Tənqidi yazılar yazandan sonra əgər sənə cavab yazırlarsa və ya səni də tənqid edirlərsə, deməli nəyi demək istədiyini, nəyi çatdırmaq istədiyini anlayıblar. Bu, əslində tənqidin mahiyyətidir, yəni səni susdurmaq yox, səninlə dialoqa girmək. Mənim üçün isə bu ən böyük göstəricidir ki, tənqid  “səs-küy” yaradıb. Çünki səs-küy yaratmayan tənqid tənqid deyil, sadəcə bir fikirdir. Əsl tənqid isə qarşı tərəfi düşündürməli, bəzən də narahat etməlidir. Bunlar varsa, deməli, mərmi hədəfə dəyib. Bunun real nümunəsi isə Aytən Fətullayevanın “Dərdimiz birdirsə, səsimiz də bir olmalıdır” və Validə Fətullayevanın “Sosial yardım reallığı tənbəllik yox, sistemin boşluğudur” adlı məqalələridir.

 

Aytənin yazısı tənqiddən çox öz mövqeyini müdafiə etməyə və özünü haqlı çıxarmağa yönəlib. Ən diqqətçəkən məqam isə yazının əvvəlində dedikləri ilə sonunda gəldiyi nəticə arasında olan tutarsızlıqdır. Məqalənin başlanğıcında vurğulanan əsas fikir insanların qəlbinə yol açmaq, onların duyğularına toxunmaqdır. Halbuki yazının ikinci hissəsində bu vurğunu tamamlamaq əvəzinə Kolayır kəndinin problemlərindən söz açır. Bu keçid yazının strukturunda uyğunsuzluq yaradır. Çünki məqalənin əvvəlində duyğu üzərindən qurulan yanaşma oxucuda fərqli gözlənti yaradır, amma sonrakı hissədə birdən-birə sosial problemlərin təsvirinə keçid edilməsi bu gözləntini qarşılamaq əvəzinə dağıdır.

 

Əgər Aytən doğrudan da duyğunun insanları birləşdirən körpü olduğunu göstərmək istəyirdisə, Kolayır kəndindən gətirdiyi nümunələri də həmin emosional kontekstdə işləməli idi. Lakin bu əlaqə qurulmadığı üçün yazının əvvəlində vurğulanan “duyğunun gücü” fikri ilə sonunda çağırış edilən “birlikdə mübarizə aparmaq” fikri arasında boşluq yaranır və bu yazının bütövlüyünü zəiflədir.

 

Aytənin fikrincə, oxucuya duyğu ilə yanaşmağın ən təsirli yolu onun gündəlik həyatında rastlaşdığı problemləri məhz həmin emosional çərçivədə təqdim etməkdir. Mənim baxışım isə bir qədər fərqlidir. Duyğular insanı hərəkətə gətirə bilər, amma onları düşünməyə vadar etmir. Cəmiyyətin əsas problemi də budur – biz çox vaxt ürəyimizlə hərəkət edir, amma gözümüzlə görmək, ağlımızla dərk etmək istəmirik. Jurnalistikanın və ümumilikdə ictimai yazının əsas məqsədi insanların qəlbini yumşaltmaq yox, gözlərini açmaqdır. Çünki qəlbə toxunan sözlər bir anlıq təsir edir, göz açan sözlər isə uzunmüddətli nəticə doğurur. Bəli, duyğu oxucunu cəlb edə bilər, mən bununla razıyam, amma duyğu təkbaşına həqiqəti üzə çıxarmır. Əksinə, həqiqəti çox vaxt kölgədə qoyur. Bir oxucu yazını oxuyanda sadəcə təsirlənməməlidir, həm də öyrənməli, düşünməli, nəticə çıxarmalıdır. Mənim üçün yazının dəyəri oxucunun “bu sözlər məni ovutdu” deməsi deyil, “bu yazı mənə nəyisə başa saldı” deməsidir. Üstəlik, duyğu hər kəsdə var. Amma jurnalistin vəzifəsi yalnız duyğu paylaşmaq yox, reallığı göstərməkdir. Cəmiyyətin problemləri, insanların dərdləri yalnız hisslərlə yox, faktlarla həll olunur. Əgər biz yazılarımızı sadəcə ovutmaq üçün yazırıqsa, bu, insanları gerçəkdən uzaqlaşdırır. Amma məqsəd onları silkələmək, gördüklərinə göz yummamağa çağırmaqdır. Bunu Aytənin özü də bilir və  yazının sonunda deyir, lakin mənim üslubuma “sərt” deyir. Mənim yolum sərt ola bilər, bəzən xoşagəlməz görünə bilər. Amma bu sərtlik oxucunu qorxutmaq üçün deyil, oyatmaq üçündür. Çünki dəyişikliklər ürək yumşaqlığı ilə yox, açıq gözlərlə başlayır.

