Tiflis dünyanın ən qədim şəhərlərindən biridir. Tiflis şəhəri yaşadığımız ölkənin paytaxtı, ana şəhəridir. Tiflis şəhəri bizim üçün də doğmadır, əzizdir. Paytaxtı, ana şəhəri olduğu bu ölkənin  biz də övladlarıyıq. Gürcüstanda biz də yaşayırıq. Odur ki, onun qədimliyinə, onun qədəmliyinə ötəri bir nəzər salaq.

 

Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Ona həsr olunmuş əfsanədə nəql olunur ki, çar Vaxtanq Qorqasal Gürcüstanın o vaxtlar ana şəhəri olan Msxetanın həndəvərlərində ova çıxıbmış. Çarın şahini səmada gördüyü qırqovulu saldırır. Hər ikisi gölməçəyə düşür. Çar görür ki, quşlar qaynar gölməçədə bişmişlər. Odur ki, Qorqasal burada bir çox qaynar bulaq aşkar edir. Məhz elə bu yerlərdə şəhər salmaq qərarına gəlir. Beləliklə, Tiflis şəhəri belə yaranır. Tiflis şəhərinin adının da mənası gürcücə isti su deməkdir. Və elə onun adı da bu isti sulardan götürülmüşdür. O vaxtlar Mtabor dağının ətəklərində olan isti bulaqlar indi də mövcuddur. Həmin bulaqlar əsasında tikilmiş hamamlar yerdən qaynayan isti sular ilə təmin olunur. Onu da qeyd etmək lazımdır ki, Vaxtanq Qorqasal çox ağıllı, uzaqgörən, zəhmətsevər siyasətçi, dövlət xadimi, fədakar sərkərdə olub. Onun ləqəbi Qorqasal farsca “canavar başı” mənasını daşıyır və onun dəbilqəsinin önündə canavar şəkli əks olunubmuş. Onun atası çar Mirdət, anası İran şahzadəsi Saranduxt olub. İranı tərk edərək xristianlığı qəbul edib.


Gürcüstanın sonrakı çarları da özlərini Qorqasalın varisi adlandırırdılar. Gürcüstanın çarlıq (dövlət) bayrağında Vaxtanq Qorqasalın obrazı əks olunmuşdu. Gürcüstanın pravoslav kilsəsi qəhrəman çarı müqəddəs elan edib.


Böyük fransız yazıçısı Aleksandr Düma Tiflis haqqında yazır:
“Tiflisin həqiqi adı – Tbili-kalaki, isti şəhərdir. Bu ad isti sulardan, yəni səyyahlara məlum olan qaynar İran hamamlarından irəli gəlir”.


Tiflis hamamlarının müalicəvi xüsusiyyəti barədə əfsanə mövcuddur: Gürcüstan çarı meşədə (indiki Tiflisin yerləşdiyi ərazidə) ov ovlayarkən maralı oxla yaralamışdı. Qana bulaşmış maral kükürdlü bulağa yıxılmış, qanı yuyulmuşdu. O, son­ra sahilə çıxaraq çarın gözü önündə meşəyə doğru götürülmüşdü. Sən demə, isti suya girən maralın qanı kəsilmiş və yara tamamilə sağalmışdı.

 

