Yeni il çox gözəl bir gündür. Hamı onu qeyd etməyi xoşlayır, çünki bayram günü dostlarla, valideynlərlə və qohumlarla vaxt keçirmək üçün çox gözəl imkandır. Yeni il deyəndə ağıla şam ağacı, hədiyyə, işıqlar, fişənglər, çeşid-çeşid yeməklər, qonaqlar və sair gəlir. İlin sonu yaxınlaşanda hər kəs bu gününün gəlməsini səbirsizliklə gözləməyə başlayır, saniyələri sayır. Bu saniyələri sayarkən isə kimisi bu bir ilin ona nələr verdiyini, kimisi də ondan nələr aldığını düşünür.

 

Bu ömrümdən keçən bir il ərzində bir çox nailiyyətlər, bacarıqlar və ən əsası dəyərli dostlar qazandım. Bu ildə istər təəssüflərim, “kaş ki”lərim, istərsə də “yaxşı ki” dediyim çox şeylər yaşadım. Bütün yaşadıqlarım indi bir anlıq kino lenti kimi yaddaşımdan keçir... Bəzən uğurlarıma görə çoxlu təbriklər aldım və özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Fərqli-fərqli insanlardan fərqli təbriklər almaq sözün əsl mənasında adamı sevindirir. Bəzənsə elə anlar oldu ki, zamanı dondurmaq istədim, amma zaman öz hökmünü özü verir axı, hakim odur, illər, saniyələr, saatlar onun hökmüylə donur. Pis və ya yaxşı nə varsa zaman hamısını öz kitabcasına aldı və artıq hamısı keçmişdir. Xatirələrdə ya xoş, ya da xatırlanmaq istənməyəcək şəkildə qalır. Amma geridə qoyduğumuz acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər il, hər yaş bizimdir.

 

Hər keçən il insanın məsuliyyətini daha da artırır. Bu il mənə çox şey verdi. Anladım ki, maddi hər şey aldadıcıdır. Bəli, maddiyat vacibdir, amma həlledici deyil. Nə qədər varlı, amma xoşbəxt olmayan və nə qədər xoşbəxt, amma imkansız insanlar gördüm. İnsanın xoşbəxt olması bahalı avtomobillər, brend geyimlər, son model telefonlardan ibarət deyil. Onların heç biri insanın içindəki boşluğu doldurmur. Xoşbəxtlik bu gün yanında sevdiklərinin olması, öz əməyinlə əldə etdiklərindən duyduğun qürur hissi, xəyalların və gələcəyə getdiyin yolda gördüyün gözəlliklərdədir. Səhər doğan günəşin şüaları, parkda əl-ələ gəzən sevgiləri yaşlanmayan yaşlılar, küçədə əlində bir dəstə çiçəklə evə gedən adamlar, axşam günəşin batmasını sevdiyi insanla seyr edənlərdir bu dünyada xoşbəxt olanlar.

 

Bu dünyada sevgidən güclü heç nə yoxdur. Qəlbində sevgi olan insanın gözündə hər şey gözəldir.

 

Anladım ki, ətrafındakılara pislik edənlər, arxalarıyca danışanlar, sonra heç nə baş verməmiş kimi üzə gülənlər bədbəxt insanlardır. Belə olan insanlara qarşı ancaq yaxşılıqla cavab vermək, təşəkkür etmək lazımdır. Çünki həmin insanlar xoşbəxt olmadıqları üçün başqalarının həyatını müzakirə edirlər.

 

Buna görə də arxanızca danışanlara xoşbəxtlik arzu edin. Edin ki, başları özlərinin həyatlarına qarışsın.

 

Bu həyatda insana düşmən olan tək özüdür. Hər bir şəxs öz həyatı və öz həyatında baş verən hadisələrə görə məsuliyyət daşıyır. Misal üçün, mən kitab oxuyuram və ya oxumuram, mənim imtahan nəticələrim yaxşıdır, ya pis – bunların hamısı mənim şəxsi qərarlarımla bağlıdır, elə deyilmi? Ona görə də əldə etmədiyim bir şey üçün heç kimi günahlandıra bilmərəm. Nə ediriksə – müsbət və ya mənfi – özümüz üçün edirik. Burada kənar bir şəxsin müdaxiləsi yoxdur. Heç kəs sənə deyə bilməz ki, çalışma, irəliyə getmə.

 

Anladım ki, insan qarşısına çıxan çətinliklər, sınaqlar üçün deyinməməlidir. Hər zaman xeyirlisinin bu olduğunu düşünməlidir. Məhz qarşılaşdığımız o ağır imtahanlardır bizi biz edən. Məhz o çətinliklərdir insanı gücləndirən. Hər bir dərd, problem keçicidir, gəlir və gedir. Sonra geriyə baxdıqda təəccüblənirik ki, necə o çətin, dözülməz vəziyyətdən çıxa bildim, necə hələ də ayaqdayam. Anladım ki, heç vaxt keçmişimizə görə özümüzü qınamamalıyıq. Sadəcə nəticələr çıxarmaq və keçmişə olan qapıyı bağlamalıyıq. İrəlidə isə bizi daim gözəl qapılar gözləyir.

 

2024-cü il ailəmizlə, dostlarımızla, sevdiklərimizlə sevgi dolu, sağlam, xəyallarımızın gerçəkləşdiyi bir il olsun!

 

Müəllif: Aytən Fətullayeva