Qızılca infeksion xəstəlikdir. İnsandan insana keçə bilər. Xəstəliyin tibbi xarakteristikası barədə nəsə demək, fikir bildirmək bizlik bir məsələ deyil. Sahənin mütəxəssisləri var, məsələ barədə onlardan ağlabatan nələrsə öyrənmək daha məntiqlidir.
Biz bu yazıda qızılca ilə bağlı xalq təbabətindən bir neçə örnək verməklə, habelə xalq inanclarımızda bu xəstəliklə mübarizə məqsədilə tətbiq olunan yöntəmlərlə bağlı fikirlərimizi oxucu ilə bölüşmək niyyətindəyik.
Sözarası qeyd edək ki, qızılcaya uşaq xəstəliyi kimi baxılsa da, əslində bu infeksiyaya istənilən yaşda tutulma ehtimalını tibb elmi təsdiqləyib və ondan qorunmanın yöntəmləri yaradılıb.
Yaxın keçmişə qədər qızılcaya yoluxma qorxulu bir xəstəlik sayılırdı. Qızılcaya qarşı peyvəndin, tibbi xidmətin yoxluğu, şəxsi gigiyenanın əlçatmaz olduğu bir dövrdə insanların onu qorxu ilə qarşılaması təbii sayılmalıdır. O üzdən ki, aşıq gördüyünü çağırar demirlərmi? İnsanlar bu infeksiyaya yoluxmanın fəsadlarını gözləri ilə görürdülər. Qızılcadan sonra çopurluq, korluq, hətta ölüm kimi hallar meydana çıxırdı. Yaxınlarından biri qızılcaya yoluxan kimi ailə üzvləri əl-ayağa düşür, türkəçarə vasitələrlə onun təsirini azaltmağa çalışırdılar.
İlk növbədə qızılcaya yoluxmuş uşağı ailənin digər üzvlərindən aralı tutmağa cəhd edirdilər. Düzdür, patriarxal, yəni böyük ailədə bunu həyata keçirmək o qədər də asan iş deyildi. Ona görə ki, böyük ailədə yaşayanların sayı çox olurdu. Bundan əlavə, böyük ailənin yaşadığı “qaradam” tipli qazma evlərdə və ya çiy kərpicdən tikilmiş kiçik evlərdə xəstəni izolyasiya etməyin öz çətinlikləri vardı. Üstəgəl, xatırlatdığımız kimi, tibbi vasitələrin, tibbi xidmətin yoxluğu xəstəliyin müalicəsini mümkünsüz edirdi. Əlac qalırdı xalq təbabətinə, ara həkimi adlandırılan, xalq arasından çıxmış “laxvan” – loğmanlara. Sözarası qeyd edək ki, hər eldə müxtəlif xəstəlikləri təbii vasitələrlə müalicə edən belə həkimlərə rast gəlmək olurdu. Orasını da qeyd edək ki, xalq təbabəti bilicilərini əski dönəmlərdə “otçi” adlandırırlarmış. Bu bilgini də türk dillərinin mahir bilicisi Əbu Həyyanın lüğətindən əldə etmişik. Görünür, həkimlər istifadə etdikləri dərmanları əsasən bitkilərdən hazırladıqları üçün onları “otçi”, yəni “otçu” adıyla çağırırmışlar. Onlar ata-babalardan qalma, nəsildən-nəslə ötürülən üsul və vasitələrlə pis-yaxşı müxtəlif xəstəliklərin öhdəsindən gələ bilirdilər. Qızılca da belə xəstəliklərdən biri idi.
Qızılcaya yoluxmuş xəstənin yatdığı yerin isti olması qayğısına qalırdılar. Çünkü qızılcanın əlamətlərindən biri də xəstənin hərarətinin yüksək olması idi. Hərarətin soyuqdəymə nəticəsində yarandığını düşünən ağsaqqallar, ağbirçəklər evin isti saxlanmasına diqqət yetirirdilər. Başqa nə edə bilərdilər ki? Onlar da özlərindən əvvəlki nəsildən estafeti bu cür qəbul etmişdilər.
