Gülhüseyn Hüseynoğlununn “Mücrü” mənsur şeiri ədəbiyyatsevərlərin yadında olar. Hələ məktəb vaxtından filminə də baxmışdım. Mənim də bir mücrüm var. Yox, cehizim deyil, özüm almışdım, onda hələ övladım da yox idi. Vaxtında onu əlimə alıb xeyli baxmışdım, satıcının maraqlı, təəccüblü nəzərindən utanıb tez pulunu verib uzaqlaşmışdım. Düşünmüşdüm, kaş mənim də o ana kimi savadlı övladlarım olaydı, mən də hər dəfə o mücrünü açıb diplomları mücrüyə qoyaydım. Sonda zinət əşyaları ilə yox, övladlarımın ziyasıyla dolaydı mücrü. Açıldı mücrü, örtüldü mücrü...

 

Onda mən də gənc idim, həyatdakı insanlara diplomun çəkisiylə baxan, həyata iyirmi neçənin təcrübəsiylə baxan gənc qadın. O vaxtdan xeyli zaman keçib. Artıq öyrənmişəm, yaşayaraq görmüşəm ki, diplom yalnız sənəd imiş – insanın özünü təqdim etməsi üçün, ilk addım üçün sənəd.

 

Sən danış, mən sənin kim olduğunu deyim – bilmirəm, bunu da kimsə deyibmi, amma mən özüm belə fikirləşirəm. Yüzlərlə müsbət fikirdə olduğum elə adamların elə danışıqlarını dinlədim ki, nəinki onun diplom almaq üçün itirdiyi zamana, hətta, onun auditoriyada kiminsə yerində tutduğu siyahıya heyfim gəldi. İnanın, o adamlar siyahısında həkim də, müəllim də, müstəntiq və sair var.

 

Səməd Vurğunun da bir şeiri vardı:

 

“Baxıram Leninin kitablarına

Dəstədən geridə qalmamaq üçün”.

 

Həəə, bax torbada hamımızın gizlətdiyi pişik budur.

 

Biz şöhrəti uşaq oxutmaqda görən millətik. Bilmirəm, başqa xalqlarda varmı, ya yox, amma inanmıram bizim kimi kimsə ola. Özü də diplomu içdən gələn arzudan çox dəbdə olan fakültələrdən  seçirik. Sonda nə olur?..

 

“Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz” (Qabil).

 

Əcnəbi seriallara baxanlar yaxşı bilər ki, oradakı ailələrdə heç də bizim kimi oxutmaq sindromu yoxdur. Ona görə film dedim ki, elə yaxın ailələr hamıda olmur. Uzağı kolleclərdən məzun olub istedadlarının arxasıyca gedirlər. Axı bizim “xalx” özü üçün yaşayandır. İndi qayıdaq özümüzə...

 

Məzunlarımızın hamısına uğur arzu edirəm! İnşallah niyyətlərinə çatsınlar! Sadəcə fikrimi yazıram, təkrar ola bilər. Bəzi gəncləri danışdırsan işsizlik problemindən danışır və s. Halbuki onun seçdiyi ixtisas tələbatsızdır və ixtisası öz arzusuyla seçilməyib. İş axtarmaq, özünü təqdim etmək mənasız gəlir. Sevindirici haldır ki, hazırda xeyli kolleclər fəaliyyət göstərir. Buradakı ixtisaslar dövlət tərəfindən maliyyələşdirilir və yüksək kreditli diplom verilir. Mən “Modus” və “İctimai Kollec”də olmuşam. İnanın, necə gözəl şərait yaradılıb. Görəsən, bu məzunlar niyə asan və daha sərfəli yolu qoyub, mütləq mən Tiflisdə oxumalıyam deyə düşünürlər. Hansı ki, bəzən seçilmiş ixtisaslar onların tələbata uyğun olmayan seçiminə gətirir. İnanın, kəndlərdə nə qədər əziyyətlə məzun olmuş gənclər var ki, işsizəm deyə müxalif fikirli danışır, amma düşünmür ki, turizm üzrə fakültə məzunu kənddə nə işlə məşğul olmalıdır. Bəzən bir kənddən 3-4 psixoloq məzun olaraq qayıdır. Mənə elə gəlir, əlavə şərhə ehtiyac qalmadı.

