...Çaymı içək, kofemi? – Gəl, çay içək, kofemiz azalıb...

 

Hərdən adamın cibi boşalanda dünyanın sonunun gəldiyini düşünür. Nə edəcəm, necə edəcəm kimi suallarla özünü yorur, yeyib tökür. Bu suallara cavab axtarır və cavab da tapılmır. Adamın əli-ayağı yerdən-göydən üzülür. Amma belə deyilmiş.

 

Sən cibindəki son qəpikləri, daha doğrusu son sentləri çıxarıb saysan da heç nə dəyişmir. İki iyirmi qırxdır ki, qırx. Nə artmır, nə azalmır. Təkrar-təkrar sayırsan və bilirsən ki, cibindəki bu son qəpik-quruşla heç nə, hətta bir çörək belə ala bilməzsən. Beynindən ilk keçən sual bəs mən nə edəcəm, bu qürbətdə kimim yox, kimsənəm yox, kimə ağız açacam olur.

 

Və bu xırda pulların arasında par-par parıldayan on sentliyi dünənki yağmurlu havada divarın dibindən tapdığını acı da olsa xatırlayırsan. Kimdən düşmüş ola bilər? Az qala hamının bank kartları ilə alış-veriş etdiyi bir yerdə küçədən pul tapmaq ehtimalı yox kimi bir şeydir.

 

Günlər keçir. Bir, iki, üç. Həftə də doldu. Sən ac deyilsən, bundan sonra bir həftə də, iki həftə də belə yaşaya bilərsən. Dünyanın axırı deyil. Ən azından bunun belə olmadığına özünü inandırırsan. Hər şeyin yaxşı olacağına, bütün bunların bir qorxulu yuxu kimi başa çatacağına əminsən. Uzandıqca uzanan bu yuxudan bəlkə heç özün oyanmaq istəmirsən? Bu yuxunun gözəl bir sonluqla bitməsini gözləyirsən, o gözəl sonluğu gördükdən sonra oyanmağın ləzzətini yaşamaq istəyirsən.

 

Ancaq boz günlər acı bağırsaq kimi uzanır. Bu bozluğa hər hansı bir rəng qatmağa gücün çatmır. Gücün çatsa belə o rəngi bulmağın müşkülə dönür. Haradadır bozluğa bürünmüş dünyanı işıqlandıracaq o rəng? Əlinlə qoymuş kimi axtarsan da, onun yerini unutmusan. Yaxınlıqda bir yerdə olduğunu düşünsən də, yoxdur, qeybə çəkilib. Sənsə onu aramaqda, axtarmaqda.

 

Pulsuzluq səni yenmir, yenə bilmir. Əksinə, sən günlər keçdikcə daha da gücləndiyini, nələrəsə qalib gəldiyini fərq edirsən. Kərəminə şükür, ilahi! İnsana bu halında möcüzə yaşada bilirsən.

 

Ömrün yarıdan çoxunu arxada qoyubsan. Bu, nəğd, ortada olan bir şey. Bunu anlamayacaq yaşda deyilsən yəni. Bu yaşa qədər düşünmədiklərini düşünə bilirsən, yaşaya bilmədiklərini yaşayırsan. Bütün bu yaşantıların fərqli olması üzünə-gözünə qəribə bir təbəssüm də yaraşdırır. Düzdür, arada bu da yaşamaqdırmı kimi sərsəm bir sual verirsən. Bu vəziyyətdə belə bir sualın özünü düşüncələrinin arasına salması yersiz kimi görünsə də, əslində çox normaldır.

 

Bəzən uzaqlara – geriyə, uşaqlığına, gəncliyinə, lap elə beş-on il əvvələ qayıdırsan. Geridə yaşanmış işıqlı, fərəhli anların azlığı səni heyrətləndirir. Sənin ola biləcək, yox, sənin olmalı olan şeyləri – sevinci, sevgini, işığı ya könüllü kiməsə verdiyini, ya kimlərinsə səndən zorla çəkib aldığını öz-özünə etiraf etmək ağrısını yaşamaq qismətin kimi görünür. Bunların necə olursa olsun səndə, ömründə saxlanmalı, qorunmalı, əldən verilməməli şeylər olduğunun ağrısı ağır bir daş kimi içərində nələrisə əzib tökür, parçalayır və sən o əzilmiş nələrinsə altından çıxmağa çalışırsan. Əzilmiş, parçalanmış həmin o nələrdənsə özünü toplayırsan, bir-birinə yapışdırıb, özünü yeniləyirsən, ortaya fərqli, bir az əvvəlki adama bənzəməyən birinin çıxdığını düşünürsən.

