Əmim oğlanları Bakıdan gəlmişdilər. Tələbə idilər. Nənəmə Qoqo deyirdilər. Zarafata salıb dedilər ki, Qoqo, getdik sənlə şəkil çəkdirməyə. Onda mənim 4-5 yaşım olardı. Məni də götürdülər. Biz getdik Söyün (Hüseyn) müəllimgilə. Sovet hökümətinin axar-baxarlı vaxtı idi. Uşaqlıqda yaşadığım o qiymətli həyatı yazaraq xatirəmdə təsəvvür edirəm.

 

Balaca bir həyət, deyəsən taxtadan ev... nəsə xatirimdə elə qalıb. Balaca tək qapıdan həyətə daxil olduq. Rus kəndlərindəki həyətlərə oxşayırdı. Gül-çiçəkli sadə tərtibat... Fotoqraf divarının parçası önündə bizi saxladı. Nənəm, mən və əmioğlanları birlikdə şəkil çəkdirdik (o şəkil indi də qalır). Söyün müəllim başında şilyapa, qara kostyumda, balaca, arıq bir adam idi. Xanımı da eynən sadə geyimdə qəşəng bir xanım. Hər ikisi ətrafda gördüyüm insanlardan fərqli idi. Mənə elə gəldi, kənd içində tamam başqa bir dünyanın adamlarıdılar.

 

Həyətdən çıxanda dedim ki, ev də, adamları da kinoya oxşadı. Xeyli güldülər və uşağın qiymətləndirməsi qohumlar arasında bir ara danışıldı. Əmim də Söyün müəllimlə birlikdə işləmişdi.

 

Ona demişdi ki, sənin unikal həyatını bizim balaca uşaq xarakterizə etdi. Uşaq neyləsin, kənddə hamı ikimərtəbəli ev tikdirir, geniş həyət, bağ-bağça yaradır, mütləq maşın da almalıdır və s. Bu cür mühitdə sadə bir yaşam tərzi qeyri-adi uşağın diqqətindən qaçardımı heç?

 

Hüseyn müəllim 1928-ci il təvəllüdündən olan kənd uşaqlarından olub, onlar yeddi nəfər birlikdə Gəncədən məzun oldular. Tarixçilər. Həmin nəsil dövründən yalnız o qalmışdı.

 

Bir dəfə rastlaşdıq, mən onu uşaqlıqda görmüşdüm, qocalsa da imic əvvəlki idi. Artıq 90 yaşı keçmişdi. Özümü təqdim etdim. “Siz mənim uşaqlıq yaddaşımda həmişə maraqlı adam kimi qalıbsız. Haqqınızda yazmaq istərdim” dedim. “Məmnuniyyətlə” dedi. Çox təəssüf ki, pandemiya dövrü başladı. Mühit sabitləşsin deyərkən əcəl öz işini gördü.

 

Tarix müəllimi kimi təyinatla Balakəndə işləyərkən Şəkidən təyinatla orada işləyən musiqi müəllimi ilə ulduzları barışır. Hüseyn müəllim həm də gözəl tar çalırdı. Bu ruh bağlılığı uzun məsafəni könül bağıyla elə möhkəm bağladı ki, bu sevda yolu Gürcüstana gəldi. Leylan valideyn narazılığına baxmadan sevgisinin ardıyca gəldi. Birgə ömür sürdülər. Beş oğul sahibi oldular.

 

Hüseyn müəllimin bir sirri vardı, onu hamı bilməyib birmənalı düşünsə də, həqiqət vardı ki, səbəb nəticəni yaratdı. O nəticə bu ailəni hamıdan fərqli bir yaşam tərzi yaşamağa məcbur etdi.

 

Gəncədə növbəti dəfə həkimə gedəndə bir yaşlı yəhudi həkim ona deyib ki, sənin ürəyində ciddi problem var. Bu ürəklə sən 25-30 yaşa ancaq çatarsan, amma yaşamaq istəyirsənsə özün özünə fərqli həyat seç. Özün üçün yaşa. Əsəb, stress, narahatlıq, gərginlik keçirmədən 100-ə də çatarsan. Ürək əzələn çox nazik, deyilənə görə nadir problem. Bax bu diaqnoz Hüseyn müəllimi hamıdan fərqləndirdi.

