İnsan həyatı arzularla, məqsədlərlə və ümidlərlə doludur. Hər bir insan gələcəklə bağlı müəyyən planlar qurur, nailiyyətlər əldə etmək, arzularını reallaşdırmaq istəyir. Lakin həyat hər zaman düşündüyümüz kimi asan olmur. Bəzən imkanlar, şərait və ya zaman insanın gələcək üçün arzuladığı hədəflərə çatmasına mane olur. Belə hallarda bəzi valideynlər özlərinin həyata keçirə bilmədikləri xəyalları uşaqlarının üzərində həyata keçirməyə çalışırlar. Bu, ilk baxışda övladının yaxşı gələcək sahibi olmağını istəmək kimi görünür. Amma bunlar uşağın şəxsiyyətinin formalaşmasına və psixoloji inkişafına mənfi təsir göstərən ciddi bir problemdir.
Hər bir valideyn mütləqdir ki, övladları üçün həmişə hər şeyin ən yaxşısını arzulayır. Onlar uşaqlarının uğurlu gələcək sahibi, savadlı və cəmiyyətdə hörmət qazanan insanlar olmasını istəyirlər. Ancaq bəzən bu istək öz həddini aşır və uşaqların şəxsi seçimləri, maraqları, arzuları nəzərə alınmır.
Valideynlər bəzən öz gəncliyində həkim, müəllim, musiqiçi və ya başqa bir peşə sahibi olmaq istəyib nail ola bilmədiklərində həmin arzusunu övladının həyatında gerçəkləşdirməyə çalışır. Beləcə, ola biləcək ən yanlış şey olur və uşaq öz istəyinə görə deyil, valideyninin yarımçıq qalmış xəyalına görə yaşayır. Belə hallarda uşaqların çiyinlərinə görünməz bir yük düşür. Uşaq daim valideynini məyus etməmək üçün çalışır, öz istəklərini isə ikinci plana keçirir, hətta vaxt keçdikcə özünün nə istədiyini belə yaddan çıxardır. Çünki illərlə ona istədiyinə çatmalı olduğu deyil, nə etməli, hansı istiqamətə getməli olduğu öyrədilir.
Bu isə gələcəkdə çox ciddi fəsadlara səbəb olur. Həmin uşaq böyüdüyü zaman öz həyatı ilə bağlı qərar verməkdə çətinlik çəkən, özünəinamı olmayan və daxili dünyasında özündən narazı birinə dönür. Çünki valideyn uşağın istiqamətini öz istədiyi tərəfə çəkməklə həm də onun mənəvi azadlığını əlindən alır. Ən təhlükəli məqamlardan biri də odur ki, insan başqasının arzularını həyata keçirməyə çalışarkən öz həyatını yaşamağı yaddan çıxardır. Xaricdən uğurlu görünən bir çox insanın daxilində böyük boşluq hissi olur. Çünki əldə etdiyi uğurlar özünün deyil, başqasının istəklərinin nəticəsidir.
Hər kəs bilir ki, insan yalnız öz seçdiyi yolda irəlilədiyi zaman gördüyü işdən zövq alır və özünü xoşbəxt hiss edir. Çünki insanın qəlbindən gələn istəklər və arzular onun həyatına məna qatır və öz seçdiyi istiqamətdə büdrəməyi belə başqasının göstərdiyi yolda qazanılan uğurdan qat-qat üstün tutur. Sevmədiyi bir həyat tərzini yaşamağa məcbur olmaq zamanla insanın ruhunu yorur, özünə inamını azaldır və onu xoşbəxtlikdən uzaqlaşdırır. İnsan öz seçimləri ilə həyatını qurduqda qarşısına çıxan çətinliklərə daha dözümlü yanaşır. Çünki bilir ki, addımladığı yol onun öz seçimidir və bu yol onu arzularına yaxınlaşdırır.
Təhsil almaq, peşə sahibi olmaq və bacarığını ortaya çıxarmaq hər bir insanın ən təbii haqqıdır. Bu imkanlar əlindən alındıqda isə insan təkcə bu gününü deyil, gələcəyini də itirmək təhlükəsi ilə üz-üzə qalır. Məhz buna görə də hər bir gəncin, xüsusilə də qızların öz həyatları barədə qərar vermək, arzularının arxasınca getmək və gələcəklərini öz istəklərinə uyğun qurmaq hüququ qorunmalıdır. Çünki xoşbəxt həyat başqalarının seçdiyi deyil, insanın özü üçün seçdiyi yolda mümkündür.
Əslində, valideynlərin bu davranışının arxasında çox vaxt sevgi dayanır. Lakin sevgi bəzən yanlış formada ifadə olunur. Övladı qorumaq və ona istiqamət vermək başqa şeydir, onun yerinə qərar vermək isə tamamilə başqa. Uşaqlar valideynlərinin mülkiyyəti deyil. Onlar öz düşüncələri, hissləri, maraqları və arzuları olan fərdlərdir. Hər bir insanın öz həyat yolunu seçmək haqqı var.
Valideynlərin əsas vəzifəsi övladlarının yerinə qərar vermək deyil, onların həyatda nəyi bacardığını kəşf etməsinə kömək etməkdir. Uşağın hansı sahəyə marağı varsa onu həmin istiqamətdə dəstəkləmək daha doğru yanaşmadır. Çünki məcburiyyətlə qazanılan uğur qısa ömürlü ola bilər, amma sevərək, istəyərək seçilən yol insanı həm uğura, həm də xoşbəxtliyə aparır.
Nəticə olaraq, valideynlərin həyata keçirə bilmədikləri arzuları uşaqlarına yükləməsi çox vaxt xoş niyyətlə baş versə də nəticələri ağır ola bilər. Uşaqlar valideynlərinin yarımçıq qalmış xəyallarını tamamlamaq üçün deyil, öz həyatlarını qurmaq üçün dünyaya gəlirlər. Hər bir uşağa öz arzularını kəşf etmək, öz səhvlərini etmək və öz uğurlarını qazanmaq imkanı verilməlidir. Çünki insan yalnız öz seçdiyi həyatı yaşadıqda həqiqətən xoşbəxt ola bilir.
Afaq Azər