İslam o qədər böyük məna kəsb edən bir sahə ki, ona din, cərəyan, yol deməyi çox cüzi bilirəm. İslam böyük bir fəlsəfə, hər cümləsi, ayini, qanunu, qaydası bir elmdir. 1400 illik bir zaman onun qaydalarını dəyişdirmədi, təkminləşdirmədi, amma hər cümləsinin hikməti hikmət olaraq qaldı.

 

Mən dinşünas olmasam da, özümçün araşdırmaçı olaraq islamın möcüzələrindən riqqətə gəlirəm. Hansı ki, yüzillər öncə elmin belə açmadığı qapılardan öncə ipucu verən qaydaları, xəbərdarlıqları ilə təəccüb yaradır. Bu haqda çox yazılıb, danışılıb. Mən də bu gün yaşadığımız Ramazan ayının möcüzəsini bir fizioloq kimi sizin üçün açmağa çalışacam. Əlbəttə, kamil olmasa da elmin dediyini sadə dillə sizə çatdıracam.

 

Ramazana iki yönümdən yanaşılır. Birincisi, nəfsin gücü sınağa çəkilir və bizə anlatmağa çalışılır ki, minlərlə ac insanlar var, onları ən azından anlaya bilək. İkincisi, Məhəmməd peyğənbər buyurub ki, oruc tut, sağlam ol! Oruc sağlam olmaq üçün tutulur.

 

Etiraf edək ki, əksəriyyət orucun və Ramazanın sadaladığım birinci səbəbini anlasalar da, ikincinin fərqində deyillər. Ən pisi, bəlkə də utanc tərəfi də odur ki, kimlərsə Allaha rüşvət kimi “niyətim yerinə yetsin” arzusuyla, bir qismi də arıqlamaq üçün oruc tuturlar (Onu da deyim ki, oruc zamanı orqanizmdə su balansı itir, nəticədə çəki düşür. Yəni müvəqqəti az çəki hüceyrələrdəki su çatışmazlığındandır).

 

İndi gəlin 30 gündə orqanizmdə nələrin baş veridiyini nəzərdən keçirək. Bir ömür orqanizm dayanmadan çalışır, hətta biz yuxuda olarkən belə çalışan orqanlar Ramazanda dincəlməyə vaxt istəyir. Yediyimiz qidaların vicdana sığmayan tərkibi orqanlara elə dağ çəkir ki, yazılması belə çətindir. Bax, həmin qidaların həzmi zamanı qaraciyər, öd, dalaq, böyrək bizi qorumaq üçün nələrə qatlanmır, damarların divarı çaydan ərpi kimi xolesterindən qurum bağlayır, mədə-bağırsaq anormal qidalarımızdan şlaq deyilən yığıntılardan “nəfəs” ala bilmir. Bax, bizim müqəddəs Ramazanımız 30 günün hər günü bir yeniliyi ilə Allahın bəndəsinə bir töhvəsidir.

 

Səbəbi tapılmayan baş ağrıları. Heç fərqində deyilik ki, çarə orucla ola bilər. Bayaq dediyim qidaların çətin həzmi zamanı (sanki avtomobilə kerosin tökürlər ki, işlə) bütün daxili orqanlar gücləndirilmiş rejimdə çalışırlar, qan dövranı da ciddi rejimdə işləyən orqanlara qan aparır, nəticədə beyinə qan lazım olan qədər çatmır və baş ağrıları xroniki ağrılar halında bizimlə yoldaş olur. Oruc zamanı orqanizmdə həzm olmayan vaxtı beyin rahatlıqla lazım olan qaydada qanla qidalanır və tədricən ağrılar kəsir.

