Gürcüstan Yaşıl Ay Cəmiyyətinin ölkə üzrə X-XII sinif şagirdləri arasında təşkil etdiyi hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması və onluğa düşən hekayələrdən ibarət kitabın təqdimatı mərasimi keçirilib.

 

YENİYOL.GE xəbər verir ki, “Tiflis Palace” hotelində baş tutan tədbirin açılışını Gürcüstan Yaşıl Ay Cəmiyyətinin sədri Azər Musaoğlu edərək qonaqları salamlayıb, qalibləri təbrik edib, təşkilat və layihə haqqında məlumat veribdir. Tədbirdə Türkiyə Cümhuriyyətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Tbilisi koordinatoru Salih Özer, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, şair-publisist Rafiq Hümmət, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, yazıçı və kitabın gürcü variantının redaktoru Nana Samxaradze, Tbilisi Dövlət Tibb Universitetinin professoru və Tibbi Ekologiya Assosiasiyasının Prezidenti Marina Giorqobiani, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev iştirak edərək ürək sözlərini söyləyib, qalibləri təbrik ediblər. Tədbirdə həmçinin icma nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər də iştirak ediblər.

 

Birinci yerin qalibləri Məhəmmədəli Allahyarov və Nino Kençadze, ikinci yerin qalibləri Əntiqə Cəfərova və Soniko Avkopaşvili, üçüncü yerin qalibləri Lalə Məmmədova və Tinatin Miqineişvili pul müküfatı və diplomla təltif olunublar. Digər 14 nəfərə isə hədiyyə kuponu və sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, Gürcüstan Yaşıl Ay Cəmiyyətinin X-XII sinif şagirdləri arasında təşkil etdiyi “Sağlam həyat” adlı hekayə müsabiqəsinə həm gürcüdilli, həm azərbaycandilli məktəblərdən yüzdən çox şagird qatılıb. Müsabiqəyə təqdim olunan hekayələr tütün, alkoqol, narkotik, qumar və texnologiya asılılığından biri və ya bir neçəsi  ilə mübarizəni, onların fəsadlarını və onlardan xilas olma yollarını əhatə etməli idi. Layihəyə əsasən hər iki dildə 10-luğa düşən hekayələrdən ibarət kitab nəşr olunub.

 

Layihə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) və Beynəlxalq Yaşıl Ay Federasiyasının dəstəyi ilə həyata keçirilib.