URBANİZASİYA
22. KİÇİK VURDENİN BÖYÜK CAZİBƏSİ
Vurden (Voerden) Utrextə tabe kiçik, təxminən 50 min nəfərdən bir qədər çox əhalisi olan bir şəhərdir. Şəhərin səliqə-sahmanı, təmizliyi barədə danışmaq isə artıq vaxt itkisindən, oxucular üçün başağrısından özgə bir şey deyil. Nədən ki, təmizliyi tərəddüd etmədən Niderlandın simvollarından biri saymaq olar. Vəssalam, bu, birmənalı şəkildə belədir. Bu barədə mübahisə aparmaq, dönə-dönə bu mövzunun üzərinə qayıtmaq da artıqdır. Təmizlik məsələsi bu ölkədə kökündən, yerli-dibli həll edilərək, gündəlikdən çıxarılıb. Aman Tanrım, mən bu təmizlik məsələsini nədən uzadıram, heç özüm də bilmirəm.
Dəmir yolu vağzalından bir az üzü yuxarı dikləndinmi küçənin sol tərəfində kiçik nohurlu, o qədər də böyük olmayan park diqqətini cəlb edəcək. Parkdan bir qədər yuxarıda, kanalın üstündəki körpüyə çatdınmı qarşında Vurdenin əzəmətli mənzərəsi canlanacaq. Mart küləklərinin soyuğu canıma işləsə də, mən uzun-uzadı bu qeyri-adi mənzərəyə baxmaqdan yorulmuram. Bir neçə rakursdan gördüyüm mənzərəni telefonumun yaddaşına köçürməyi də unutmuram. Bu arada, insan yaddaşının yaşlaşdıqca adama xəyanət etdiyini də düşünürəm. Yəqin ki, bu düşüncəmdən dolayı sir-sifətimə acı təbəssüm də qonmuş olmalı idi. Ancaq mən bunu fərq edəcək durumda deyildim. Vurdenin bu axşam mənzərəsindən aldığım ləzzətin ömrünü uzatmağa çalışırdım.
Uzaqdan görünən, XIX yüzilliyin sonlarında inşa olunmuş Sint-Bonaventurakerk katolik kilsəsinin özünəmi, yoxsa illüziyaya qapılaraq kanalın mavi sularında axdığını güman etdiyim əksinəmi baxmağın doğru olduğunu düşündüm bir ara. Hər iki görüntünün möhtəşəmliyini demədən keçməyim. Kanalda üzən, bu ümumi mənzərənin baxımlılığını daha da artıran bir dəstə qu quşu isə gündəlik ruzi çıxarmaqla məşğul idi. Düzdür, qu quşuların gündəlik qida rasionlarında insanların səxavətlə onlara verdikləri təamların rolu olduqca çoxdur. Bunu mən bir qədər sonra, kilsəyə yaxından baxmaq üçün yaxınlaşarkən, daha dəqiq anladım. Kilsənin ön tərəfindəki yaşıllıqda onları nəyəsə qonaq edən xeyli adam gördüm və mən də bu insanların arasına qarışaraq, yaxınlıqdakı marketdən aldığım biskvitləri onlara atmaqla həm xeyli əyləndiyimi, həm də bir savab iş gördüyümü düşündüm.
Kanalın üzərindəki körpünün məhəccərinə söykənərək qarşımda açılan mənzərənin heyrətamizliyini seyr etməmi sizlərə anlatmışdım. Bu mənzərənin arxa fonunda gözümə dəyən yel dəyirmanının pərləri, uzun müddət durduğum körpüdən aralanmama və şəhərin bir-iki səmtinə baş çəkməmə səbəb oldu.
Vaxtın azlığına görə bir-birinə paralel iki-üç küçəni dolaşdım. Mənim dolaşdığım küçələr Vurdenin əsas, görməli küçələrindən olmalı idi. O üzdən ki, baş çəkdiyim bu küçələrdəki iki-üç mərtəbəli evlərin əksəriyyətinin birinci mərtəbəsi dükanların, restoran və kafelərin reklam lövhələri ilə süslənərək müştərilərin təşrif buyurmasını gözləyirdi. Restoranların küçə boyu səkilərdə düzülmüş masalarının boşluğu diqqəti cəlb edirdi. Deyəsən, gələn-gedənləri az idi. Hələ koronavirusun qorxularının hər yeri sarmasına xeyli vaxt qaldığını, müştərilərin gəlib-getməsi üçün hələ təhlükə təşkil etmədiyini də fikrimdən keçirdim. Dondurma, hazır yeməklər satılan dükanlardakı nisbi qaynaşma restoran biznesinin Vurdendə zəifliyininmi bəlirtisi idi, yoxsa bunun başqa bir əmmasımı var idi, dəqiqləşdirə bilmədim. Demək olar ki, ölkənin böyük şəhərlərində gördüyüm ünlü markaların satıldığı alış-veriş mərkəzlərinin, eləcə də məşhur supermarket şəbəkələrinin filialları ilə Vurdendə də qarşılaşırdım.
Vurdenə səfərim çox qısa çəksə də, unudulmazdır. Səfərimin bitməsinə yarım saat qalmış oturduğum kiçik, işçilərinin eyni ailənin üzvü olduqları hər hərəkətlərindən bəlli olan, təmizliyi ilə gözoxşayan, – əstəğfürullah, yenə təmizlik, – kafenin pəncərəsindən şəhərin axşam mənzərəsini seyr edərkən, səfərimin unudulmazlığına bir daha əmin oldum. Tünd kofenin bədənimə yayılan rahatladıcı ləzzətini hər bir əzamda hiss edərək, bu gözəl məkanın pəncərələrinə düzülmüş böyük güldanlardan mənə baxan təzə-tər lalələrin gözəlliyindən aldığım enerji isə, bu qənaətimin doğruluğuna şübhə yeri qoymurdu. Və mən beş-on dəqiqədən sonra bu kiçik şəhərdən ayrılacağımın həyacanını, burada yaşadığım möcüzə dolu anların arxada qalıb xatirəyə çevriləcəyinin təəssüfünü də yaşamaqdaydım.
Afiq MUXTAROĞLU
Niderland