 

Şiş hüceyrələrinin məhvi. Normal orqanizmdə daim hüceyrələr bölünür, yenilənir, qocalıb sıradan çıxır, anormal halda isə köhnə hüceyrələr bölünüb məhv olmadıqda zamanla böyüyür və şişlər əmələ gəlir, 15-16 saat ac qalan orqanizmdə gənc hüceyrələr öz aralarında lazımsız şiş hüceyrələrinə çevrilmək istəyən hüceyrələri parçalayıb məhv edirlər. Beləliklə, əmələ gələcək şiş hüceyrələri yerindəcə məhv olurlar.

 

Mədə-bağırsağın təmizlənməsi. Mədədə turşuluq, səpkilər və s. səbəblərdən ağrılar olur. Oruc zamanı ilk bir-iki gün ərzində yüngül ağrılar olsa da sonra keçir və mədə ilk günlər qidalanma vaxtı çatanda şirə ifraz etsə də, sonra beyin ona siqnal çatdırır ki, yemək yoxdur. Artıq şirə olmur və mədə divarı tədricən ay ərzində təzələnir. Bərpa olmuş mədə divarında qastritlər, poliplər və s. olmur və sağlam mədə qişası da sağlam şirə ilə yenidən bərpa olmuş olur.

 

Şlaqlardan təmizlənmə. Bir quzunu bir dəfəyə yeyən Koroğlu, üstündən də bulaq suyu içib Misri qılıncı və Qır atıyla döyüşə gedərdi (bir növ qida və hərəkət). Bugünkü qidalarımız elə qarışıqdır ki, mədə-bağırsaq bilmir hansı tərkib üçün hansı ferment yollasın. Nəticədə bağırsaq divarı qarınqarta kimi çöküntü – şlaq yığını ilə dolur. Oruc zamanı boş qalan bağırsaq sanki silkinir. Özünü müdafiə kimi şlaqlardan azad olur. Dəridəki ləkələr, sızanaqlar həmin şlaqların fəsadıdır. 30 gün ərzində tədricən orqanizm bu zibil yığınından azad olur.

 

Qaraciyərin təmizlənməsi. Koroğlu ona görə Koroğlu idi ki, bir növ yemək yeyirdi. Yəqin ki, Koroğluda bugünkü mövcud daxili orqan xəstəlikləri də olmazmış. Qarışıq qidaların “ləzzəti” illərin dərmanla yoldaşlığına gətirib çıxarır. Kimsə düşünmür ki, hər ağzımıza aldığımız tikənin analizi qaraciyərdən keçir. Ayırıb seçir, ödə yollayır və s. Sinirsiz orqan olan qaraciyər son ana qədər dərdini hiss etdirə də bilmir. Ramazan əsl qaraciyərin bayramıdır. Çünki 15-16 saat yeni işi olmayan bu cəfakeş keşikçimiz yığılıb qalan xolesterini, zərərli maddələri bir ay ərzində asta-asta təmizləyir. İldə bir dəfə qaraciyərin təmizlənməsi orqanizmin yenilənməsi deməkdir.

 

Ödün boşalması. Qaraciyərin öd kisəsinə yolladığı zərərli maddələr tədricən 12 barmaq bağırsağa tökülür, oruc zamanı bu orqana da yeni yük gəlmədiyi zamanı az-az öz kisəsini boşaldaraq orqanizmə bir yüngüllük gətirir, zəhərdən azad olur. Bax, bu səbəbdən Ramazandan sonra dərinin rəngində bir açılma, xoş nuranilik əmələ gəlir.

 

Təzyiq yaradan səbəb. Əlbəttə, müasir tibb yalnız nəticəni müalicə edir. Heç səbəbi müalicə edən görmədim. Bütün xəstəliklərin mütləq bir səbəbi var. Arterial təzyiqi də yaradan səbəblər olmasına rəğmən təzyiq salan dərmanla endirirlər, vəssalam.

