Hazırın naziri olmağa nə var. Uğur qazanmış istedadlı, bacarıqlı, bilikli adamlara hamı sahib çıxmaq istəyir – cəmiyyət də, dövlət də. Amma məsələ bu adamların uğuru hansı əzab-əziyyətlə, zəhmətlə, hansı şəraitdə və necə qazanmalarına gələndə isə heç kəs maraqlanmır. Çünki bu uğurun ön tarixçəsində ona sahib çıxmaq istəyənlərin dəstəyi, köməyi zərrə qədər də görünmür. Amma hazıra nazir olmaq istəyənlərin sayı çox olur. Başlayırlar haqqında yazılar yazmağa, televiziya verilişlərinə çağırıb danışdırmağa, haqqında süjetlər hazırlamağa, diplomdan, sertifikatdan, ordendən, medaldan verib şəkil çəkdirməyə, hətta işlə təmin etməyə ki, baxın, bu adam bizim yanımızdadır, ona dəstək göstəririk, bizim “siyasi kursumuzu” dəstəkləyir, bizim mövqeyimizdən çıxış edir, bizim çaldığımıza oynayır, o bizdəndir, bizim yetirməmizdir, biz onu kəşf etmişik, biz onu ixtira etmişik, biz onu klounlaşdırmışıq və sair...
Və öz əməyi, zəhməti ilə min bir əzab-əziyyətlə çətin şəraitdə uğur qazanmış adam bir həftənin içində məhv olub gedir, adı hansısa təşkilatla bir hallanır, hansısa partiya ilə bir hallanır, hansısa deputatla bir hallanır, hansısa səfirlə bir hallanır, hansısa merlə bir hallanır; bir həftənin içində özü də, qazandığı uğuru da unudulur, uğursuzluğa düşür. Uğuru özünün qazanması şübhə yaradır. O şəkillər, o təriflər adamı elə məhv edir ki, bundan sonra öz gücünə qazandığı bütün uğurlar hansısa təşkilatın, partiyanın, deputatın, merin, səfirliyin adına yazılır.
Hazırın naziri olmağa nə var. Bu gün yüzlərlə istedadlı, bacarıqlı, bilikli gənclər var ki, şəraitsizlik, imkansızlıq, diqqətsizlik və qayğısızlıq üzündən özlərini inkişaf etdirib uğur qazana bilmirlər. Kəndlərdə, hətta bəzi rayon mərkəzlərində də kitabxanalar, dərnəklər, məktəblilərin, gənclərin vaxtlarını səmərəli keçirmələri üçün mərkəzlər yoxdur (amma bütün kəndlərdə, rayon mərkəzlərində partiyaların ştabları, çayxanalar, qumarxanalar var). Sonra da şikayətlənirik ki, gənclər çayxanalarda, qumarxanalarda avaralanırlar, kitab oxumurlar, vaxtlarını səmərəli keçirmirlər. Bu cür şəraitdə bu cür şikayətlənməyə heç kimin haqqı yoxdur. Əvvəlcə məktəblilərin, gənclərin vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər görülməlidir, müxtəlif idman zalları, incəsənət dərnəklərinin fəaliyyət göstərəcəyi məkanlar, klublar yaradılmalıdır, istedadlı, bacarıqlı, savadlı gənclərin özlərini inkişaf etdirmələri üçün şərait yaradılmalıdır ki, bu gənclər hazırlaşa bilsinlər, siz də bu gəncləri hazırlayıb, sonra onlara sahib çıxın, haqqında yazı yazdırın, televiziya verilişlərinizə dəvət edib danışdırın, sertifikat, diplom, orden, medal verib şəkil çəkdirin və sair. Yoxsa min bir əzab-əziyyətlə, bazarlarda soyuqdan əlləri göyərən ata-ananın dəstəyi ilə şəraitsizlikdə öz zəhməti ilə uğur qazananın uğuruna şərik çıxmağa nə var.
Rəhmətlik Yaşar Nurininki olmasın, DÖT-ünüz var (dövlət təminatı) o adamlara uğur qazanmamışdan qabaq dəstək olun, sahib çıxın. Yoxsa əslən Gürcüstandan olan filankəs dünyanın ən nüfuzlu universitetində işə başladı, filankəs ən məşhur şirkətlə müqavilə imzaladı, filankəs ən nüfuzlu mükafata layiq görüldü, dünya çempionu oldu və sair, tez kameralarınızı da götürün, gedin onu çəkin, danışdırın, diaspora-zada təşəkkür etdirin... Belə şey zad olmur.
Əziz öz gücünə, ata-anasının dəstəyi ilə hər əzab-əziyyətə qatlanaraq uğur qazananlar, uğurunuza heç bir təşkilatı, partiyanı, deputatı, meri, səfiri və hazırın naziri olmaq istəyən digərlərini şərik etməyin, haqqınızda yazı yazdırmalarına, televiziya verilişlərinə dəvət etmələrinə razı olmayın, sertifikatlarını, diplomlarını, orden və medallarını qəbul etməyin, onlarla şəkil belə çəkdirməyin. Uğurlar!
Azər Musaoğlu