Avqust ayının əvvəlində qəbul imtahanının nəticələri açıqlanmış, kimin neçə bal yığdığı bəlli olmuşdu.  Sentyabr ayı da kimin hansı universitetə qəbul olduğu xəbəri ilə gəlib həyatımızın abituriyent səhifəsində olan hekayəyə son nöqtəni qoyub tələbə həyatımızın ilk səhifəsini açmışdı. Universitet hər birimiz üçün yeni başlanğıc, gələcəyə atdığımız ən önəmli addımlardan biri deməkdir. Hər birimizin qədəmləri mübarək olsun!

 

İndi isə qədəm qoyaq yazımıza. Deməli, universitetə qəbul olduqdan sonra tanıyan və bundan xəbərdar olan hamı əvvəlcə başlayır sizi bu münasibətlə təbrik etməyə, sonra da klassik olan o sualı verməyə ki, “de görüm, hansı peşəni seçmək istəyirsən?”

 

“Jurnalist olmaq istəyirəm” – bunu dilə gətirəndə üzlərindəki ifadə bir balaca dəyişir. Başlayırlar seçiminizi şərhləndirməyə: “A bala, yenə də özün bilərsən, amma başqa peşə seçsən daha yaxşı olar. Ağlın Azərbaycana getməsin, burada jurnalistmi var. Ağıllı qızsan, get müəllimlik oxu, həkimlik oxu, nə bilim, əczaçı ol. Amma ən yaxşısı müəllimlikdir. Səhər saat doqquzda gedirsən, günorta saat ikidə evdəsən. Jurnalist nədir? Bütün günü əlində mikrafon o küçə mənim, bu küçə sənin deyib xəbər dalınca gəzir. Daha kim jurnalistika oxuyur ki?”

 

Mən başa düşmürəm, jurnalist deyəndə niyə bizim millətin gözünün qarşısında əlində mikrafon tutub müsahibə götürən bir insan silueti canlanır? Məgər, tək odur jurnalist? Bəs onda qəzet, televiziya, radio, günümüzün ən məşhuru olan internet vasitəsilə məlumatları bizə çatdıranlar kimlərdir? Yoxsa xəbərləri də bizə leyləklər gətirir? Özü də Gürcüstanda Azərbaycandan fərqli olaraq jurnalist yox imiş. Hanı bəs buranın jurnalistləri?

 

Doğrudan da bizim millətin içində dar düşüncəli insanlar çoxdur. Jurnalistika insanlar arasında məlumatın yayıldığı ilk zamanlarda yaranıb, yəni tarixi qədimdir. Özü də günümüzdə aktualdır. Bəlkə əvvəki qədər televizor izləyən, radio dinləyən yoxdur, amma yenə də internet vasitəsilə hər hadisədən xəbərdar oluruq. Müxtəlif xəbər portallarından hər saat ölkədə baş verənləri oxuyuruq. Bəs bu məlumatları ora kim yerləşdirir? Azərbaycandakı jurnalistlər? O qədər türk və Azərbaycan kanallarında “axtarış” və “izdivac” verilişlərinə baxırlar ki, heç öz yerli kanallarımızdan, verilişlərimizdən xəbərləri yoxdur. Sonra da deyirlər jurnalist yoxdur. Lap cəhənnəm, deyək ki, burada jurnalistika o qədər inkişaf etməyib, tutaq ki, jurnalist də yoxdur. Onda qoyun kimsə oxusun olsun. Bu cür davam edəsi ki deyil. Olanı hamı seçə bilər. Qoyun olmayan da cücərsin, zəif də inkişaf etsin. Niyə insanın qabağına divar hörüb onu həvəsdən salırsınız? Az qala geyimin belə qadın və kişi cinsinə aid olduğunun önəmli olmadığı bir zəmanədə peşəni kişi və qadın cinsinə ayırırsınız.

 

Həm də bu insanlar özlərindən “ağıllı qız norması” çıxarıblar. Əgər müəllim, həkim, əczaçı kimi peşələri oxuyub işləyirsənsə deməli ağıllı qızsan. Demirəm bu peşələri seçməyək, ya da söhbət jurnalist olmaq deyil. Məsələ düşüncə darlığıdır. Qız o peşəni seçməz, oğlan orada işləməz, filan peşənin əməkhaqqı azdır, o çətindir, incəsənəti seçsən ac qalarsan, nə bilim nə...

 

Bu dünya böyük, bizim millətin düşüncəsi isə dardır. Dindirsən hamısı xoşbəxt gənclərdən və aydın sabahlardan danışacaqlar, gənclər bizim gələcəyimizdir deyəcəklər. Amma təəssüf ki, gəncin içindəki həvəsi, aydın sabahın ümid işığını söndürənlər də məhz onlardır. Yaxşısı budur ki, peşə seçəndə heç kimin fikrinə qulaq asmayaq. Onsuz da polisə “it” deyə müraciət edən şəxslərin fikrindən bizə fayda gəlməz.

 

Müəllif: Çiyalə Osmanova