SOSİUM

15. BODİART AVROPANIN FƏRQLİ GÖRÜNTÜSÜ KİMİ

 

İnsanların ətrafdakılardan fərqlənmək üçün müxtəlif yöntəmlərə əl atdıqlarını, öz bacarıqlarını, qabiliyyətlərini inkişaf etdirmək üçün çalışdıqlarını, bütün bunlar üçün modanın, texnologiyanın, elmin, sənətin imkanlarından yararlandıqlarını, öz həyatlarına tətbiq etdiklərini söyləyə bilərik. Bəşər tarixinin müxtəlif dönəmlərində insanın belə istəyinin olmasını da bunun üstünə əlavə etsək, onda başqalarından fərqlənmək üçün onun hərəkətlərinin fasiləsiz, davamlı olduğunu da səsləndirə bilərik. Hər dövrün öz fərqlənmək yöntəminin olması, hər dövrün buna uyğun öz dəbinin meydana çıxması da danılmazdır. Demirikmi, hər aşiqin öz dövranı var, bu məntiq burada da işə yarayır. Hər bir insan öz dövrünün, öz zamanının oğludur. Hər dövr insanı öz rəngi ilə boyayır, öz havası ilə qızdırır. Fərqli coğrafiyalarda yaşayan insanların bu baxımdan fərqli olması da təbiidir. Coğrafiya da insanın biçimlənməsində sakit dayanmır. Yaşadığı cəmiyyətin abu-havası, adət-ənənəsi, düşüncə tərzi də insanın fərqlənməsinə öz təsirini göstərir. Bəzən bu fərqliliyin yeni şəkil almasında kənar, yad təsirlər də az-çox rol oynayır. Qloballaşan dünyada sənin-mənim prinsipinin sərhədlərinin sürətlə pozulması mədəniyyətlərin bir-birinə təsirini daha da sürətləndirir, hər şey bir-birinə qaynayıb-qarışır, insanlar fərqli, dəyişik mənzərələrlə üzləşir və bütün bunlardan təsirlənə bilirlər. İndi söhbətin yönünü dəyişib əsas mövzunun üzərinə gətirmək olar, bu qədər giriş vermək yetər.

 

İnsanın öz bədəni üzərində müxtəlif əməliyyatlar yolu ilə dəyişiklik yaradaraq, fərqlənmək istəyi kökü tarixin dərinliklərinə gedib çıxan yeni bir incəsənət sahəsinin – bədən incəsənətinin və ya sənətşünaslıqda bodiart adlandırılan bir cərəyanın yaranmasına gətirib çıxarmışdır.

 

İnsanın fərqli görünmək üçün əl atdığı üsullardan biri də bədəninin müxtəlif yerlərinə cürbəcür döymələr etdirməsidir. Bu bodiartın ən geniş yayılan formasıdır. Döymə və ya tatu fərqləndirmə nişanıdır. Qəbilədə insanları bir-birindən fərqləndirən işarə kimi çıxış edirdi. Hər qəbilənin də fərqli döyməsi, tatusu olurdu. Qəbilələr bir-birini bu işarələrə görə tanıyırdılar, dostlarını-düşmənlərini fərqləndirə bilirdilər. Belə də deyə bilərik, ilkin dönəmlərdə tatu insanı tanıdan sənəd-bəlgə rolunu oynayırdı. Tatular adətən bədənin görünən bir yerində, əsasən də sifətdə həkk edilirdi. Belə döymələr müəyyən bir fikri ifadə edən şəkillər idi. Hər bir insan mənsub olduğu toplumun dəyər verdiyi nəsnələrin sxematik işarələrini, həmin topluma aid rəmzləri daşıyırdı. Tatu sahibi olmaq, onu bədəninə döydürmək şəxsin qəbilədə statusunun dəyişməsinə gətirib çıxarırdı. Tatu daşımaqla uşaqlıqdan yeniyetməliyə keçid baş tuturdu. Tatusunu almış şəxs qəbilənin bütün işlərinin həllində vacib səsə malik olurdu. O, yetkin əsgərə çevrilirdi. Silah gəzdirmək hüququ qazanırdı. Tatunun vurulması xüsusi bir mərasimlə icra olunurdu. Qəbilənin yetkin adamlarının xeyir-duası ilə, onların iştirakı ilə keçirilən bir mərasim idi. Tatu daşımağa iddialı olan, buna hazır olduğunu bildirən gənc bu ağrılı prosesin onun bədənində icrasına səsini çıxarmadan dözməli idi. Başqa cür ola da bilməzdi. Tatunun fərqləndirici bir nişan, işarə olduğunu dünyanın bir sıra xalqları, ən çox da Afrika xalqları bu gün də yaşatmaqdadırlar.

