Geyim parçadan və müxtəlif materiallardan hazırlanan, insan bədəninin müxtəlif hissələrini örtmək üçün istifadə edilən bədən örtüyüdür. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlərdən istifadə edilməyə başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyimin həcmi və növü cinsiyyət, bədən quruluşu, sosial və coğrafi mülahizələrdən asılıdır.
Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu, zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həm də ultrabənövşəyi şüalanmadan qorunmanı təmin edir.
Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər.
Buraya qədər olanı aydındır. Sosial şəbəkədə də axtarış verdiyiniz zaman ilk başlarda elə bu yazı ilə də qarşılaşa bilərsiniz. Bir də, el arasında dediyimiz namus məsələsidir geyim. Nənə-babalarımız həmişə düzgün geyimli birini gördükdə abırlı, həyalı geyinib deyərdilər.
İslama görə isə geyim və bəzək əşyalarının Allah tərəfindən insanlığa bəxş edilmiş bir nemət olduğu qəbul edilmişdir. Bu neməti yalnız insanlara xas etməklə uca Allah onların dəyərini daha da artırmışdır. Bu haqda Qurani-Kərimdə belə buyurulmuşdur: “Ey Adəm övladları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız” (Əl-Əraf, 26).
Bir də, bunlardan əlavə, bəzi bölgələrə, millətlərə xas olan geyim növləri vardır ki, bunların da demək olar ki, əksəriyyəti doğru-düzgün geyimlərdir. Çünki bu geyimlər o bölgəni, milləti və oradakı adət-ənənəni təbliğ edən, tanıdan geyimlərdir.
Gəlin bir də bu gün geyinilən, moda deyərək geyinməkdən çox soyunmağı təbliğ edən paltarlara baxaq. Cəmiyyətimizdə bir çoxları cəmi bir neçə ay əvvəl bəh-bəhlə aldığı paltarı bəyənməyərək moda deyib gedib ondan da pis vəziyyətdə olan bir geyimə yüzlərlə pul xərcləyirlər.
Son zamanlarda isə bu vəziyyət daha da acınacaqlı hal almağa başlamışdır. Hərdən adam durub düşünür ki, görəsən bu gənclər bu cür geyinib küçəyə çıxanda valideynləri nə düşünürlər?
Bilirəm, indi bir çoxunuz da məni qınayacaqsınız ki, sən hansı dövrdə qalmısan, artıq müasir dövrdür. Mən də cavab verirəm ki, müasirlik soyunmaqla yox, ədəblə, əxlaqla, elmlə, irfanla və düzgün istiqamətlə olmalıdır.
Bu yerdə Türkiyənin dahi şairlərindən Mehmet Akif Ersoyun “Kim demiş” şeirindən bu iki misra yadıma düşür:
Eğer medeniyet açıp saçmaksa bedeni;
Desenize hayvanlar bizden daha medeni!
Hacı BƏKİROĞLU