 

Qatılaşan qan. Xolesterinlə zəngiləşən qan qaraciyəri, dalağı narahat etdiyi kimi (kerosinə dönmüş kimi) damarlarla da çətin gedir. Davamlı orucda, yəni 5-7 gün yox, tam 30 gün ərzində orqanizmin təkrar emalında damarlar da, qanın tərkibi də saflaşır. İmmun hüceyrələr lazımsızları məhv etməklə qanı da duruldurlar. Nəticədə təzyiq sabitləşir. Oruc tutma il ərzində təkrarlanarsa bu, təzyiqə son deməkdir.

 

Böyrəklərin təmizlənməsi. Su orqanizm üçün əvəzsizdir. Hüceyrələrdə su çatışmazlığı dözülməz. Oruc zamanı əsas, su balansı qorunmalıdır. Maye azlığı da böyrəyə imkan verir ki, bu istirahət ayında özünü yeniləsin. Bəli, nəticə etibarı ilə böyrək də özünü bərpa edir. “Boşluqdan” lazımsız kristalları ehtiyat maye ilə parçalayır.

 

Piylərin parçalanması. Oruc zamanı tükənən enerjini orqanizm piy qatını parçalamaqla alır. Həmçinin piyin parçalanmasında su da ayrılır axı (dəvənin hürgücünü yada salaq). Həmçinin piyin parçalanmasından qlükoza da alınır (qlükogen və qlükoza çevrilmələri).

 

Şəkər xəstələri üçün çarə. İnanılmaz izahatla diabetlilər üçün çarə imiş oruc. Mədəaltı vəz düzgün işləmədikdə onun ifraz etdiyi insulin düzgün sorulmur və qanda şəkərin miqdarı çatmır. Oruc zamanı isə 6-8 saat ac qalan orqanizm əvvəl təlatüm yaradır, sonra ehtiyatdan karbohidratı – qlükozanı emal edir və yoluna düşür. Əgər oruc tutmazdan əvvəl və sonra xolesterin və şəkər analizi verilsə, orucdan sondakı möcüzənin şahidi olmaq olar.

 

Sərbəst radikallar. Sərbəst radikallar elə bir atom yığınıdır ki, onların başına fırlanan elektronları tamamlanmır. Ona görə də orqanizmdə əmələ gəldikdə sağlam hüceyrələrə hücum edərək onları parçalayır, mənimsəyir. Ramazanda özünü yeniləyən orqanizmdə maddələr mübadiləsi güclənir. Bu zaman immunitet artır və sərbəst radikalların əmələ gəlməsinin qarşısı alınır.

 

Follikul stimulu. Hər bir orqan haqqında o qədər geniş yazmaq olar ki... Məqalə formatını nəzərə alaraq son olaraq öz qənaətimi də qeyd edim. Mollalar övladı olmayan qadınlara hər ay 7 gün oruc tutun deyərmiş. Məntiqi açıqlaması isə hər bir yumurta hüceyrənin ömrünü nəzərə alsaq, deməli, bu da bir növ stimul imiş.

 

Dieta üçün tutulan aclıq Ramazan aclığından fərqlənir. Ramazanda 16 saat ac qalırsan və yuxarıdakı proseslər öz axarıyla ay ərzində davam edir. Xatırladım ki, bir neçə gün olan oruclarda bu proseslər getmir. Ramazanda ilk həftədə mədə-bağırsaqda təmizlənmə gedir, 15 gün sonra toxuma və mübadilə səviyyəsində təmizlənmələr gedir.

 

Görün dinimizin nə gözəl əhatəli, elmi, sağlıqlı, nümunəvi qaydaları var. Kaş ki hamımız bu qaydalara əməl edib cənnəti elə bu dünyada yaradaydıq.

 

Allah orucunuzu qəbul etsin! Ramazan bayramınız mübarək! Dünyamızda açıq səma olsun! Hamımızın sonu kimliyimizdən asılı olmayaraq bir olan yolumuzda mərhəmətli və vicdanlı İNSAN olmağı arzu  edərdim! Amin!

 

Esmira ƏLƏKBƏRLİ

Marneuli rayonu Qaçağan 2 saylı ictimai məktəbin kimya-biologiya müəllimi