Bədənin qırmızı səpgilərlə örtülməsi xəstənin qızılcaya yoluxmasını təsdiq edən ən etibarlı fakt idi. Ailə üzvlərindən birinin və ya bir neçəsinin qızılcaya yoluxması ilə ailənin başbilənləri məsləhət-məşvərətdən sonra kəndin arasına düşüb eşşək südü axtarışına çıxırdılar. Ötən əsrin altmışıncı illərində Nikita Xruşovun eşşəklərə vergi tətbiq etməsindən sonra kənd yerlərində bu biçarə heyvanların sayı kəskin şəkildə azalmış, eşşək südü tapmaq müşkül məsələyə çevrilmişdi. Bəzən bir fincan eşşək südü əldə etmək üçün ailə üzvləri bir neçə gün kəndbəkənd gəzməyə vadar olurdular. Nəhayət, min bir əziyyətdən sonra tapılan eşşək südünü dada pisliklə xəstəyə içirməyə çalışırdılar. O üzdən ki, ağı qaradan seçə bilən uşaqlar bu südün eşşək südü olduğunu bildiklərindən iki ayaqlarını bir başmağa dirəyib eşşək südünü içmək istəməzdilər. Bir tərəfi zorluqla, bir tərəfi xoşluqla qılıq-sülük zülmlə tapılmış südü xəstəyə içirə bilirdilər. Uşaqların eşşək südündən imtina etmələrinin səbəbi isə bu heyvanın xalq arasında qanmazlığın, kütbeyinliyin simvolu olmasıyla bağlı idi. Görünür eşşək südü içdikdən sonra eşşək kimi olacaqlarını, kəsəsinə deyim, eşşəkləşəcəklərini güman edən uşaqlar bu südü içmək istəmirlərmiş.
O vaxtın uşaqları haradan biləydilər ki, zaman gələcək eşşək südü delikatesə çevriləcək, litri 150-200 dollara tapılmayacaq, ömürlərini uzatmaq üçün avropalılar bizim uşaqların bəyənib içmədikləri eşşək südünün növbəsinə duracaq və bəzi qurddanquş adamlar da eşşək fermaları təsis edib, eşşək südü istehsalına girişib, pula pul deməyəcəklər. Bir də ki, o vaxtın uşaqları bunları haradan bilə bilərdilər. Düz-əməlli televiziya yox idi, internet haqqında, tövbələr olsun ,bilən vardısa. Söz düşmüşkən, bir vaxtlar bizim bölgədə də bir eşşək ferması ortaya çıxarmışdılar. Düzünü desəm, o fermanın fəaliyyət göstərib-göstərmədiyindən xəbərim yoxdur.
Qızılcaya yoluxmuş uşaqların yatağı qırmızı parçadan üzü olan yorğan-döşəkdən ibarət olurdu. Belə xəstələrin başına qırmızı papaq və ya qırmızı yaylıq bağlayırdılar. Güman edirdilər ki, qırmızı yorğan-döşəkdə yatan, başına qırmızı bağlanan xəstənin qızılcası tez qayıdacaq. Qırmızı rəngin Günəşin, odun-ocağın bəlgəsi olması, Günəşin, odun-ocağın şər qüvvələri, xəstəlik gətirən ruhları qovmaq, neytrallaşdırmaq kimi xüsusiyyətləri barədə isə ötən yazılarımızda söhbət açmışıq. Qızılcanın qırmızı səpgilərlə müşayiət olunması onun xəstədən uzaqlaşdırılmasının qoruyucu, neytrallaşdırıcı Günəşin, odun-ocağın rəmzi olan qırmızı rənglə mümkün olacağını düşünən əcdadlarımız belə bir yöntəmə əl atmışlar. Xəstəliyin səbəbini bilməyən əski insanların bu cür düşünməsi də təbii sayılmalıdır.
Daha bir yazının da sonuna gəldik. Ağrıdan-acıdan uzaq olmanız diləyiylə bu yazını da nöqtələyirik.
Afiq MUXTAROĞLU