 

Qəti düşünməyin ki, mən gənclərin təhsilinin əleyhinəyəm, əlbəttə, məni az-çox tanıyanlar əmin olacaqlar ki, o mənada yazmıram. Mən desəm ki, kənddə zootexnik məzun varmı? Aqranom varmı? Vetaptekləri işlədən bir nəfər savadlı mütəxəssis varmı? Diplomu olan qaynaqçı, elektrik, rəngsaz, mühərrik ustası, kompüter ustası və s. varmı? Deyəcəksiniz, əlbəttə, var. Amma necə, kiminsə əlbuyruqçuluğu ilə, fəhləliklə usta olaraq işini gözəl bilənlər. Onlar özlərini təqdim edə bilmirlər, bilməyəcəklər də. Çünki özünü təqdim etməyə sənəd yoxdur.

 

Əziz məzunlar, valideynlərin halal zəhmətlə qazandıqları pulları beş il kirayələrdə, tələbəlikdə xərcləməklə zülmlə aldığınız diplomla sabah gedib bazarda alver edəcəksinizsə, dükan işlədəcəksinizsə, əlaltında olacaqsızsa, vallah, heyif o itirdiyiniz zamana. Ondansa kolleclərdə (texnikum və texniki peşə məktəbi) tələbata uyğun bir ixtisas seçərək qanunla işləsəniz pismi olar?

 

Avropada gizli-gizli, “indi qovar, bu saat qovar” qorxusuyla yaşamaqdansa, peşə diplomu təqdim etməklə alnıaçıq, sənədlə (diplom) gedib olduqca fərqli qiymətlə işləmək mümkündür axı.

Əziz şagirdlərimiz, inanın mənə, orta məktəbi savadlı qurtaran hər bir şəxs mütləq savadlıdır, çünki

 

orta məktəb dərsliyi ictimai dünyagörüşü üçün tam əhatəlidir, üstəgəl, sizin gözəl əxlaqınız, tərbiyəniz, mədəniyyətiniz, bərabərdir şəxsiyyət. Cərgədə olmaq üçün diplom yox, sadaladığım bu əlamətlər lazımdır.

 

Az zamanla çox qazanmaq şansı varkən, sağ əllə sol qulağın tutulması məntiqsizlikdir. Əlbəttə, ali təhsil də lazımdır. Qoyun bu yolla həqiqi irəliləmək istəyən gənclər getsin. Hansı ki, davam etdirəcək. Kütləvi hamımız universitet oxumalıyıq düşünərkən güc-bəlayla aldıqları diplomla sabah işsiz qalmamaq üçün bu gün yaxşı düşünün. Özünüzü harada daha xeyirli görürsünüz. Qaynaqçı işini düzgün yerinə yetirərkən istənilən inşaat qrupu səni məmnuniyyətlə yüksək maaşla işlə təmin edəcək, nəinki işini yaxşı bilən, amma rəsmi sənədi olmayanı. Bağça müəllimi ixtisasçı olmayanda, əczaçı tibb bacısı olanda, hüquqşünas bankda işləyəndə, psixoloq müəllim olmaq istəyəndə və s. cəmiyyət də olur işçilər kimi qatmaqarışıq.

 

Son söz olaraq deyərdim ki, yolunuz açıq olsun! O yolu elə gedin ki, qayıdıb təzədən cığır açmayın, çünki hər gün ömürdən gedir. Sizə yurdumuzun sabahı kimi baxan, övlad kimi sevən və narahat olan müəlliminiz.

 

Müəllif: Esmira Ələkbərli