Məktəb... bizim ikinci evimiz. Dünən kimi xatırlayıram, üçüncü sinifdə oxuyanda müəllim dedi: “Bu gün axırıncı dərslər keçilməyəcək, “Son zəng”dir, həyətə düşün, siz də baxın”. Hər birimiz sevincək çantalarımızı alıb həyətə düşmüşdük. 12-ci sinifləri məzun olan günü ağlayaraq görəndə fikirləşirdik ki, bunlar niyə ağlayırlar? Zənn edirdik ki, səhər tez durmaqdan, dərslərdən, müəllimlərdən canları qurtardı...

 

Məktəb həyatı, məktəb illəri sona yetərkən təəssüflənir, bu illərin bitməsini istəmirik. Acılı-şirinli xatirələrlə dolu olan bu illər insanın, adətən, uşağlıq və gənclik dövrü arasında pillələrə bənzəyirmiş. Hər pilləni qalxdıqca daha da yetkinləşirsən. Sonuncu pillə isə yeni həyatın başlanğıcı, gələcək həyatın başlanğıc nöqtəsidir. Ona görə də gərək bu illəri elə yaşayasan ki, ömrün axırıncı pilləsindən baxanda belə o illərin şirin xatirəsində özünü tapmağı bacarasan. Unudub, unudulmayasan...

 

“Son zəng” ab-havası hər yana yayılıb artıq, adətən “Son zəng” gününə hazırlıq bir il öncədən başlayır. Müxtəlif mahnılar, rəqslər, teatr tamaşaları hazırlanır. İndi onu bir az daha yuxarı pilləyə daşıyıblar – rəqs üçün xüsusi müəllimlər tutulmalıdır; mahnı yazmaq üçün mütəxəssis biri lazımdır.

 

Biz məzun oluruq deyib məktəbə iz qoymağa çalışanlar var – divarlara mismarla adlarını, siniflərini yazanlar, şəxsi partasıymış kimi partalara istədikləri şəkilləri çəkənlər... Bu məktəbdə, bu sinifdə bizdən sonra şagirdlərin oxuyacağını düşünən yoxdur. “12 a, b, c” kimi yazılar hər tərəfi bəzəyir. “12 a” deyir: bizdən yoxdur, hər şeyin bahalısını biz etməliyik, nə varsa da bizimdir, bizdən artıq qalanlar sizin ola bilər. O biriləri isə deyir: bizik ən üstün... Doğrudan soyuq müharibə gedir.

 

Bunları qoyaq kənara, keçək müasir məzunların digər illərin məzunlarından fərqlənməsinə. Əgər məzun olursansa xüsusi paltarlar geyinməlisən, məzun lentin sadə olmamalıdır, daha dünyanın o biri ucundakı ölkədən sifariş olunur. Üstünə bərli-bəzəkli adlar, soyadlar yazılır. Bir sözlə, hər şey mükəmməl olmalıdır. Bunların da hər biri pul tələb edir. Valideynlər də “uşağım ömründə bir dəfə məzun olur” deyib varını-yoxunu verməyə razı olurlar...

 

Restoran sahibləri sevinir, dərzilərin bir dəqiqə olsun vaxtı olmur. Ən karlı çıxanlar isə operatorlar və fotoqraflar olur...

 

Birinci siniflər üçün hədiyyələr alınır, qarşılığında gül dəstəsi verilir...

 

Qızlar gözəllik salonlarına xeyli maya qoyurlar. Oğlanlar oxumaqdan canlarını qurtardıqları üçün bayram edərək maşınlarının üzərinə məzun yazıb, lentlər, bayraqlar bağlayıb düşürlər küçəyə, o başa-bu başa fırlanırlar. Bununla nə demək istədiklərini bilmirəm, yəqin ki, özlərini camaata göstərib, “baxın, biz məzun oluruq” demək istəyirlər. Əsas odur, bir günlük xoşbəxtdirlər. Sonra o an gəlib çatır...

 

Bu da “Son zəng”. 12 il bir yerdə oxuduğun, bir yerdə əyləndiyin, küsüb-barışdığın sinif yoldaşlarından ayrılıq anı... Heç zaman unudulmayan, yaddaşlardan silinməyən an, budur, gəlib çatdı.

 

Nə bilirdik ki, illər belə tez ötüb keçəcək, 12 il oxuduğumuz, birlikdə böyüdüyümüz, boy atdığımız bu məktəbdən ayrılacağıq.

 

Bəzən dərsdən sıxılıb çölə çıxmaq üçün müəllimlərdən icazə alanda “Bu günlər üçün çox darıxacaqsınız, sadəcə bu sinifdə oturmaq üçün, o parta arxasında oturmaq üçün hər şeyinizi verməyə hazır olacaqsınız” deyərdilər. Biz də gülüşüb “Məktəb üçün niyə darıxaq ki, canımız qurtulacaq” deyərdik.

 

Etiraf etsək, kaş bu gün müəllim dərsə gəlməyə, evə getsək nə yaxşı olar, deyə istəyimiz çox olub. O 45 dəqiqə heç bitmək bilməzdi, “neçə dəqiqə qaldı”, “zəng vurulmurmu”, “nə dərsidir”, “yenəmi yoxlama yazırıq” deyə bir-birimizlə pıçıldaşaraq deyinib dururduq. İndi, necə deyərlər, hər şeyin dəyərini insan itirdikdən sonra anlayır. İndi girmək istəmədiyimiz, qurtarması üçün dəqiqələri saydığımız dərslərin bitməsini istəmirik.

 

Məktəbə təkcə bədən tərbiyyəsi dərsi olan günü deyinmədən durub gedərdik...

 

Sonra “Son zəng” çalınacaq.

 

“Son zəng” çalındığı an məzunlar gözyaşlarına tutulurlar – kimi doğma məktəbdən ayrıldığı üçün, kimi on iki il oxumayıb, axırda da zəhmət çəkib gəlib-getdiyi məktəbdən əliboş getdiyi üçün öz gününə ağlayır, kimisi də boş vaxtlarını bundan sonra harada keçirəcəyinə ağlayır.

 

Haradan bilərdik ki, səhər şirin yuxudan oyanıb getmək istəmədiyimiz məktəb üçün bir gün göz yaşı tökəcəyik.

 

Hamımızı yeni bir həyat gözləyir, amma doğma məktəb həmişə ikinci evimiz olaraq qalacaq.

 

 Müəllif: Aytən Fətullayeva