 

Tarixən tatudan bir fərqləndirici nişan kimi dənizçilərin, dəniz quldurlarının da istifadə etdikləri bəliddir. Sovet məkanında tatudan həbsxanalarda, özünü oğru dünyasının üzvü hesab edən adamların istifadə etdiyinə də sıx-sıx rast gəlinirdi. Sovet əsgərlərinin də, adi adamların da ara-sıra döymələrdən yararlandığını görmək olardı. Sevdiyi heyvanın, mistik varlığın kiçik ölçülü şəkillərini, sevdiklərinin adını yazdıranlar da az deyildi. Yaxın keçmişə qədər tatular öz kiçiklikləri ilə, nəzərə az çarpmaqları ilə fərqlənirdi.

 

Zamanın sürəti bu sahədən də yan keçməmiş, tatu özünün başgicəlləndirici inkişaf dövrünə qədəm qoymuşdur. Artıq o, özünün geniş tətbiqi dövrünü yaşamaqdadır. Tatu özünün keçmiş mistik anlamından, gerçək mahiyyətindən uzaqlaşaraq, incəsənət dəyəri qazanmışdır. Sanki bu gen dünya insana darlıq etmiş, rəssamlıq fantaziyasını gerçəkləşdirmək üçün bir vasitə tapa bilmirmiş kimi, bədənindən bir lövhə, bir müstəvi kimi istifadə etməyə qərar vermişdir. Artıq bodiart dünyada milyonlarla insanın bədəninə öz damğasını vurmaqda, minlərlə insanın isə dolanışıq mənbəyinə çevrilməkdədir. Bədənini bu incəsənətin nailiyyətləri ilə süsləmək istəyənlərin sayı isə günü-gündən artmaqdadır. Tatu salonlarında çalışanların çörəyi də bu yolla bollaşmaqdadır.

 

Döymə sənəti müsir dövrdə özünün ikinci ömrünü, daha yetkin çağını yaşamaqdadır. Avropa, o sıradan da Niderland bodiartın hər addımda özünü göstərdiyi ən geniş meydandır. Liberal dəyərlərin, fərdiyyətçiliyin üstünlük təşkil etdiyi Avropada tatunun yayılmasını əngəlləyəcək, ona qarşı çıxacaq bir güc də yox. Qanunla qadağan edilmir, dini normalara tatusevərlərin məhəl qoyacaqlarını düşünməksə sadəlövhlükdən başqa bir şey deyil. Cəmiyyətin ona tolerant münasibəti göz qabağındadır. Bizim “dərə xəlvət, tülkü bəy” məsəlimiz elə bu məqam üçün də keçərlidir. Düzgün anlaşılsın deyə, dərənin Avropanı, tülkünün də tatunu nəzərdə tutduğunu söyləməsəm olmaz.

 

Tatu incəsənətinin varlğını göstərən bəzi məqamları açıqlığa qovuşdurmağa çalışım. Mən xırdalayım, siz də “hə-yoxunuzu” söyləyin. Niderlandda bədənindəki tatunu nümayiş etdirən gənc və orta yaşlı insanlar istənilən qədərdir. Hərə öz zövqünə görə bədəninin müxtəlif yerlərinə tatu döydürür. Demirlərmi zövqlər müxtəlifdir, bu tatuşünaslıqda da keçərlidir. Bilmirəm bu tatuşünaslıq terminim yerinə düşdümü, ya yox? Tatular ölçüsünə görə də bir-birindən fərqlənir. Miniatür tatulardan tutmuş bədənin böyük hissəsini, hətta bütün bədəni zəbt edən tatulara rast gəlmək mümkündür. Kimi qoluna, kimi boynuna, kimi üzünə kiçik mini tatular yapdırır. Kimi də canından bezmiş kimi, məsələn, bütün kürəyinə və ya sinəsinə, hər iki aşağı ətrafına, qollarının hər ikisinə tatu ilə bəzək vurur. Bəzilərinin hətta ürəyi bunlarla da soyumur, saçını ülgüclə sıfırlayıb bütöv bədənini tatu tablosuna döndərir. Deməsi ayıb olsa da, bəziləri gündəyməzinə, intim yerlərinə də tatu naxışları düzdürür. Əlahəzrət zövq burada da özünü göstərir.

 

Tatular mövzusuna görə də bir-birindən fərqlənir. Ən sadə tatulardan ən mürəkkəb, ən mücərrəd rəsmlərə qədər dəyişən mənzərələri müşahidə etmək mümkündür. Zövqün hər yerdə özünü hiss etdirdiyini yaddan çıxarmayaq. Sevdiyi bitkinin, gülün-çiçəyin, quşun, heyvanın bütöv və qismən təsvirini, mistik-əsatiri varlıqların həyatından hər hansı bir epizodu, sevimli futbol komandasının emblemini, postmodernist, futuristik hansısa bir elementi və ya bir neçə sözün kombinasiyasından ibarət devizi bədənlərinə yaraşdıranlar kifayət qədərdir. Başdan ayağa tatu ilə süslənənlərin qorxu filmlərinin həyatdakı canlı prototipləri olmalarını, nağıl və əsatirlərin qorxunc personajlarının yeni həyat qazandıqlarını düşünməkdən özümü saxlaya bilmirəm. Qaranlıq yerdə qəfildən qarşısına belə bir tatusevərin çıxması ilə nabələd adamın eymənməsi, ən azından həyacanlanması mümkündür. Bunu mənim düşüncəm sayıb, üstündən keçə də bilərsiniz.   

