300 illik şəcərəsini fəxrlə sadalayır. Soyunu-kökünü yaxşı bilir, elə bildiyinə görə də özünü gözəl təqdim edir. Bəli, o, Tbilisidə dünyaya gəldi, elə bu gün də müəllim kimi fəalliyyət göstərdiyi Tbilisi 64 saylı məktəbin məzunu oldu. İstər oxuduğu ali məktəbdə, istər ziyalı ailəsində həmişə milli dəyərlərimizi fəxrlə təbliğ etsə də, içində həmişə bir qırıqlıq vardı – bunlar çox azdır, nəsə etmək lazım deyə...
Bu gün inteqrasiya yönümlü maliyələşən mərkəzlərimiz çoxdur, amma illər öncə heç də belə deyildi. Müxtəlif təbəqəli ziyalılar içində olan Ceyran müəllim daim bu barədə düşünürdü... Biz niyə özümüzü təqdim edən bir birlikdə olmayaq, axı türk-Azərbaycan köklüyüksə bu təqdimatlardan niyə qıraqda qalaq.
Hələ 1990-cı illərdən sadə qrup kimi fəaliyyətə başladı. Artıq 1995-ci ildə “Şən və hazırcavablar” qrupu kimi tanınan şagirdlərdən ibarət qrup təşkil etdi. İstedadlı olduğu qədər müxtəlif dillər bilən bu uşaqlarla artıq Ceyran müəllim arzularını Gürcüstanda özünü azərbaycandilli məktəbin şagirdlərinin timsalında təqdim edirdi. Bu böyük iş idi, amma hələ istədikləri tam deyildi, daha da irəli getməyi düşünürdü.
2000-ci ildə isə “Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzi”ni yaratdı. Bu artıq açar idi, istədiyi yola gedən böyük darvazanın açarı. Bu açarla o darvazanı açıb cığırdan böyük yola keçəcəkdi. Buna hələ çox vardı, amma əsas yola çıxmaqdı.
Ceyran müəllim zəhmətkeşliyi, fədakarlığı sayəsində mərkəzdə “Ceyran” mahnı və rəqs ansamblı da yaratdı.
İlk illərdə bəzi çətinliklər yaşadı. Rəqsləri gözəl qursa da milli geyimlərin əldə olunması çətinliklər yaşadırdı. Keçid dövrünün eniş-yoxuşunu əzmlə addımladılar və sürətlə nəinki Gürcüstanda, hətta Azərbaycan, Türkiyə respublikalarında əksər tədbirlərə dəvət aldılar. Beynəlxalq festival və müsabiqələrə dəvət olundular. Meriyanın, eləcə də ölkə daxili bütün rəsmi yığıncaqlarda Azərbaycan folklorunu fəxrlə, qürurla təmsil etdilər.
Ceyran müəllim artıq arzularının qanadında idi. İstədiyi bu deyildimi? Yox, bu kifayər deyildi. İlk vaxtlar “KVN”dən başlasa da rəqslə kifayətlənməməli idi. Harada milli dəyərləri təbliğ edən müsabiqə, festival, təqdimat olurdu, mütləq qatılmaq lazım deyə iştirak edirdi. Əlbəttə, artıq öz sözünü deyən “Ceyran” ansamblı da, Gürcüstanda Azərbaycanlı Məktəbli Gənclər Mərkəzi də tanınmışdı, dəvət alırdılar.
Milli Kulinariya Festivalında, 2011-ci ildə Ceyran müəllimin təşkilatçılığı ilə mərkəzin təqdim etdiyi Azərbaycan milli mətbəxi guşəsində tək dolmanın 20 növünün nümayişi bütün iştirakçıları heyrətləndirmişdi və birinci yeri qazanmışdılar. Bu, dolma statusuna bir mədəni nöqtə idi.
Mən Ceyran müəllimin son 25 ildə saysız təqdimatlarının siyahısını yazmıram, maraqlananlar məlumatlıdır. Məlumdur ki, bu illər ərzində rəsmi yığıncaqlar, müsabiqələr siyahısında yer alıbsa, deməli, sözünü deyənlər cərgəsində olub.
Yaxınlarda Ceyran Qurbanova Azərbaycan Mədəniyyət Elçilərinin 1-ci Formunda Gürcüstan təmsilçilərindən biri kimi iştirak etdi. Bir az da kövrəlmişdi. Ona görə ki, keçmiş xatirələr yadına düşdü... 2000-ci illərin əvvəllərində Azərbaycan filarmoniyasında iştirak edəndə milli geyimlərimiz kasadlıq təşkil edirdi. Artıq nəinki milli, hətta digər rəqslər üçün də geyimlərimiz var, hətta bəzilərini də özü hazırlayır, düzəliş edir, dizayn yaradır. Bax, axtardığı darvazanın açarı bu idi, bu açarla o, kiçik cığırdan geniş yollara çıxmışdı.
Bu ilin 22 noyabrında “Art Hall” konsert zalında “Biz Gürcüstanı sevirik” adlı beynəlxalq festival keçirildi.
Təəssüf ki, orada Azərbaycandan nümayəndələr yox idi. Səbəb quru sərhədlərin bağlı olması idi. Ansamblların gəlişi böyük məbləğ tələb edirdi. “Ceyran”ın iştirakı isə Azərbaycanın əks-sədası kimi səsləndi: “Biz Gürcüstanda yaşayan bütün Azərbaycan türkləri, həmçinin Azərbaycan Respublikası adından deyirik: Biz Gürcüstanı sevirik!”
Ansambl bu festivalda “Qarabağ yallısı” və “Ay Laçın” rəqsləri ilə çıxış etdi və 14 nəfər iştirak edərək diplom, medal və festivalın kubokunu əldə etdilər. Bax, buna deyirəm nəticə. Ona görə dəfələrlə yazılan uğurları sadalamadım.
Söhbətimizin sonunda Ceyran müəllim bir iradını belə ifadə etdi ki, gürcü xalqı rəqsi çox sevir və dəyərləndirir. Mənim qrupuma, mərkəzimə region baxımından Tbilisi-Şida Kartli məktəbli və gəncləri gəlirlər. Kvemo Kartlidə isə sizlər daha kompaktsınız, çoxsunuz. Milli rəqs qrupları isə azdır. Olanlar da xareoqrafik elementləri qarışdırırlar. Mən mərkəzlərə dəfələrlə demişəm, mənə nümayəndələrini yollasınlar, onları təmənnasız öyrədim, hətta rəsmi sertifikatla təmin edim, təki onlar düzgün və gözəl rəqslər qursunlar. Əlbəttə, onların rəqsləri ilk baxışda gözəl görünə bilər, amma baxır kimin gözündə. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.
Bax, belə. Bunu da yazdım ki, gərək olar. O sehirli açarınız daha böyük darvazalar açsın, Ceyran xanım, müəllim!
Esmira Ələkbərli