Zalqa (Tsalka) – bizimkilər buranı Barmaqsız adlandırırdılar – dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən, Kvemo Kartili bölgəsinə daxil olan kiçik bir rayon mərkəzimizdir. Bizim Qardabanla müqayisədə havası xeyli sərindir. Nə az, nə çox 9-10 dərəcə fərq var. Gecəni rahat yatırsan.
Zalqa müalicə üçün reanimasiyaya yerləşdirilmiş xəstə misalında bir yerdir. Yarıuçuq, dörd divarından başqa heç nəyi olmayan, ağzı günə baxan evlərə hər küçədə rast gəlmək mümkündür. Küçə demiş, Zalqanın küçələri bu kiçik şəhəri eninə-uzununa düz xətlərlə bölür. Uzaqdan şəhərin panoramasına baxınca bu düzxətlilik ilk baxışda nəzərə çarpır.
Düzdür, Zalqanın hər guşəsində tikinti-bərpa işləri gedir, xarabalığa dönmüş evlərin ayağa qaldırılması, onlara ikinci həyat verilməsi prosesi başlayıb. Ölüm yatağındakı xəstə kəfəni yırtıb.
Zalqa dillər çələngidir. Gürcü, türk, erməni, Azərbaycan dillərində danışanlara hər yerdə rast gəlinir. Yeri gəlmişkən, rayonun yunanlar, ermənilər, gürcülər və azərbaycanlılar yaşayan kəndlərinə keçdikcə bu rəngarəngliyi daha tez hiss edirsən. Turizmin inkişafı Zalqanın dil çələnginə əlavə rənglər qatır. Turizmin inkişafını bu kiçik qəsəbədəki otellərin çoxluğu da təsdiqləyir.
Zalqanın dini palitrası rəngarəngliyi ilə diqqətini o saat cəlb edir. Pravoslav gürcülərlə, yunanlarla yanaşı qriqorian ermənilər, müsəlman acarlarla müsəlman azərbaycanlılar, üstəgəl müsəlmanlığını xristanlığa dəyişmiş acarlar iç-içə, yan-yana yaşayırlar.
1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsindən sonra buralara Osmanlıdan ermənilər və dilləri türk, dinləri xristian olan yunanlar köçürülmüş, ayrı-ayrı kəndlərdə yerləşdirilmişdir. Bu uzaq XIX əsrin 30-cu illərində baş vermiş, bir tərəfi Rusiyanın istəklərinə bağlı miqrasiya prosesi idi, bu, onun Osmanlıya qarşı yeritdiyi, eləcə də Cənubi Qafqazda yerini bərkitməyə hesablanmış siyasətinin tərkib hissəsi olmuşdur.
Ötən əsrin 90-cı illərində gürcülərin berzen, türklərin rum, rusların qrek, bizim yunan adlandırdığımız, özlərinə ellin deyən bu toplumun yeni bir köçü də baş verdi. Yunanlar bu dəfə Gürcüstandan Avropaya – Yunanıstana və Kiprə üz tutdular. Rusiyaya da köç edənlər oldu.
Avropaya köç edən yunanlar yerli əhali ilə qaynayıb qarışa bilmədilər. Niyəsini bilirik. Yunan dilini bilməyən bu yunanlar öz tarixi torpaqlarında ögey övlada çevrildilər. Onların bir çoxu Avropada yel əsib, qoz töküldüyünü düşünürdülər. Amma yanılmışdılar. İndi onlardan bir çoxu əlləri ətəklərindən uzun geriyə – Gürcüstana dönürlər.
Sözarası deyim ki, köçüb gedən yunanların boş evlərinə acarlar, azərbaycanlılar və qeyriləri yiyələniblər. Yiyələniblər deyəndə də birtəhər çıxmasın, həmin evləri yunanlar satıb, onlar da alıblar.
...Sən istəsən şamlıqda oturub uzaqları – mavisi gözoxşayan göy üzünü, Kiçik Qafqazın “Yallı” gedən, yaşılı uzaqdan belə könül rahatladan uca təpələrini, qəsəbənin sol əlində ağır yük altında tövşüyərək üzü yoxuşa dartınan, bu yerlərə bir qədər də köhnəlik boyası sürtən teplovozun ərşə yüksələn tüstüsünü seyr edib xəyallara dala, xatirələrə baş vura bilərsən.
Kafedral yunan kilsəsinin yanından ötüb şəhərin yeganə əyləncə parkına düşə, yelləncəklərdə yellənən, qışqırtılarıyla dünyanı yeniləyən uşaqları seyr edə, dəcəllik edən uşaqlarının hoqqalarından ləzzət alan iki ananın – gürcü qadınla azərbaycanlı xanımın günəbaxan tumunun qabığını yan-yörələrinə necə gəldi üfləmələrinə çiynini çəkməklə də olsa narazılığını bildirə, parkın mərkəzində ucaldılmış Şota Rustavelinin, elə onunla üzbəüz, küçənin o biri üzündə yunan müdriki Aristotelin büstü ilə söhbət edə bilərsən. Söhbət deyəndə də, onlara dünyanın gərdişi ilə bağlı suallar ünvanlayarsan, onların əsərlərində suallarına cavab axtararsan. O cavabları mütləq tapacağına da mən əminəm, sən necə?
Yayın qızmar istiləri arandan insanların dəstə-dəstə Zalqaya axışmasına səbəb olur. Zalqa imkansızlıqdan uzaq məkanlara gedə bilməyən aran camaatının yaylağına, istirahət düşərgəsinə çevrilir. Aran camaatının arasında bu il mən də vardım. Bir həftəlik Zalqa səfərindən bu qeydləri edə bildim. İraq üzünüzdən, “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər, bəxtəvər yaylağa çıxdı” beytində deyilən kimi, qəfil xəstələnməyim bundan artığını yazmağa imkan vermədi.
Müəllif: Afiq Muxtaroğlu