Tiflisin hasarla çəkilmiş qədim hissəsi Qala adlanıb, Savkis çayının sol sahili, Narınqalanın aşağısı belə adlanır. Şəki qalasının adı da Narınqaladır. Salnaməçi yazır ki, çar “Tiflisə və Qala – qəsrə” gəldi. Sonralar bu adla Tiflisin hasarla əhatələnmiş əsas hissəsi adlandırılmışdı. Cənub-şərqdən hasar Savkis çayı boyu uzanırdı (Çayın həmin hissəsi indi borular ilə axır) və dağ relyefində yerləşən fortifikasiya sistemi vasitəsi ilə Narınqalanın qala divarlarına birləşirdi. Narınqaladan divar qırıq xətt ilə şərqə doğru, Sololak təpəsinə doğru gedirdi. Şahtaxtı yanında hasar kəskinliklə şimala doğru baş alırdı və dağ ətəyində pillə-pillə enərək bu günkü Dadiani və Puşkin küçələri xəttinə çıxırdı. Sonra isə hasar kəskinliklə istiqamətini dəyişir və Kürə doğru baş alırdı. Hasarın bu hissəsinin fraqmentləri Barataşvili küçəsinin genişləndirilməsi zamanı aşkar olundu. Məhz elə burada şəhərin şimal və qərb divarlarının birləşdiyi yerdə şəhər darvazalarından biri qoyulmuşdu. Diğom qapısı (həmin yerdən indi Versxli küçəsi başlayır) Vaxuşti Baqrationinin Tiflisin 1735-ci il planında bir-birinə yaxın iki darvaza göstərilmişdi: “Körpü ilə birlikdə meydan qapısı və körpü ilə birlikdə aşağı qapı”. Tiflisin sonrakı planlarında isə yalnız birincisi “Muxran körpüsü” adı ilə göstərilir. Göründüyü kimi, aşağı qapı ötən əsrdə fortifikasiya tikililərinin təmiri zamanı aradan götürülmüşdü. Şəhərin mühüm qapılarından biri – Kocor qapısı Qalanın qərb divarında, indiki Kote Abxazi (Bir az əvvəllər Leselidze) küçəsinin Azadlıq meydanına daxil olduğu yerdə yerləşirdi. Şəhər hasarının daha iki qapısı əks tərəfdə idi: Hamamlar qapısı Hamamlar məhəlləsindən bilavasitə Qalaya gedirdi. Gəncə qapısı isə şəhərin cənubunda Narınqalanın ətəyində idi. Odur ki, Qalaya cənubdan Gəncə qapısı ilə, şərqdən Hamamlar qapısı, qərbdən Kocor qapısı, şimal-qərbdən Diğom qapısı ilə və nəhayət, şimaldan Muxran qapısı ilə daxil olmaq mümkün idi.
Feodal Tiflisin şəhərsalma strukturunu dəqiq əks etdirən ilk qrafik sənəd şahzadə Vaxuşti tərəfindən tərtib olunmuş plandır. Doğrudur, şahzadə Vaxuşti küçələrin dəqiq şəbəkəsini göstərmir, lakin o hər halda bəzi küçələri müəyyən edir ki, göründüyü kimi, həmin küçələr də birinci dərəcəli əhəmiyyətə malik imiş. Qalada iki meydan var idi. Qala (Tatar) və Çar meydanı. Çar meydanının əhəmiyyəti bu meydanın hər tərəfində çar Rostomun (Xosrov Mirzənin) yeni saray tikməsindən sonra artmışdı.


Son feodal dövrünün Qala küçələrinin şəbəkəsi xarakteri barəsində XVIII əsrin sonunda və xüsusən 1800-cü ildə tərtib edilmiş Tiflis planları aydın təsəvvür yaradır. Bu planlarda şəhər magistralları açıq-aydın göstərilmişdi. Onlardan biri Diğom qapısından başlayıb bu günkü Versxli küçəsi boyu gedir və sonra Sion küçəsi ilə Tatar (indiki Qorqasal) meydanına doğru istiqamət götürürdü.


Aşağı və yuxarı məhəllələr Tiflisin əsas rayonları idi. Onlar öz-özlüyündə bir çox kiçik məhəllələrə bölünürdülər. Bu və ya digər məhəllənin adı əhalinin çoxluğunun milli tərkibini əks etdirirdi.
Ağa Məhəmməd şah Qacarın qoşunları Qalanın böyük hissəsini dağıtmış, yerlə yeksan etmişlər. Tikililəri nəzərə almasaq, qalanın bu günkü tikililəri (yaşayış evləri) tamamilə 19-cu əsrdə inşa olunmuşdur, halbuki zirzəmilər bir çox hallarda əvvəlki vaxtlarındır. Belə ki, dağıdılmış yerlərin bərpası köhnə təməllərdən istifadə etməklə həyata keçirilirdi.


