Həmin il Miçiqan ştatının Detroyt şəhərində şeytana heykəl qoyulduğu barədə söz-söhbət gəzirdi. Heykəllə şəkil çəkdirmək həvəsində olanların sayı da az deyilmiş. Amma heykəllə şəkil çəkdirmək üçün də nə az, nə çox, düz yetmiş beş dollar məbləğ ödəmək lazım imiş. Bütün bunlar da “inanc azadlığını müdafiə etmək” adı altında baş verirdi.

 

Həmin xəbərlər ona görə az qala bütün təfərrüatları ilə yadımda qalıb ki, bu Detroyt deyilən şəhər coğrafiyadan yaxşı yadımda qalan beş göldən ibarət Böyük göllər hövzəsində yerləşir. 2015-ci ildə də “dizayn şəhər” elan edilib. Üstəlik də Dubayla qardaşlaşmış şəhərdir. “Dizayn şəhər” adı UNESCO tərəfindən verilir və çox arzulayırdım ki, kaş günlərin bir günü Batumi şəhəri də bu ada layiq görülə. Çünki Mirzə Qələm Batumini çox öyürdü, çox təriflər yağdırırdı. Özü də təkcə məhəbbət aşiqləri Əli ilə Ninoya heykəl qoyulduğuna görə yox... Onun tövsiyəsi ilə mən də –  dostlarla birlikdə – çırpınan, döyünən Qara dənizin sahillərində oldum və hamımız da səfərdən məmnun qaldıq.

 

Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...

 

Heç bir ay keçməmiş – Detroytdan bu qədər uzaqlarda – xəbər çıxdı ki, bəs deməzsənmi, Mirzə Qələm şeytanla şəkil çəkdirib. Əhvalat da şeytanağacının altında baş veribmiş.

 

Şeytanağacının – elmi dildə: Gleditsia –  iri meyvələri indi içində olduğumuz sentyabr ayında yetişir və bütün qışı da budaqlardan asılı şəkildə qalır: yəni, sanki dara çəkilmiş vəziyyətdə! Mirzə Qələm də nəsli kəsilməyə həssas olan Xəzər şeytanağacını (lat. Gleditsia caspica) araşdırmaq üçün Lənkəran tərəflərdə ezamiyyətdə idi.

 

Yeri gəlmişkən, “şeytanağacı” adı müxtəlif xalqlarda müxtəlif ağaclara verilmişdir. Məsələn, uzaq Afrikada baobab ağacının bir neçə vətənində (tutaq ki, Madaqaskarda və Anqolada) yerlilər baobabı “şeytanağacı” adlandırırlar. Hesab edirlər ki, şeytan bir zamanlar bu ağacın budaqları altında gizləndiyinə görə, Yaradan ağacı cəzalandırmış və onu “başıaşağı” çevirmişdir.

 

Mirzə Qələmin şeytanla şəkil çəkdirdiyini eşidən kimi dünyada ilk dəfə fototəsvir alan Jozef Nyepi, bu unudulmaz fransızı xatırladım. İlk fotoşəklin əldə edilməsi böyük zəfər, yaxşı yaradıcılıq sayılsa da alimi fikrimdə məzəmmət eləməyə başladım: “Rəhmətliyin oğlu, axı neyləyirdin bu “işıqla yazmağı”, bu fotoqrafiya sənətini? Elə ki, gizlin-pünhan bir iş tutmaq istəyirsən, bir anın içində “məşhuri-cahan” olursan. Yoxsa elə bilirdin ilk çəkdiyin şəkillə, yəni “Pəncərədən La-Qrassın mənzərəsi” ilə bu iş buradaca bitəcəkdir? Adəm və Həvvanı qadağan edilmiş ağacın barını yeməyə həvəsləndirən şeytanla, şərin ilkin səbəbi şeytanla Mirzə Qələm əhvalatını ellə bir eləyən sənin tapdığın üsul olmadımı?

 

Amma M.V.Vidadinin:

 

Vidadi xəstəni gəl indi tanı,

Hanı o sən görən şəkli, nişanı? –

 

misralarını da xatırlayan kimi kövrəlib yumşaldım: axı şəkillər olmasaydı necə xatırlayardıq?..

 

Qalır Mirzə Qələm. Onun da qarasınca az asıb-kəsmədim: “Qardaş, get xan çinarın altında şəkil çəkdir, nar, heyva, alma ağacı altında self elə. Bu şeytanağacı sənəmi qalmışdı axı? Sən ki, az qala şeytana belə, papış tikənlərdən sayılırdın. Şərə baş əyənlər, nahaqqa sitayiş edənlər hara, sən hara? Bu mövhum varlıq səninləmi gerçək oldu elə?

 

Burasını da deyim ki, Mizə Qələm Dərman bitkiləri və Qadın azadlığı mövzularında yazan öncül yazarlarımızdandır. Ana dilimiz haralarda işləkdirsə, oraları da vətəni sayır. Günaha yazmasınlar: indi burada gətirdiyim iki sitatı da ilk dəfə onun qeyd dəftərçəsindən oxumuşam:

 

Qadını gözəl yaradan Tanrıdır, sevimli edənsə şeytan.

(V.Hüqo)

Gecə – ulduzları və qadınları gözəl göstərir.

                                                                  (С.Bayron)

 

...Aradan bir neçə həftə keçdi. Mirzə Qələm ezamiyyətdən qayıdıb gəldi. Məktəbdə görüşdük. Dərman bitkiləri və qadın azadlığı carçısı özünün həyat şüarına çevirdiyi bircə misra ilə toz basmış auranı dəyişməyə çalışdı:

 

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!..

 

P.S.

 

Şeytanla şəkil çəkdirmək əhvalatına gəlincə, sən demə, Azərbaycan səfəri daha bərəkətli olsun deyə Mirzə Qələm Vaqif Bayatlının “Torpağım da qısqanacaq”, “Bir yarpaq göyüzü yaşar”, “Güllü xəncər”, “Qaranlıqdan çıxan adam”, “Yanıq kamança”, “Uzun güzgü qabağında” (və daha yeddi şeir) əsasında sənədli film üçün yazdığı ssenarini rejissor başda olmaqla yaradıcı heyətə oxuyurmuş.

 

Bu mənzərəni də yozub-düzüb “şeytanla şəkil çəkdirmək” kimi qələmə verməyə çalışanlar tapılıb. Qələm sahibini qələmə vermək, ömür verdiyi qələmlə dağ-dağ eləmək eləmi çətindir! Hesaba alanda ki, indi doğrudan çox yalana, həqiqətdən artıq uydurmalara inananlar peyda olub...

 

və son olaraq...

 

Vaqif bəyin “Qaranlıqdan çıxan adam” şeirində belədir:

 

Çək apar məni,

şeytan cildində mələk!

Sevgisiz ömürdən

min dəfə şirindir

bir gözəl şeytana

aldanıb ölmək!

 

Hekayətin canı bəlkə də elə buralarda imiş...

İBRAHİMXƏLİL