“Daxili dünyası kasıb olan cəmiyyətlər öz zahirini bəzəməklə öyünər”. Nə gözəl deyib Əli bəy Hüseynzadə, sanki Qardabanini, onun sakinlərini və gözəllik salonlarını təsvir edib. Qardabanidə hər şey sanki buradan başlayır. Gəzin şəhərdə, hər küçənin küncündə, hər yeni tikilinin altında, hər bazar yaxınlığında ya bir gözəllik salonu var, ya da biri açılmaq üzrədir, ya da kimsə öz evinin bir güşəsində öz gözəllik salonunu yaradıb. Birində dırnaq, digərində qaş, bir az irəlidə saç kəsimi, ya bunların hamısı bir arada. Az qala bir neçə addımdan bir qadınlara “gözəllik” təklif edilir. İnsanın ağlına sual gəlir: bunlar niyə bu qədər çoxdur?


Çox olan saç buran, kirpik yapışdıran, gellə dırnaq uzadan salonlardır. Bir vaxtlar onlar qadınların azadlıq qapısı sayılırdı – özlərinə vaxt ayıra bildikləri, özləri ilə baş-başa qaldıqları yerlər. Tarixə nəzər saldıqda görərik ki, dünyanın ilk gözəllik salonlarından biri 1888-ci ildə Marta Matilda Harper tərəfindən açılıb. O, bu məkanı təkcə xarici gözəllik üçün deyil, qadınların bir araya gəlib özlərini güclü hiss edə biləcəyi, həm də maariflənəcəyi bir yer kimi düşünmüşdü. Yəni gözəllik zahirdən çox mahiyyətə xidmət edirdi. Harper özü kasıb bir qulluqçu olmuş, lakin şəxsi səyləri və savadlanmaq istəyi ilə bu ilk salonu yaratmışdı. Salonuna gələn qadınlara yalnız saç baxımı yox, həm də özünəinam, iqtisadi azadlıq, mədəni inkişaf kimi anlayışları aşılayırdı. O dövr üçün bu, inqilabi bir yanaşma idi. Hətta Harperin salonunda işləyən qadınların əksəriyyəti yoxsul təbəqədən idi və o, onları həm gözəllik sənətinə, həm də liderliyə, sahibkarlığa öyrədirdi. Beləcə, gözəllik salonu bir iş yeri deyil, maarif və azadlıq məkanı olurdu. Harperin yaratdığı bu model sonradan ABŞ və Kanadada yüzlərlə qadına öz salonunu açmaq imkanı verdi. Onun 500-dən çox filialı vardı və bu salonlar qadın sahibkarlığının ilk nümunələrindən biri sayılır. Gözəllik ilk dəfə bu qədər sosial güc anlamı qazanmışdı. Zaman keçdikcə bu model dəyişdi. Artıq salonlar moda və kommersiya mərkəzlərinə çevrilməyə başladı. İdeoloji və maarifçilik ikinci plana keçdi, yerini bazar tələbinə uyğunlaşdırılmış xidmətlər aldı. İndi bu məkanlar bir çox hallarda istehlakçılığın və görüntü təmayüllərinin simvoluna çevrilib. Bu gün sosial şəbəkələrdə gözəllik standartları dəyişdikcə, bu salonlarda da tələblər dəyişir: təbii görünmək deyil, filtr kimi görünmək əsas olur.
Bununla yanaşı, salonlar təkcə müştərilər üçün deyil, iş axtaran qadınlar üçün də çıxış yolu rolunu oynamağa başlayıb. Xüsusilə boşanmış və ailə içində dəstək görməyən və ya öz ayaqları üzərində durmaq istəyən qadınlar üçün gözəllik salonları həm iqtisadi müstəqillik, həm də psixoloji dirçəliş imkanı verir. Sanki cəmiyyətdə salonda işləyən bütün qadınlar boşanıblar deyə stereotip bir düşüncə də formalaşıb. İlk baxışdan bu, normaldır, sayı çox olan iş obyektində “vakansiyalar” da çox olmalıdır. Qadınlar burada işləməklə təkcə maddi gəlir əldə etmir, həm də bir növ yeni sosial çevrə qurur, həyatlarını sıfırdan başlayırlar. Bəzən elə olur ki, qadın illərlə ailədə görmədiyi sayğını müştərilərdən və həmkarlarından alır. Bu isə onun öz gücünə inanmasını təmin edir. Deyəsən, bu məkanların yeganə müsbət tərəfi elə budur.


Mənim isə bu sayda bu mövzuya toxunmaqdakı məqsədim salon və onların sahiblərini tənqid etmək deyil, ədəbiyyata, sənətə, elmə marağı olan gənclərin Qardabanidə vaxt keçirə biləcəyi, özünü ifadə edə biləcəyi bir ədəbi kafe, müzakirə otağı, kitab klubunun olmamasıdır. Bəs niyə salonların sayı çox, bunlardan isə yoxdur? Çünki hamı qazanc dalğasındadır. Bir salon açmaq daha asandır, nəinki bir müzakirə klubu. Salon açmaq üçün icazə almaq daha tezdir, nəinki mədəniyyət mərkəzi üçün. Yeri gəlmişkən, onu da əlavə edim ki, bu salonlar elə əlverişli yerlərdə salınır ki, hamı üçün əlçatan olsun, digər salonları kölgədə qoysun. Halbuki onların yerinə adının haqqını verən bir mədəniyyət evi, kitabxana və s. olsa daha yaxşı olmazdımı. Bir özümüzə sual verək: Qardabanidə harada bir poeziya axşamı keçirilir? Harada gənclər toplaşıb kitab müzakirə edir? Harada gənc rəssamlar əsərlərini sərgiləyə bilir? Cavab ya “bilmirik”, ya da “heç yerdə” olur.
Səbəb isə sadədir, təklif olmayan yerdə tələbat da ölməyə məhkumdur. Bugünkü Qardabanidə salonlar say etibarilə bir çox zəruri ictimai məkanı geridə qoyub. Sanki şəhər estetikaya deyil, kosmetikaya bürünüb. Əgər bir cəmiyyətdə gözəllik salonlarının sayı kitab dükanlarını keçibsə, bu artıq bir sosial simptomdur. Və Qardabanidə bu simptom açıq-aşkar görünür. Bu qədər estetikaya yönələn bir şəhərin içində ruh üçün gözəllik təklifi yoxdur. Cəmiyyətə yalnız zahiri gözəllik təqdim ediləndə, daxili zənginliyə ehtiyac duyulmur. Əgər gənc qızların yeganə toplaşdığı yer dırnaq masasıdırsa, gənclik yalnız kosmetika ilə tanımlanırsa, bu, gələcək üçün təhlükəli meyldir.


Gözəllik salonları olsun, əlbəttə. Amma onlar bu qədər çox olduğu halda, bir dənə mədəniyyət evi niyə yoxdur? Mədəniyyət olmadan gözəllik də süni görünür.


Əgər bu cəmiyyət dəyişməlidirsə, dəyişiklik salon vitrinlərində yox, ağıl vitrinlərində başlamalıdır. Mədəniyyət evləri, kitab klubları, gənclər üçün açıq fikir meydanları – bunlar olmasa, hər şey yalnız səthi gözəlliklə məhdudlaşacaq. Qardabanidə bizə yeni gözəllik salonları yox, gözəl düşüncə salonları lazımdır.

 

Çiyalə OSMANOVA