 

Özünə balaca bir ev düzəltdi, sadə, başına yağış yağmadı, soyuqda qalmadı. Müəllim oldu, fotoqraf oldu, tar, musiqi dərnəyi yaratdı, məzun olan şagirdlərə hətta evində “veçer” - buraxılış şənlikləri təşkil etdi. Bir sözlə, həyatını yalnız yaxşı, maraqlı, əyləncəli işlərə həsr etdi. Bu yolda, təbii ki, ona dəstək həyat yoldaşı vardı. Ona sərhədlər ayaqladan sevgisini qorumaq üçün bu yola yoldaş olmaq lazım idi, oldu da. Onlar birlikdə övlad böyütdülər, amma fərqli, bəlkə də əsl sovet tərbiyəsiylə. Dəbdəbəli geyindirmədilər, bəhsəbəhs yaşamadılar. Qazanc yalnız sağlam həyat tərzinə, qidalanmağa həsr olundu. Orta məktəbi bitirən oğlanlarına açıq qapı prinsipi ilə “özünüz öz yolunuzu özünüz seçin, qazanın, özünüz qazananda maraqlı və mənalı olur” dedi.

 

Beləliklə, yaşamaq üçün yedi, yaşamaq üçün həyat tərzi seçdi. Bu tərz onu doğrudan da 100-ə yaxınlaşdırdı. Əgər Leylanı sağ olsaydı, əlbəttə, çatardı.

 

Mən öz qadın təxəyyülümlə mütləq surətdə inanıram ki, bu həyat tərzi Leylan müəllimdən keçdi, yəni əsasını qoydu, Söyün müəllim dəstəklədi.

 

Leylan müəllim də kənddə musiqi müəllimi idi. Deyilənə görə, elə bir qız şagird yox idi ki, başını tumarlamasın, əzizləməsin, hətta tənəffüsdə ehtiyacı olan bəzi qızların saçını hörərdi. Olduqca sadə, səmimi, xoşrəftar biriymiş. Şəki mətbəxinin Borçalıda, Qaçağanda təmsilçisi idi, amma özünəməxsus şəkildə.

 

Hüseyn müəllim 1 saylı, Leylan müəllim 2 saylı məktəbdə işləyirdi. 2 saylı məktəbdə Hüseyn müəllimin iki tələbə yoldaşı işləyirdi. Bir gün Marks müəllim deyib ki, “Söyünə de axşam sizdəyik, tələbəliyi yadımıza salarıq”. Onlara yoldaşlıq edən bir müəllim danışır ki, “öyrəşmişik axı bizim süfrədə nələr olacaqdı, pörtdəmədən plova, çaxırdan samaqona, pendirdən turşuya, amma biz nə gördük 45 il əvvəl, bax indi gördüyün balaca qapıdan həyətə daxil olduq, həmin ev, həyət gül-çiçək, dibçəklər, plovun ətri adamı bihuş edirdi. Hüseyn müəllim tar çalır, Leylan müəllim oxuyur. Süfrəmiz hazır. Şəki plovu - şüyüdlü plov, göyərti, vəssalam. İçkimiz də darçınlı çay. Mənim üçün yeni idi, amma daimi qonaqları bunu adi qarşılayırdılar, axı əsas məsələ qarşılandığımız ab-hava idi, məclis o qədər maraqlı, səmimi idi ki, heç ayrılmaq istəmirdik...”

 

Leylan müəllim qardaşı qızı Zeynəbi özünə gəlin seçdi.

 

Hər gün kənd mərkəzində qəssabxanada heyvan kəsilərdi, ətraf kəndlər də buradan gəlib ət alırdılar deyə Hüseyn müəllim tezdən gəlib bir ət parçasını götürüb gedərdi.

 

Hüseyn müəllim gözəl tar, qarmon çalardı. Bundan əlavə fotoqraflıq qabiliyyəti də vardı. Bəlkə də musiqi və fotoqrafiya xobbi idi, amma yeni texnologiya çıxana qədər işini davam etdirdi. Tamahkarlığı yox idi. 10 nəfərin şəklini çəkirdi, 3-5 adam pul verirdi. Almayanlara aparıb şəkilləri özü verərdi. Maraqlı şəkillər də çəkərdi, qəflətən, xəbərsiz, sonra həmin maraqlı şəkilləri sahiblərinə verəndə insaflılar pulunu ödəyərdi, insafsızlar çəkməyəydin deyə minnət qoyardılar.

