olar, bu Kufə camaatına güvənmə, palaza bürün, elnən sürün. Ümumiyyətlə, nəyə bürünürsən-bürün, təki sürün, ayağa qalxma, səsini çıxartma, çəkmə, göstərmə, danışma, tənqid eləmə, yazma. Rəiyyət üstünə elə tökülüşər ki, hökumət yalan olar. Necə ki, bu gün cəmiyyəti narahat edən problemləri çəkib işıqlandıranların üstünə virtual qoçular tökülüşüb əlahəzrət faktı ört-basdır etmək, ərbablarına yarınmaq, xoş gəlmək üçün könüllü trolluq edirlər.
Belə... Adama deyərlər, soğan yeməmisinizsə içiniz niyə göynəyir?..
Azər Musaoğlu