“Onlar kar, lal və kordurlar” (Qurani-Kərim, Bəqərə-18)
Söhbət həqiqətən də eşitməyən, danışa bilməyən və görməyən – eşitmə, danışma və görmə qüsurlulardan getməyəcək. Söhbət hər iki qulağı darı dələn, dilotu yemiş və gözdən qoymayan kar, lal və kordan gedəcək.
Bu kar özünə sərf eləyəni eşidər həmişə. Başqalarının karına gəlməz. Başqalarının dərdi-səri bu kara kar eləməz, qulağının kar yerinə salıb başqalarının ah-naləsini eşitməz. Bu kar yalnız öz könlündəkini anlar.
Lal da onun kimi, danışmaq lazım olanda lal-dinməz olar, danışmaq gümüş, danışmamaq qızıldır prinsipinə əməl edər. Başqaları üçün heç vaxt heç nə danışmaz, məsələ özü ilə bağlı olduqda isə danışana macal verməz, hələ bir, danışıram pis olur, danışmıram his olur deyib özünə haqq qazandırmağa çalışar, dili açılar. Dili yanılıb sözün düzünü deyəndə də, nə dil bilsin, nə dodaq deyə pıçıldayıb aradan sivişər. Bunu da yaxşı bilər ki, dil yalançı olunca, lal olsa yaxşıdır, ona görə də çox vaxt lal-kar oturar.
Kora gəldikdə isə, o da kar və lal kimi öz eyibinə kor olmaz, başqalarında eyib axtarar, öz gözündəki tiri görməyib özgələrin gözündə qıl axtarar. Kar eşitdiyini buraxmadığı kimi, kor tutduğunu buraxmaz. Kar eşitməz – yaraşdırar, kor görməz – quraşdırar. Özü də elə quraşdırar ki, burada mənəm, Bağdadda kor xəlifə deyib, babam mənə kor deyib, hər yetənə vur, deyib kor atı minib köndələn çapar. Görmək istədiyini görər, görmək istəmədiyinə korun nə borcu ki, şam bahalanıb deyə mız qoyar.
Bu kar əlləri ilə qulaqlarını bağlayaraq səsdən gizlənər, bu lal əlləri ilə ağzını bağlayaraq sözü gizlədər, bu kor əlləri ilə gözlərini bağlayaraq ziyadan gizlənər; işığı, aydınlığı görməz. Məşhur üç meymun misalı. Yaponların bu üç meymunundan fərqli olaraq bizdə əlləri ilə daha çox yerlərini bağlayan meymunların sayını istədiyin qədər artırmaq olar. Bəzənsə bu şəkil formasını tam olaraq dəyişir: yaponlarda meymun öz ağzını bağlayırsa, bizim meymun əllərini uzadıb başqasının ağzını bağlayır. Bu buddizm fəlsəfəsi bizdə fəlsəfədən kənar, daha çox praktik interpretasiya olunur. Buddistlər şərdən müdafiə olunmaq üçün ona baxmırlar, onun haqqında eşitmirlər və danışmırlarsa; bizlər eşitməyəndə də, danışmayanda da, görməyəndə də öz rifahımız üçün edirik, öz rifahımız üçün yeri gələndə eşidirik də, danışırıq da, görürük də. Biz şərdən müdafiə olunmuruq, şərin özünü yaradırıq və qulaqlarımızı, ağzımızı və gözlərimizi də bu şəri müdafiə etmək üçün qapadırıq.
Yazılana görə, şərin rəmzi olan dördüncü meymun da var və bu meymun əlləri ilə ya qarnını, ya da baldırlarının arasını tutur, yəni şər törətmə (törətmirəm). Bizdə isə ziyalıdan tutmuş ziyasıza kimi öz canının hayındadır. Yaşamaq – yemək, içmək, çoxalmaq, mənimsəmək, aldatmaq, oğurlamaq, talamaq, toplamaqdan ibarətdir və fərdi olaraq yaşamaq uğrunda mübarizə gedir. Bu “mübarizənin” süvariləri də məhz yuxarıda haqqında danışdığımız məcazi kar, lal və korlardır.
Balıq başdan iylənər deyilib. Cəmiyyət də ziyalısından iylənər, çürüyər. Bədənin qanqrena vermiş hissəsini vaxtında amputasiya etməyəndə xəstəlik bütün bədənə yayılır. Qanqrena vermiş yaltaq, ikiüzlü, əqidəsiz, mövqesiz, tayfabaz, qorxaq, öz mənafeyini güdən, öz qarnını, baldırlarının arasını, öz əsil-nəslinin gələcəyini “düşünən”; ziyasını elmdən, mərifətdən, mədəniyyətdən, insanlıqdan deyil tanışlıqdan, rüşvətdən, saxtakarlıqdan, qohumbazlıqdan alanları ifşa etməklə, əllərimizlə qapadığımız qulaqlarımızı, ağızlarımızı və gözlərimizi açaraq həqiqəti eşitmək və eşitdirməklə, həqiqəti danışmaq və danışdırmaqla, həqiqəti görmək və göstərməklə şərə qalib gəlmək olar. Kar, lal və kor meymunlardan ziyalı olmaz. Bizə eşidən, danışan və görən ziyalı lazımdır.
Azər MUSAOĞLU