 

Hüseyn müəllimin arxivində hətta qonşu kəndlərin əhalisinin xeyli qeyri-adi şəkilləri var.

 

Yaşadığı 94 ildə heç bir insan deyə bilməzdi ki, Söyün müəllim mənim xətrimə dəyib. Qarışqanı belə tapdalamayan adam idi. Bəlkə əvəzsiz desək daha yerinə düşər.

 

İllərlə öz imicini itirmədi, qara kostyum-smokinq, qara şlyapa, qara bığ, bu imic ölən günə qədər qaldı, hətta Leylansız keçən zamanlarda belə bədbinləşmədi, həyata bağlılığı azalmadı, öz adını, imicini, görkəmini dəyişmədi, necə deyərlər, dərdə əyilmədi. O yalnız yaxşı söhbətlərə qarışardı, danışardı, xoş münasibətlər üçün yaxınlaşardı, elə ki mövzu dəyişirdi, kirimişcə oradan uzaqlaşardı.

 

Söyün müəllim heç bir yas yerinə getməzdi, əlbəttə, bir dəfə kənddə “öldü” sədası çıxan, hətta qəbir yeri də qazılan və sonradan həyata qayıdan bir insanın yəqin bunu əsaslandıracaq fikri vardı. Onu heç ondan soruşmadılar və o da səbirli, hər adamla mübahisə edib əsəb xərcləyən adam deyildi, amma mən əminəm ki, onun yas yerindən yayınmağının əsası elə mən düşünən idi. Çox toylarda şəkillər çəkərdi, çox vaxt haqqının az faizini alardı.

 

Bu gün uşaqlarımızın hər addımı üçün narahat oluruq, uşaq gözümüzün qarşısında olsa belə pislərə qoşular, əməli azar deyə nə qədər narahatlıq edirik. Söyün müəllim beş oğul böyütdü. Leylan müəllim həm işlədi, həm iki otaqda beş uşaq böyütdü, o uşaqlar bir dəfə o odun peçinə dəymədilər, bir dəfə bir-birinin qolunu sındırmadılar, orta məktəbi bitirib valideynin indi gedin öz ayağınız üstə dayanın deməsiylə Xarkov şəhərinə üz tutdular. Təhsil aldılar, işlədilər, evləndilər, bu gün beşi də nəvə, nəticə sahibidilər. Heç biri nə pis yola düşdü, nə oğru oldu, nə əyri. Deməli tərbiyə mənbəyi düz istiqamətlənmişdi. O böyük imarətlərin səhv xətti cinayətə aparır, nəinki Söyün müəllimin yeddi nəfərin yerləşdiyi mənən böyük əsl insanlıq iqmətgahı. Söyün müəllim də Leylan müəllim kimi elə xəstə yatmadı. Bir neçə gün artıq özümü yaxşı hiss etmirəm dedi.

 

Amma çox fikirli, qəmgin imiş. Oğlanlarına xəbər ediblər. Onlar gələndə gümrahlaşıb, sanki hər şey keçdi kimi. Onlar qayıdandan sonra qonşuya deyib ki, “elə yaxşıyam, elə yaxşıyam, heç belə yaxşı olmamışdım. Elə bil üstümdən dağ götürülüb”. Bu danşıqdan iki saat sonra həqiqətən də çox nadir, bəlkə də yeganə olan həyat tərzini yaşamış bu unikal insan sevdiyi, sevgisiylə gözəlləşdirməyə çalışdığı həyatla əbədi vidalaşdı. Ölməmişdən qabaq sevimli tarını nəticəsi Hüseynə hədiyyə etmişdi.

 

Bu mənim Söyün müəllim haqqında deyəcəklərimin çox az bir hissəsidir. Doğrudan da o çox fərqli, nadir bir insan idi. Ölümə meydan oxudu, özü seçdiyi yolla qalib gəlməyi bacardı.

 

Esmira ƏLƏKBƏRLİ