Rəsmi statistikaya əsasən, ilin ilk yarısında Gürcüstana 3 milyon 582 min ABŞ dolları dəyərində 601 ton çap olunmuş kitab, broşür, vərəq və analoji çap materialları gətirilib.
YENİYOL.GE “bm.ge”-yə istinadən xəbər verir ki, idxalın dəyəri 3,7 %, həcmi isə 23,6 % azalıb. Nəticədə, ötən ilin eyni dövründəki 4,7 dollarla müqayisədə, cari ildə 1 kq məhsulun idxalının orta dəyəri 5,9 dollara qədər artıb.
Kitab və broşürlərin əsas təchizatçısı Türkiyədir. Cari ildə Gürcüstan Türkiyədən 1 milyon 716 min dollarlıq 383 ton məhsul alıb. İdxal həcm baxımından azalsa da, dəyər baxımından demək olar ki, eyni qalıb. Bu isə o deməkdir ki, Türkiyədən kitabların alınması bahalaşıb. Cari ildə 1 kq kitabın orta dəyəri 4,5 dollar təşkil edib, halbuki ötən il bu rəqəm 3,8 dollar idi.
İdxalçı ölkələr reytinqində ikinci yeri Polşa tutur (772 min dollarlıq 30 ton kitab idxal edilib), üçüncü yerdə isə İrandır (434 min dollarlıq 136 ton kitab idxal edilib). Bu istiqamətdən idxalın qiyməti ötən ilki 2,6 dollardan 3,1 dollara qədər artıb.
İdxalçı ölkələrin siyahısında həmçinin Birləşmiş Krallıq, Almaniya, Rusiya, Çin və digər ölkələr də var.