Son zamanlar bu mövzu şəxsən məni çox narahat edir. Şəxsimi cəmiyyətin bir hissəsi olaraq gördüyüm üçün belə səhnələri görmək məni kədərləndirir. Necə ola bilər ki, bir canlının zülm gördüyü səhnə başqalarına əyləncə kimi gəlsin?

 

Bunun olması insanlığın kədərini artırmaqdadır.

 

Yolda gedərkən küçə heyvanlarına işgəncə edərək gülüb qəhqəhə atanlardanmı deyim, bunu çəkib sosial şəbəkələrə yayanlarımı deyim, videonu izləyənlərin üzünün təbəssümünümü deyim? İki insanın bir-birinə zülm verməsini üçüncü şəxslərin əyləncə ilə izlədiyinimi deyim?

 

İnsan olaraq insanlığımıza yaraşmayan davranışlardan son dərəcə qaçmalı və başqalarını da bundan çəkindirməli deyilikmi biz? Bəs nə oldu bizə?

 

Dünyanın aldadıcı gözəlliyi gözlərimizin önünə bir pərdə kimi çəkildi, biz insanlar həqiqəti görməyəcək qədər kor olduq. Bəzən də gördük, ancaq susacaq qədər lal olduq.

 

İnsanoğlunu qurtaracaq əhəmiyyətli amillərdən birisi də düşünməkdir, düşünərək davranmaqdır. Bilmirəm səbəb nədir, ancaq bir qisim insanların düşünməyi kənara qoyaraq, beynini yuxu rejiminə alaraq yaşadıqlarının şahidi oluruq. Düşünmək zərərli deyil ki, əksinə düşünməmək zərərlidir, həm də elə bir zərəri var ki, həm bu günümüzü, həm sabahımızı təsir altına almaq qədər zərərlidir.

 

İnsanlığın xilası düşüncədə gizlidir. Yaradılmış bütün məxluqatdan bizi üstün edən də elə məhz düşünmə, qərar vermə qabiliyyətimiz deyilmi?

 

Biz bu qabiliyyəti kənara qoyaraq, yoxmuş kimi yaşayaraq bizi üstün edən o amili aradan çıxarırıq və yaradılmış heyvanlar aləmindən fərqsiz hala gəlirik. Bunu bizə kimsə etmir, bunu biz özümüz özümüzə edirik.

 

Düzdür, insanlardan daha etibarlı olan heyvanlar aləmi mənsublarını da burada nəzərdən kənarda saxlamamalıyıq.

 

Bizlərə verilən bu mükəmməl lütfü biz gözardı etməməliyik. Bu lütfdən istifadə edək ki, bugünümüz və sabahımız daha gözəl və yaşanılacaq bir mühit halına gəlsin.

 

Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri