İnsanoğlu yaradıldığı gündən etibarən arzu və istəkləri ilə var olmuşdur. İnsanın dünya nemətlərinə meyilli olması yaşamaq arzusunun bir gərəyidir. Buradan da görünür ki, insan ölümü arzu etməz. Hər insan uzun ömür sürməyi, sağlam və xoşbəxt yaşamağı arzulayır. Uzun illərdir ki, alimlər ölümsüzlük üzərində çalışırlar, müxtəlif dərmanlar icad edirlər, ancaq bunların heç biri ölümdən qaçmağa güc gələ bilmir. Çünki ölüm Allahın insana vermiş olduğu ömrün bu dünyada sonlandığı, daha sonrakı həyat olan axirət həyatının başlanğıcıdır.

 

Bizlər bu dünyaya doymayaraq bu işimi də həll edim, bu arzuma da çatım, bu, bu, bu... deyərək arzularımızın doyumsuzluğuna gəlib çıxırıq. Bu səbəblə də həzrət Peyğəmbər “İnsanoğlunun bir vadi dolusu qızılı olsa bir ikincisini istəyər; onun (bu ehtirasını) ancaq torpaq (ölüm) doyurar” buyurmaqdadır.

 

Bəli, arzu və istək təbii bir hissdir və onsuz yaşamaq mümkün deyil, ancaq insan arzu və istəklərini nəfsinin istəkləri doğrultusunda gerçəkləşdirməməlidir. Öz arzusuna və istəyinə nail olmaq üçün hər yola əl atan insanlarda getdikcə mərhəmət, sevgi, hörmət duyğuları aradan qalxmağa başlayar və insan arzusuna çatmaq üçün qarşısında əngəl tanımaz, ona mane olan hər şeyi və hər kəsi ortadan qaldırar. Bu, insan qətlinə gətirib çıxarsa belə. Ancaq müsəlman olan şəxs arzu etdiyi şeylərə sahib olması üçün Allaha dua edər və hətta arzuladığı şeyin əgər onun üçün xeyirli olacaqsa nəsib olmasını diləyər.

 

Bu yaxınlarda bir televiziya kanalında bu mövzuya toxunan çox hörmət etdiyim, dəyərli bir ilahiyyatçımız olan Eldar Kərimov movzunu qısaca özətləyərək buyurdu ki, “Allah insanın duasına (arzusuna) üç şəkildə cavab verər: birincisi, sənin istədiyin şey sənin üçün xeyirlidirsə onu qəbul edər və anında sənə qismət edər, ikincisi, gecikdirər istədiyindən yaxşısını verər, üçüncüsü, sənin istədiyini verməz, bunun qarşılığında sənin üçün ən xeyirlisini verər”. Mövzudan da anlaşıldığı kimi, Allah qullarının heç zaman pisliyini istəməz.

 

Bir də, insandakı istəmə duyğusu iki yöndə özünü biruzə verir, bunlardan biri, yuxarıda da vurğuladığımız kimi, istəkdir, digəri isə ehtiyacdır. İstək nədir? İstək həyatımızda o qədər də ehtiyac duymadığımız, yəni onun olmadığı təqdirdə də həyatımıza davam edə biləcəyimiz, ancaq sahib olduğumuzda xoşbəxt olduğumuzu sandığımız şeylərdir. Ehtiyac olan şeylər isə bəslənmə, yəni yeyəcək, ikincisi sığınma, yəni ev və sonuncusu isə geyimdir. Bunlardan əlavə olanlar artıq arzu və istəklərimiz arasında yer almaqdadır. Əlbəttə, insan bu ehtiyacların gözəl və rahat olması üçün çalışmalıdır. Ancaq bunlardan əlavə olaraq istək deyə adlandırdığımız şeylər üçün digər insanlara qarşı haqsızlıq etmək, onların həyatını təhlükəyə atmaq, ədalətsizliyə baş vurmaq heç kəsin haqqı deyil.

 

Bir çox elm adamının da fikrinə görə, bizi xoşbəxtlikdən uzaqlaşdıran tək səbəb “biz” duyğusundan uzaqlaşıb “mən” yanılmasına qapılmaqdır. İnsandakı “biz” halından qopuş arzuların cəngəlliyində itməsinə və daimi bir acıya səbəb olmaqdadır.

 

Bu gün cəmiyyətimizdəki insanların hər gün bir yenisi icad olunan texnologiyanı əldə etmə həvəsi də bitib tükənmək bilməyən arzularımızın bir göstəricisidir. Bir köhnə modelinin də işimizi görə biləcəyi halda yenisini almaq insanın təbii ehtiyacı deyil, nəfsani arzularıdır. Halbuki bu əşyaya veriləcək məbləğlə ehtiyac sahibi olan bir çox insana dəstək olmaq da olar.

 

Müəllif: Hacı Bəkiroğlu