 

Validənin yazısına gəldikdə isə, əvvəlcə onu deyim ki, tənqidçi həmkarım haqlı olaraq qeyd edir ki, sosial yardım məsələsi çoxşaxəli mövzudur və yalnız emosional yanaşma ilə məhdudlaşdırıla bilməz. Bununla razıyam. Amma mənim yazımın məqsədi elmi məqalə yazmaq deyildi, müşahidəyə əsaslanan bir publisistik yazı idi. Publisistikanın mahiyyəti də ondadır ki, oxucuya təsir etsin, düşündürsün, bəzən də sarsıtsın. Emosional tonun olması da buradan qaynaqlanır.

 

İkincisi, məqaləmdə yalnız sui-istifadə hallarını qabartdığım iddia olunur. Halbuki yazıda açıq şəkildə vurğulamışam ki, yardım almaq öz-özlüyündə ayıb deyil, hətta ehtiyacı olan üçün vacib dəstəkdir. Mənim əsas tənqidim o insanlara idi ki, sağlam olduqları halda saxtakarlıqla yardım alırlar və bununla da həqiqətən yardıma möhtac insanların haqqına girirlər. Əgər bu detal diqqətdən yayınırsa, deməli, mənim sərt ifadələrim mesajı kölgədə qoyub. Amma niyyətim heç vaxt bütün yardım alanları “tənbəl” adlandırmaq olmayıb.

 

Üçüncüsü, statistik faktların verilməməsi ilə bağlı deyilən fikrə gəlincə, razıyam, bu, yazını daha güclü edə bilərdi. Lakin mənim bu yazını yazdığım dövrdə statistik məlumatların bu qədər əhəmiyyətli olduğunu, mənbələri necə tapıb istifadə edəcəyimi bilmirdim. Yuxarıda da qeyd etdiyim kimi, məqalə şəxsi müşahidəmin nəticəsi idi və bundan irəli gələrək onda həddindən artıq subyektilik çalarları hiss olunur. Həmçinin bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, tənqidim sistemin boşluqlarını tam arxa plana atmır, əksinə, insan davranışı ilə dövlət nəzarəti arasındakı boşluğu göstərir. Saxtakarlığın kökü həm sistemdədir, həm də fərdlərin seçimində. Əgər hər iki tərəf məsuliyyətli olsa, bu problem də azalacaq.

 

Dönüb bir müddət əvvəl yazılmış məqaləni oxuyanda mənim özüm də oradakı boşluqları, təcrübəsizliyi, emosiyalarla zəngin subyektivliyi görürəm, amma tənqid mövzusundakı bəzi fikirlərlə razılaşmıram. Çünki tənqiddə məqsədimin həqiqətən sosial yardıma ehtiyacı olan insanların yox, dələduzluqla, sənədlərin saxtalaşdırılması yolu ilə yardım əldə edən şəxslərin olduğunu qeyd etmişdim. Əgər bunlar həmkarıma tam aydın olmayıbsa, deməli, məqalənin bəzi hissələri, bəlkə də bütövlükdə özü onda qıcığa səbəb olub və o da şəxsi duyğulardan irəli gələrək bunları yazıb.

 

Əslində, mən bununla tam razıyam, çünki yazılarımız öz missiyasını yerinə yetirməyə, oxucular da gözünü açmağa başlayıblar. Qaldı ki, qəlbə yol açmağa, “Yeni Yol” qəzetinin məqsədi inkişafa yol açmaqdır. Nə vaxt ki, “Yeni Yol” jurnalı açılar, onda duyğulardan, eşqdən-məhəbbətdən, fəsillərin dəyişməsindən və ən önəmlisi – xoşbəxtlikdən danışarıq. Öncə problemlər həll olunsun.

 

Çiyalə OSMANOVA