T.Beridze “qala” sözünün yaranması barəsində müxtəlif fikirlərin olduğunu qeyd edir. Özünün dediyinə görə, “qala” sözü qaya, daş deməkdir. Belə ki, Tiflis qalasının qayalı yerdə yerləşdiyini nümunə gətirir. Daha sonra onun qeyd etdiyinə görə, “qala” sözü Tiflisin yer adından silinmiş, Qalanın yamaclarında əmələ gəlmiş yaşayış məntəqəsi “Kldisubani” adlanmışdı.


Bu yerdə “qala” sözünün mənşəyinə də toxunmaq istəyirik. Gürcüstanda şəhərlər necə əmələ gəlmişdi? K.Raçvelişvili özünün “Gürcüstan feodalizminin tarixi” kitabında yazır:
“Bir çox başqa dillərdə olduğu kimi, “qalaqi” sözünün gürcü dilində də müəyyən əhəmiyyəti vardır. O, qədim Suriya dilindəki  “qəl-ə”, “qala” sözündən götürülmüşdür ki, bu da qəsr, istehkam, hasar mənasını verir (“qorod”, “oqorodit” rus sözünü müqayisə edin). Məlumdur ki, ilk dövrlərdə şəhər istehkam qurulmuş, möhkəmləndirilmiş qəsr olub. Bu qəsrdə ilk dəfə təkcə “çar” ola bilərdi (Ksenofont tərəfindən mossiniklərin çarının yaşadığı yerin qələmə alınmasını xatırlayın). Hər şeydən öncə bu, güman ki, bütün tayfaların asan gedə bildiyi yol ola bilərdi. Bu yerin ətrafında yavaş-yavaş mamasaxlisin (kəndxudanın) qohum-əqrəbaları, onun nökərləri, xidmətçiləri toplanırdılar. Odur ki, bu hasarlanmış, möhkəmləndirilmiş yer – inzibati mərkəzə çevrilirdi”.
XI əsrin salnaməçiləri Leonti Mroveli və Cuanşir öz əsərlərində ilkin dövrlərin Tiflisini həmişə qəsr ilə birlikdə xatırlayırlar. Lakin bu salnaməçilərin hekayətləri bir-birindən fərqlənir. Leonti Mroveli Tiflis qəsrini hər hansı bir xüsusi adı olmadan, yəni Tiflis qəsri kimi qeyd edir. Gürcü tarixçi Cuanşer isə Tiflis qəsrini “Qala” adlandırır.

 

D.Qvritişvili və Ş.Mesxiya “Tiflisin tarixi” kitabında yazır:

“Kiçik və yaxud Narınqala, Ana qala qala-qəsrdən və yaxud Baş (əsas) qaladan fərqlənirdi”.


Təkçə Tiflis qala-qəsri Narınqala adlanmırdı. Eləcə də Qori, Suram, Ananur, Borcom, Qrem və başqa qalalar da belə adlanırdı.


Bu qalanın salındığı yer təsadüfi deyildir. Bu yerdə Kür çayının məcrası daralır. Burada çayın qayalıq olan sahilləri bir-birinə yaxınlaşır. Belə ki, strateji baxımdan bu, əlverişli idi. Məhz elə bu strategiya qalanın tikilməsini, sonralar şəhərin salınmasını şərtləndirmişdi.


Bu qala paytaxtın çoxəsrlik sərgüzəştlərinin şahidi və iştirakçısıdır. Onun divarları və bürcləri dəfələrlə dağıdılmışdı. Sonralar bərpa olunmuş, yenidən tikilmişdi. Bu günə qədər qorunub saxlanılmış fraqmentlər müxtəlif dövrlərə məxsusdur. Bunu hörük materialı, quruluş xarakteri və başqa şeylər sübut edir. Qalanın şimal-şərq guşəsində olan yonulmuş daşlar ilə inşa olunmuş bürcün fraqmentini qalanın ən qədim hissəsi kimi qorunub saxlanıldığını hesab etmək olar.

 

(davamı var)

Mirzə Məmmədoğlu