Diliniz dolaşdısa dönə-dönə üzr istəyib məqsədi ərzi-hal edək.
Başlıq anlaşılmaz və mənasız olduğu üçün geridə qalan hissəni çox sadə davam edək ki, təzminat etmiş olaq.
Ac insan nə düşünər? Yemək. Təhlükə hiss edən insan nə düşünər? Bundan sovuşmaq yolunu. Üşüyən nə axtarar? İstilik. Diqqətsiz qalmış insan? Diqqət, qayğı.
İndi təsəvvür edin, yemək istəyənə pencək verirsən, soyuqdan donub ölənə Rihananın mahnısını qurursan. Ciddi təhlükədə olana Kafkanın “Metamorfoza”sını verirsən ki, “al, oxu, başını balta kimi yaracaq, təsirindən özünə gələ bilməyəcəksən”.
Maslounun ehtiyaclar piramidası/iyerarxiyası... Adından bəlli, tələbatların piramidası. Keçib, sadalayaq:
1. Fizioloji tələbat;
2. Təhlükəsizlik;
3. Aid olma/sevgi;
4. Hörmət;
5. İdrak;
6. Estetika;
7. Özünüreallaşdırma.
Ümumiyyətlə, hər şey elədir – ikinci pilləyə çıxmaq istəyən gərək birincini aşmış ola. Bundan sadə nə istəyirsiz? Birbaşa üçüncü pilləyə/mərhələyə atılsan ayağın sınacaq, bonus olaraq da yerə düşəndə belin. Lazımdırmı? Yox!
Ac qarına gedib futbol oynayarsan? Ola bilər azca oynayasan, amma bu mütəmadi davam etməyəcək axı. Hərlənib boşqabın yanına geri qayıdacaqsan. Yəni birinci pilləyə ayaq basmamış 3-4-5-ciyə atılmaq istəsən yenə eyni yerə – birincinin dizinin dibinə qayıdacaqsan.
Hər şey aydındırsa bəs niyə həmişə məsələləri əksinə sadalayırıq? Prioritetləri niyə köndələn sıralayırıq.
Müharibənin ortasında qulaqcığı taxıb mahnıya qulaq asmağa bənzəyir.
Elə bil nə vəchlə olur olsun Maslounun nəzəriyyəsini səhv çıxarmaq istəyirik.
Əgər tələbatlar piramidasını inkar etmiriksə (ən azı ilkin pillələri) onda niyə problemləri əksinə sıralayırıq?
Təsəvvür et, adamın başı ağrıyır və bilir ki, acından ağrıyır. Sən də durub deyirsən ki, sənin özünüreallaşdırmağa ehtiyacın var, başın ona görə ağrıyır, gəl mən deyən kimi edək, al mikrofonu və s. Adam bir də deyir, acam, deyirsən, yox, sən nə bilirsən.
Axırda dava düşür. Acından hirslənən deyir ki, sənin məsləhətin və müalicən mənə lazım deyil, o biri də deyir ki, “sən yaxşılıq qanan deyilsən, Allah var ciyərindən də xərçəng çıxsın”.
Qıraqdan görünən mənzərə də yazının başlığına bənzəyir. Elə boylana qalırsan ki, bu niyə köndələn yazıb.
Həmid SADIX