 

Bodiartın fəaliyyət sahəsi bununla bitmir. Dövrəyə bədən incəsənətinin başqa janrı girir. Pirsinq. Metal kürələrin, halqaların, iynələrin bədənin müxtəlif yerlərinə deşilərək, keçirilməsi üsulu pirsinq adlanır. Dilinə, dodağına, qulağına, çənəsinə, göbəyinə, hətta ayıb yerinə belə müxtəlif sayda, müxtəlif böyüklükdə metal fiqurlar keçirənlər, buna görə cəmiyyət tərəfindən qınanmayan yüzlərlə adamla rastlaşa bilərsiniz. Bəyənsən də, bəyənməsən də bu yerlərin həyat tərzi belədir. Artıq pirsinqin biz tərəflərə də ayaq açdığı sezilməkdədir. Yaxşı bir şey olsa mənimsəməzdik. Nə etməli? Dünya qloballaşır, yaxşısını-pisini təcrübə etməliyik.

 

Bodiartın müxtəlif təzahür formaları var. Yəni insan bədənini sənət üçün bir vasitə seçən bodiart ona müxtəlif yöndən yanaşır. İnsan bədəni üzərində bodiart müxtəlif yollarla ifadəsini tapır. Get-gedə bu sənətin yeni janrları meydana çıxır. Mən bunların hamısını burada sadalamaq fikrindən də uzağam. İstəmirəm ki, oğru yadına daş salmış olum, bu sətirləri oxuyanları bodiarta təşviq edim. Sevmədiyim bədən incəsənəti adlandırılan bodiartın bizim mədəniyyətimizə daxil olmasını birmənalı şəkildə istəmirəm. Özümü nə qədər açıq fikirli adam hesab etsəm də, ikrah doğuran bu sənətin əleyhinəyəm. Qoy buna görə məni qınasınlar. Özlərini fərqli göstərmək üçün bodiartın bu və ya digər janrından istifadə edənlərin bir çoxunun sonradan sağalmaz xəstəliklərə düçar olmasını, üz-gözlərinin əcaib-qorxunc görkəm almasını da xatırlatmasam olmaz. Bədənini belə bir ekspermentə təslim edən adamın bunu yaddan çıxarmaması çox vacibdir.

 

Saçların göyqurşağına döndərilməsi də bodiartın oyun meydanlarından biridir. Bu janrdan yararlanmaq ən çox qadınların əlindədir. Ancaq bəzi hallarda kişilərin də istifadə etdiyi görünür. Saçlarına tovuzquşu əlvanlığı qazandıran, ikirəngli və işıqforun üç rəngini özündə birləşdirən, hətta göyqurşağının bütün boyalarını saçına-başına yaxan adamların kloun görünüşü bəzən kefimi açırdı. Məmnunluqla güldüyüm də olurdu. Nədən ki, belə dəyişik mənzərə biz tərəflərdə yox dərəcəsindədir, nadir görünən təbiət hadisəsi kimi bir şeydir, hər deyən onu müşahidə edə bilmirik. Avropada isə bunu bir-birini əvəz edən kino kadrları kimi hər vaxt görmək imkanım olurdu. Niderlandın vətəndaşları arasında Afrika mənşəlilərə də tez-tez rast gəlmək olur. Burada Surinam əsillilər daha çoxdur. Saçından küknar-şam qozalarına bənzəyən müxtəlif fiqurlar düzəldən, bəzən eninə-uzununa cığırlar açıb başını şahmat taxtasına bənzədən zənci qadınları görmək də mənə xoş anlar bəxş edirdi. Adamların pişik quyruğu ilə oynayan sayaq oturub-durub saçlarını oyuncaq etməsini anlamaq mənim sahəmə yaddır.

 

Bodiartın daha təhlükəli növlərinin olduğu da faktdır. Bədənin dərisini, hətta ətini kəsərək, onu yenidən şəkilləndirməklə, yeni forma verməklə əldə edilən görüntülərin necə fərqlilik yaratdığını, baxanlara hansı estetik gözəllik verdiyini bir kənara qoyuram. İnsan bədənini təbiilikdən çıxaran, mənə görə, hətta iyrənc hala salan bodiartın insan həyatı üçün təhlükə mənbəyindən başqa bir işə yaramadığını söyləyərək, bu bölümü nöqtələyirəm.

 

Afiq MUXTAROĞLU

Niderland