 

...Çayın var, hələ kofe də qalıb, bir neçə içimlik də olsa, var. Yeməyə də küncdə-bucaqda nəsə tapmaq olar. Qarın dolusu yeməsən də. Dünyanın axırıdırmı? Mayfa muncuğusanmı? Acından öldüyün deyil ki? Bircə bu siqaret zəhrimar olsaydı. Yoxdur, yoxdur. Nə zəhrimardır ki? Bir əlçim tüstü, bir yığın da kül. Sağlamlığın da gedir, cibin də boş qalır, elə deyilmi?..

 

Adam atacağı növbəti addımın ona xoşbəxtlikmi, bədbəxtlikmi gətirəcəyini bilmir. Hətta növbəti addımın həyatını alt-üst edəcəyini, o alt-üst edilmişliyin altından nələrin çıxacağını da ağlından keçirmir. Pis-yaxşı çıxacaq şeyin alın yazısı, qədər, qismət, qaçılmazlıq olacağını da artıq olmayan ağlından keçirir. Təbii, olacaq bir şey kimi yəni.

 

Həyat səni ağızı enişə teyləyir. O, qovur, qabaqlayır, atdöşü edir, sənsə onun önündə yıxıla-qalxa üzü enişini yaşayırsan. Bu eniş dibsiz dərəyə dönür. Nə əvvəli bəllidir, nə sonu. Enişin haradan, hansı nöqtədən başladığını bilmirsən, harada başa çatacağını bilməməyin də məlum. Sən eniş aşağı düşdükcə əslində harasa qalxdığını, bu enişin yüksəlişini yaşadığını fikrindən keçirirsən. Eyni zamanda bunun necə bir dərkolunmazlıq olduğunu da anlayırsan. Axı eniş və yoxuş bir-birinin əksidir, inkarıdır, amma bir-birinin varlığını şərtləndirir. Eniş varsa, yüksəliş də var. Birinin yoxluğu digərinin varlığını da sonlandırır. Bəlkə bu eniş yüksəlişin başlanğıcıdır? Hər şey nə qədər şərtidir, deyilmi?

 

Özünü girişi-çıxışı olmayan, dörd tərəfi başı buludlardan ötədə duran sıldırım qayaların arasına düşmüş kimi hiss edirsən. “Mən niyə buradayam? Məni buraya gətirən nədir? Savabımmı, günahımmı, tamahımmı?”, –  düşünsən də, bu sualların səndə hazır cavablarının olmadığını bildiyindən boş ver mənasında əlini yelləyirsən. Amma rahatsan, haradasa bir çıxışın varlığına, o çıxışı tapacağına və ya qəfildən qarşına çıxacağına əminsən. Dan yerinin sökülməsinə, günəşin çıxmasına əmin olduğun sayaq. İşin tərsliyindənmi, nədənmi özünü o çıxışı axtaran kimi aparsan da, əslində heç buna cəhd etmədiyini bütün hərəkətlərinlə göstərirsən. Başdansovdu iş görən adamlar kimi hərəkət edirsən. Sanki o çıxışa gərək yoxdur, özünü elə bu dörd divarın arasında vurnuxmağın, var-gəl etməyin xoşbəxt etdiyi biri kimi aparırsan. Hər şeyin nisbi olduğunu anlayacaq vəziyyətdəsən. Bəlkə sən xoşbəxtliyini bu sıldırım qayalar arasında tapıbsan?

 

...Çay içmək pis olmaz. Nə deyirsən? – Nə bilim, çay içməkdən də bezdik. Yaxşı, sənin xətrinəmi dəyəcəm, birini içək...

 

Afiq MUXTAROĞLU

Almaniya

21 noyabr 2020